Rusiya XIN keçmiş müavini: “İran əsas regional güc olmağa çalışır” - MÜSAHİBƏ

Andrey Fyodorov: "Yaxın gələcəkdə Tehranın regionda vəziyyəti gərginləşdirmək üçün təxribata əl atacağı ehtimalı yüksəkdir, Azərbaycan səbrli və diqqətli olmaldır"

Azərbaycan və İran arasında növbəti böhranın arxasında nə dayanır və ümumi beynəlxalq vəziyyətlə necə bağlıdır – “Moskva-Baku” portalına müsahibəsində Rusiyanın keçmiş xarici işlər nazirinin müavini (1990-1991) Andrey Fyodorov prosesi təhlil edib. Müsahibəni oxucularımza təqdim edirik.

- Andrey Vladimiroviç, Azərbaycan və İran münasibətləri növbəti böhran dövrünü yaşayır. 2021-ci ildə İbrahim Rəisinin İslam Respublikasında hakimiyyətə gəlməsi ilə Azərbaycan-İran münasibətlərində böhranlar hər an alovlanır. Amma indi baş verənlər ziddiyyətlərin dolaşıqlığına bənzəyir. Bir tərəfdən, İran açıq-aşkar Azərbaycana nəsə göstərmək istəyir, digər tərəfdən, elə bu yaxınlarda, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumdan əvvəl İranın xarici işlər naziri bildirib ki, Azərbaycanla əlaqələri gücləndirmək və inkişaf etdirmək lazımdır. Bunun fonunda Moskva ilə Tehranın da intensiv yaxınlaşması var. Moskvanı, Bakını, Tehranı müştərək layihələr birləşdirir ki, biz burada və indi işləməliyik. Tehranla Bakı arasındakı münaqişənin əsasında nə dayanır?

- Hələlik, Azərbaycanla İran arasında münasibətlərdə həddindən artıq problem görmürəm. İranın davranış tərzi onun, sadəcə olaraq, küncə sıxışdırılması ilə bağlıdır. Bu gün bu mövzunu ekspertlərlə müzakirə etdik. Nəhayət, məlum oldu ki, nüvə sazişi üzrə razılaşmaların əldə olunması imkanları sıfıra endirilib. İranın bu davranışının arxasında duran əsas amil də budur. Mən Tehranın iqtisadi inkişafı üçün hansı böyük planlar hazırladığını bilirəm, çünki İran hakimiyyəti hələ də JCPOA üzrə yenilənmiş razılaşma əldə etməyə ümid edirdi. Və buna nail olmaq artıq mümkün olmayacaq. Beləliklə, İranın gələcəklə bağlı bütün planları bir zərbə ilə kəsilir.

Buna İranda vəhşi qıcıq yaradan Netanyahunun İsraildə hakimiyyətə qayıdışı da əlavə edilib. Mübarizə edilməli düşmən kimi görünür.

Bundan əlavə, İran Türkiyənin bölgədə artan təsirindən son dərəcə narahatdır. Burada Suriya faktorunun da olduğunu unutmaq olmaz. İran Suriyada Rusiyanı faktiki olaraq tamamilə əvəz edib. İranın Əsədə dəstəyi azalmayıb. Türkiyə Suriyada yeni hərbi əməliyyatlara başlayarsa, Türkiyəni cilovlamaq üçün öz qoşunlarını təmin etməyə hazır olan ölkə İrandır. İndi bir çox ölkələr kimi İran da Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərinin nəticələrini gözləyəcək.

2021-ci ildə Rəisinin İranda hakimiyyətə gəlməsi ilə Tehran İranın regionda və dünyada təsirini genişləndirmək konsepsiyasını həyata keçirməyə başladı. İran kifayət qədər müddət ərzində müxtəlif səbəblərdən bu istiqamətdə kəskin regional addımlar atmaqdan çəkindi. Rəisinin gəlişi ilə belə bir fikir formalaşdı ki, İran ciddi oyunçunun yerini tutmalıdır və ciddi oyunçu siyasəti çox vaxt ətrafdakılarla sülh, sevgi, dostluq demək deyil (hətta İran müntəzəm olaraq bu barədə danışsa belə), lakin öz nöqteyi-nəzərini başqalarına öz iradəsini təlqin edir. Bu, İranın bu gün reallaşdırmağa çalışdığı ciddi oyunçu roludur.

Göstərilən bütün faktorlara əsaslansaq, bütün planları iflasa uğrayan və küncə sıxışdırılan İranın öz siyasətini kökündən fərqli şəkildə quracağı göz qabağındadır. O, özünü başqa cür aparacaq- həm regionda, həm Qafqazda, həm də hər yerdə. Artıq heç nədən qorxmur. Onun üçün işlər daha da pisləşə bilməzdi. Qərb diplomatlarından biri mənə açıq şəkildə dedi: “İndiki vəziyyət bizə İranı dünya siyasətindən tamamilə “söndürmək” imkanı verəcək”. İran isə bunu çox gözəl anlayır. İran bir çox cəhətdən azaddır. Bundan əvvəl Tehran iki ildir ki, indi JCPOA üzrə razılaşma üçün son şans olduğuna ümid edirdi. Və sonda alınmadı. Altı ay əvvəl İranın gördüyü mənzərə getdi. Bu vəziyyət daha olmayacaq. İranın artıq illüziyaları yoxdur. İranın müəyyən qəzəbi var. Artıq bu, özünü saxlayan İran deyil. İndi o “dişləyə” bilər.

Yaxın gələcəkdə İranın regionda vəziyyəti gərginləşdirmək üçün təxribata əl atacağı ehtimalı yüksəkdir. Çünki bu, ona siyasi fayda gətirəcək- yəni ilk növbədə, İsrailin zəifləməsi. İndi düşünürəm ki, keçmişdən fərqli olaraq, İran İsraillə münaqişəyə hazırdır. Qələbə olmasa belə. Ancaq yenə də ona çox şey verəcəkdir. İsraili zəiflətmək həmişə İranın tarixi məqsədi olub. Üstəlik, iranlılar başa düşürlər ki, bu gün onların imkanları var- ABŞ-ın prezident seçkilərinə hazırlığı kontekstində onun İsrailə kömək etmək imkanları daha az olacaq.

Ona görə də yaxın bir-iki ay ərzində İran özünü daha radikal aparmağa və hamı üçün daha da ziddiyyətli olmağa başlaya bilər. Bu gün İrana bir az fərqli baxmaq lazımdır, bu, hətta bir neçə ay əvvəlki İran deyil.

Bütün bunlar təbii ki, bu gün dünyada gedən proseslər çərçivəsində nəzərdən keçirilməlidir. Bu, ümumi vəziyyətdir. Burada sırf regional aspekt yoxdur.

- Bəs bütün bunlar indi eyni beynəlxalq vəziyyət fonunda Rusiya ilə İran arasında əməkdaşlığın sıxlaşmasına necə uyğun gəlir? Bəs Rusiya necə hərəkət edəcək?

- Normal uyğun gəlir. Bu gün İranın silah ala biləcəyi yeganə ölkə Rusiyadır. Sanksiyalar ətrafında neft ticarətinə kömək edə biləcək yeganə ölkə Rusiyadır. Xəzər dənizi üzərindən İran vasitəsilə Hindistana nəqliyyat dəhlizinin həyata keçirilməsinə kömək edə biləcək yeganə ölkə Rusiyadır.

Düzünü desəm, Rusiya İran üçün indiki vəziyyətə heç də uyğun deyil. Bizim əsas problemimiz Ukraynadır.

- Azərbaycanın İrandakı səfirliyinə hücumun səbəbi nə ola bilər?

- Mən hələ ki, bu vəziyyəti siyasiləşdirməzdim və geosiyasi deyil, etno-milli müstəvidə yazardım. Məlum olduğu kimi, İranla Azərbaycan arasında bəzi qüvvələrin istifadə edə biləcəyi tarixi iddialar da var. Amma ümumən, dediyim kimi, İrandan gələn bütün neqativ hallar konkret olaraq Cənubi Qafqazda onun Türkiyənin regionda güclənməsini bəyənməməsi ilə bağlıdır.

- 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi başa çatanda Rusiya Cənubi Qafqazda və onun hüdudlarından kənarda daha geniş dinc əməkdaşlıq üçün imkanlar açdı. Onda belə bir konsepsiyanın həyata keçirilməsinin ciddi problemlərlə üzləşməyəcəyi görünürdü. Axı Rusiya, Azərbaycan və İranın hər şeyi götürüb ləğv edəcək çoxlu ortaq layihələri var. Nəticədə, belə bir dinc konsepsiya dağılmağa başlayır...

- Bu konsepsiyanı heç kim ləğv etməyib. Amma indi işləmir. Yeni reallıqlar meydana çıxdı və əvvəllər düşünülmüş hər şey çökməyə başladı. Bölgədə hər kəs öz maraqlarını güdür. Ukraynada və dünyada baş verən hadisələr prosesə çox ciddi düzəlişlər etdi.

- Bu yaxınlarda İranın xarici işlər naziri bildirib ki, Tehran Azərbaycanla münasibətləri intensiv şəkildə gücləndirmək niyyətindədir. Şox keçməmiş səfirliyə hücum oldu. Çox ziddiyyətli haldır...

- Heç də çox ziddiyyətli deyil. Müsbət bəyanatlar normal diplomatiyadır. Kim deyəcək ki, biz pis münasibət istəyirik. Sadəcə, bəyanatlar və təcrübə iki fərqli şeydir.

- Ermənistan xarici işlər nazirinin müavini bildirib ki, ötən il Azərbaycanla Ermənistan arasında eskalasiya raundları olanda İran erməni tərəfinə kömək edib. Unutmaq olmaz ki, İran Zəngəzur dəhlizinin reallaşmasında maraqlı olmadığına dair siqnallar verib. Belə misalları daha çox göstərmək olar. Görünən odur ki, Rəisinin dövründə İranla Ermənistan arasında münasibətlər daha da yaxınlaşıb, İranla Azərbaycan arasında isə əksinə, mürəkkəbləşib.

- Regional güc olmaq istəyirsənsə, başqalarına göstərmək lazımdır ki, beləsən. Beləliklə, İran Azərbaycana impulslar göndərdi... İran yeni nəqliyyat mərkəzi olmağa can atırdı.

Azərbaycan və İran münasibətlərin gərginləşəndə Ermənistan bunu çox xoşlayır. Təbiidir. Bəli, Rəisinin hakimiyyətə gəlişi ilə İranla Ermənistanın münasibətləri yaxınlaşdı, İranla Azərbaycan arasındakı əlaqələr isə uzaqlaşdı. Ancaq bunlar hələ də qisməndir.

İran tezliklə özünü regional və qlobal müstəvidə göstərəcək. Bu, İran və İsrail arasında hərbi münaqişə ilə nəticələnə bilər. Və bu, İranın regional liderlik üçün açıq və çox sərt iddiası ilə nəticələnə bilər. Hə dostlar, biz indi hamıdan güclü olacağıq, çünki bizim atom bombamız var və s. Bizimlə olmaq istəyən bizimlə olacaq, kim bizə qarşı olmaq istəmirsə gəlsin. Bu, bir variant olaraq nəzərə alınmalı olan hadisələrin inkişafıdır.

- Yəni, yaxın gələcəkdə Cənubi Qafqazda, Xəzər regionunda sabitlik və konstruktiv əməkdaşlıq gözləməyə dəyməz...

- Problem ondadır ki, İran indi kəskin şəkildə dəyişə bilər. Cənubi Qafqazda və mümkün olan hər yerdə vəziyyətin sarsıdılmasında maraqlı olanlar hələ də az deyil. Azərbaycan İrana qarşı maksimum səbir göstərməlidir. Bu çox vacibdir. Çünki İslam Respublikasının hərəkətləri nəticəsində genişmiqyaslı regional böhran başlayarsa, o zaman bütün bunlar Yaxın Şərq üçün çox pis başa çatacaq. Azərbaycan isə qərarlarında və yanaşmalarında səbirli və virtuoz olmalıdır. Bildiyimiz kimi, Azərbaycan hər zaman səbirli və konstruktivdir, sözü küləyə atmır. Ancaq indi çox vacib bir vəziyyət gəlir. Daha da diqqətli olmaq lazımdır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə