İKT-nin inkişafı dövlət siyasətinin tərkib hissəsinə çevrilib – TƏHLİL

Ölkənin elmi, iqtisadi və digər sahələrinin, eləcə də dövlət idarəçiliyinin səviyyəsinin göstəricilərindən biri də informasiya və kommunikasiya texnologiyalarının dərəcəsi, səviyyəsi heab olunur. Etiraf etmək lazımdır ki, müasir dünyada ölkələrin rəqabət aparmaq qabiliyyəti həmin ölkələrin məhz informasiya və kommunikasiya texnologiyalarından effektiv istifadə dərəcəsindən asılıdır.

Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində addımların atılması heç də təsadüfi deyil. Məqsəd ölkəmizin dünya ölkələri ilə istənilən sahədə rəqabət qabiliyyətinin daha da yaxşılaşdırılmasıdır. Elə bu səbəbdən informasiya və kommunikasiya texnologiyalarının inkişafı məhz dövlət siyasətinin tərkib hissəsinə çevrilməsi heç də təəccüblü görünmür. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı sahəsində səmərəli addımların atılması məhz ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə gerçəkləşməkdədir.

Heç şübhəsiz ki, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi, eyni ilə bütün dünyada olduğu kimi, ölkəmizdə də ənənəvi iqtisadi sahələrin inkişafında mühüm rol oynayır. Nəzərə almaq lazımdır ki, informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilk növbədə məhsuldarlığın artmasına, rəqiblər üzərində üstünlüyün əldə olunmasına, eləcə də tərəfdaşlarla münasibətlərin daha da möhkəmləndirilməsinə şərait yaradır. Ümumiyyətlə, informasiya texnologiyalarından, informasiya resurslarından fəal, optimal istifadə əlbəttə ki, cəmiyyətin rifahının belə yaxşılaşdırılmasına əsaslı zəmin yaradır. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” hazırlanması da təsadüfi deyildi və burada da məqsəd məhz nəzərdə tutulan işləri sistemli şəkildə, dövrün tələblərinə uyğun olaraq, özü də rəqabət qabiliyyətli şəkildə həyata keçirməkdən ibarət olub və elə həmin strategiya da məhz bu səbəbdən hazırlanıb.

Dövlət başçısının, cənab Prezident İlham Əliyevin rəhbərliyi və müvafiq fərmanları ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Föndu və Yüksək Texnologiyalar Parkının yaradılması belə ölkədə rəqabətədavamlı və yüksək ixrac potensiallı, innovativ informasiya və kommunikasiya texnologiyaları sənayesinin inkişaf etdirilməsi məqsədi daşıyıb. Ölkəmizin iqtisadiyyatının güclənməsinə, xarici investisiyaların daha çox, daha geniş şəkildə cəlb edilməsinə, ələlxüsus informasiya və kommunikasiya texnologiyaları məhsullarının istehsalının genişlənməsinə, yeni yaranan şirkətlərin fəaliyyətinin təşkilinə, innovativ təşəbbüslərə yuxarıda sadaladığımız yeni yaranan qurumların maliyyə dəstəyi, həmçinin təşkilatı dəstəyi təkzibedilməzdir. Xatırladaq ki, elə buna görə də son illərdə informasiya və kommunikasiya texnologiyaları sektorunun iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sahəsinə çevrilməsi heç də təsadüfi deyil.

İnformasiya texnologiyalarının daha geniş yayıldığı ölkələr dünyanın ən qabaqcıl cəmiyyətləri sayılırlar. Dövrümüzdə informasiya kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edib. İnformasiya kommunikasiya texnologiyaları sahəsində mühüm yenilik olan internet olmadan artıq cəmiyyətimizi təsəvvür belə etmək mümkün deyil. İnternetin cəmiyyətin və insanların həyatının ayrılmaz hissəsi olduğunu nəzərə alaraq Azərbaycan dövləti indiyə qədər bu istiqamətdə bir sıra addımlar atıb. Məsələn, 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya, cənab Prezident İlham Əliyevin 21 avqust 2004-cü ildə təsdiq etdiyi "2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı", həmçinin 22 oktyabr 2005-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı", “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “İnformasiya cəmiyyətinin inkişafına dair qəbul edilən bu sənədlər Azərbaycan dövlətinin informasiya və kommunikasiya texnologiyalarının inkişafına diqqətlə yanaşdığını təsdiqləyir.

Xüsusilə qeyd etmək yerinə düşərdi ki, “Elektron Hökumət” hazırda müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə yüksək səviyyədə şərait yaradır. Bu, informasiya cəmiyyətinin formalaşması prosesinin bir təzahürü olaraq get-gedə daha da dərinləşir. Ona görə ki, yeni texnologiyalar meydana çıxır, informasiya resurslarının sayı da, həcmi də artmaqda davam edir. Elə buna görə də insanlar, vətəndaşlarımız informasiya texnologiyalarına daha yaxından bələd olur, onun imkanlarından yararlanırlar və bu səbəbdən də cəsarətlə deyə bilərik ki, Azərbaycanda bu iş tam qənaətbəxş hesab olunur.

Bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırmağa xidmət edən islahata imza atılması, daha dəqiq desək, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin yaradılması bu istiqamətdə görülən işlərin daha çox nəzərə çarpanıdır. ASAN Beynəlxalq Assosiasiyası Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılan təşkilatdır və bu təşkilatın yaradılmasında əsas məqsəd dövlət xidmətləri sahəsində uğurlu təcrübələrin, modellərin təşviqi və hətta digər ölkələrdə də tətbiqidir. Onu da diqqətə çatdıraq ki, cənab Prezident İlham Əliyevin 2009-cu ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə müasir kosmik layihələrin həyata keçirilməsinə Azərbaycanda start verilib və bu da öz növbəsində, xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırıb, eləcə də "Azerspace-1” ölkəmizin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrilib. Hər şeyin, məişətdə, sənayedə və digər sahələrdə istifadə etdiyimiz hər nə varsa, elektronlaşması və internetə çıxış imkanının olması artıq dördüncü sənaye inqilabı deməkdir. Dəyişikliklərin çox sürətli olduğu göz önündədir və əsas məsələ bu dəyişikliklərə uyğunlaşmaqdan ibarətdir və bu prosesdən geri qalmamaq gərəkir. Bunun üçün də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ön planda olmalıdır, necə ki, ölkəmizdə də elə ön plandadır.

Həqiqətən də zaman dəyişib və etiraf edək ki, bir zamanlar silah gücünə həll edilən bəzi məsələlər bu gün informasiyanın köməyi ilə yoluna qoyulur. İnternet həm də getdikcə savaş meydanına çevrilir. İndi hər cür informasiyanı əldə etmək, yaymaq üçün texnologiyanın son uğurlarından istifadə edirik. Ölkəmizin informasiya təhlükəsizliyini təmin edən əsas amillərdən biri, Azərbaycan, onun tarixi, mədəniyyəti, siyasi sistemi haqqında informasiyaları, eləcə də Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıracaq çoxlu sayda yaradılmış veb-saytların və səhifələrin, informasiya resurslarının olmasıdır. Nəzərə almaq lazımdır ki, müharibə bitsə də, 30 illik işğala son qoysaq da, düşmən qarşımızda diz çöksə də, informasiya cəbhəsində müharibə bitməyib və nə vaxt bitəcəyi də bəlli deyil. Deməli, bu günün ən aktual məsələsi məhz informasiya müharibəsinə də hazırlıqlı olmağımızdır. Onu da qeyd edək ki, belə bir şəraitdə Azərbaycanda informasiya cəmiyyətinin formalaşması prosesində ölkənin milli informasiya təhlükəsizliyi sisteminin yaradılması, informasiya fəzasının təhlükəsizliyinin və vətəndaşların informasiya hüquqlarının müdafiəsinin təmin edilməsi informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislər qarşısında duran əsas vəzifələrdəndir.

Həqiqətən də görürük ki, ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti, islahatları, innovativ ideyalara, fikirlərə, inkişafa, tərəqqiyə yol açması, xüsusən də informasiya və kommunikasiya texnologiyaları sahəsinə ayırdığı diqqət, qayğı özünü göstərməkdədir və bu siyasətin həyatımıza yeni nəfəs gətirdiyi günümüzün reallığıdır. Bu reallıq sayəsində Azərbaycan məhz dünyanın inkişaf edən ölkələri sırasındadır. Məhz ölkə rəhbərimizin siyasətinin mərkəzində insan amilinin dayandığı, amalının qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaq olduğu təkzibedilməzdir. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq ölkə rəhbərimizin həqiqətən də həyat fəlsəfəsidir və biz bunu hər addımda görməkdəyik.

Müəllif: İnam Hacıyev

6.3.13. "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə