“Pivə dəsgahı” barının törətdiyi bəlalar - (Novella)

AĞALAR İDRİSOĞLU

Xəzərin sahilindəki "Xəzri" fəhlə şəhəri bir vaxtlar, sovetlərin dövründə gur-gur guruldasa da, burada demək olar işsiz adam olmasa da indi bütün məmləkətdə olduğu kimi bu şəhərdə də vəziyyət heç də yaxşı deyildi. Adamların çoxu işsiz idi. İşi olanların da əmək haqqı elə də yüksək deyildi. Onlar aldıqları pulla öz ailələrini zorla dolandırırdılar. Bir qrup möhtəkirlər şəhəri zəbt eləyib, onun ticarətini, pul gətirən işləri bütövlükdə ələ almışdılar. Haradasa balaca bir köşk qoyub, kiçik bizneslə məşğul olmaq istəyənlərə də memarlıq idarəsində elə qiymət oxuyurdular ki, adamın əli üzündə qalırdı. Əgər zorla gətirib bir kiçik köşk qoysaydın, həmin dəqiqə şəhərsalmanın, memarlığın nümayəndələri polisin işçilərilə başının üstünü elə kəsdirirdilər ki, elə bil Vətən xainisən. Köşkü götürməsəydin, elə həmin dəqiqə səni “qol-qıç” eləyib maşına basır, Polis idarəsinə aparır, köşkü də sındırırdılar, ya da zəbt eləyib, Polis şöbəsinin həyətinə aparırdılar... Bu şəhərdə həyasızlıq o dərəcəyə çatmışdı ki, hətta şəhid ailələrinə, qazilərə belə heç bir şərait yaratmırdılar. Bax, beləcə bu şəhər rəhbərlərinin qoyduğu qanunlara görə onun insanları elə bil məhkum həyatı yaşayırdılar...
Cavanların çoxu işsiz qaldıqlarından vaxtlarını öldürmək üçün, atalarına-analarına xahiş-minnət eləyib, onların pensiyalarından beş-üç manat alıb, barlara, yeməkxanalara üz tuturdular. Orada bir-iki bakal pivə və bir iki ədəd kilkə balığı alıb, özləri üçün laqqırtı vururdular. Beləcə onlar özlərinin cavan ömrünü yandırır və külünü göyə sovururdular. Beləliklə, bu şəhər kimlərinsə düşünülmüş məqsədlərilə günü-gündən alkaşlar, narkomanlar şəhərinə çevrilirdi...
Bu şəhərdəki “Pivə dəsgahı” barının işləri daha “xod” gedirdi. Bu bar şəhər rəhbərliyinin və hətta ondan yuxarıların olduğundan burada pivə, balıq, araq və bütün yeməklər daha ucuz idi. Çünki onlar dövlətə vergi vermirdilər və onlara dəyib-dolaşan da yox idi. Bu bar alman əsirləri tərəfindən köhnə tikili olan dörd mərtəbəli binanın birinci mərtəbəsində yerləşirdi. Bina çox hündür olduğundan, bu birinci mərtəbə də çox hündür idi. Bura çox yaxşı maya buraxılmış və zövqlə düzəlmişdi. Bütün divarlar taxta ilə nəfis şəkildə fiqurlarla işlənmişdi. Tavan isə bər-bəzəkli güzgü idi. İşıqlar elə də çox gur deyildi. Həm ucuzluğuna və həm də yaxşı təmirinə görə bura adamlar daha çox gəlirdi. Bu bar gecə saat ikiyə-üçə kimi işləyirdi. Hər gün də sərxoş adamlar binanın həyətində bir-biri ilə dalaşır və çox biədəb söyüşlər söyürdülər. Binanın sakinlərinin şikayət etmədiyi yer qalmamışdı, amma “Pivə dəsgahı” barının rəhbrliyinə gözün üstündə qaşın var deyən yox idi. Axı bütün şikayət məktubları elə bu barın yiyəsinə gəlirdi. Hətta ən yüksək dairəli yerlərə göndərilən məktublar da...
... Şamil də axırıncı son iki ildə bu bara dadanmışdı. O, işdən çıxandan sonra, evə, arvadının, uşaqlarının yanına getməkdənsə, bu bara gəlib, iki-üç bakal pivə içir və üstündən də 150-200 qram araq içib, sərxoş vəziyyətdə evə gedirdi. Şamil ailəsi ilə kirayədə yaşayırdı. Çünki atasının bir vaxtlar, Sovetlərin dövründə aldığı ev iki otaqlı idi. Bacısı həyat yoldaşından ayrıldığına görə, bir uşağı ilə atasıgildə qalırdı. Onun əri də içkiyə meyilli olduğundan bacısı ərindən ayrılmışdı. Bütün bunları Şamil görsə də hələ də dərk eləyə bilmirdi ki, onun özünün də ailəsinin taleyi artıq uçurumun qarşısındadır. Boşanma körpüsünün bir addımlığındadır... Bütün bunları ona atası, anası, həyat yoldaşı, on yeddi yaşlı oğlu Habil və on altı yaşlı qızı Gülçin desə də onun beyninə batmırdı ki, batmırdı. Həmişə də özünü təmizə çıxarırdı ki, ağır işdən sonra, orada olan haqsızlığa, əsəb gərginliyinə görə içir. Guya bu yolla özünü sakitləşdirir...
Ailənin vəziyyəti günü-gündən ağırlaşır, həyat yoldaşı Zərifə və uşaqları çörək almağa belə pul tapa bilmirdilər. Çünki Şamil hər gün cibində olan-qalan pulu barda pivəyə, kilkə balığa, arağa və siqaretə xərcləyirdi. Şamilin atası Zəfərin, anası Pərinin pensiyaları güclə özlərinin yeməyinə, dərmanlarına çatırdı. Onlar uzun illər müəllim işləsələr də cüzi pensiya alırdılar. Adi bir polis işçisi onlardan iki-üç qat artıq pensiya alırdı. Ona görə də Zəfər müəllim tez-tez əsəbi deyirdi: “Dağılsın belə ölkəni. Qırx beş il müəllim, onun iyirmi ilini məktəb direktoru işləməkdənsə, gedib adi polis işçisi olardım, mən də yaxşı, firavan yaşayardım. Bir ölkədə ki, müəllimin əməyinə adını, soyadını düzgün yaza bilməyən polis serjantının əməyindən az qiymət verilirsə, daha mən nə deyə bilərəm. Dağılsın belə ölkəni, necə ki, dağılır”...
Adını, soyadını sözlərini deyəndən sonra Zəfər müəllim fikirləşirdi ki, axı o da bircə oğluna lazım olan kimi elm öyrədə bilməyib. Savad verə bilməyib. Elə onun öz oğlu Şamil də adını, soyadını və tərcümeyi-halını yazanda çoxlu səhv buraxır. Müəllim, məktəb direktoru işlədiyi qırx beş ildə minlərlə savadlı şagirdlər yetişdirən Zəfər müəllim, Pəri müəllimə vaxt ayırıb, öz oğlanlarının tərbiyəsi, savadı ilə lazım olan kimi məşğul ola bilməmişdilər. Şamil özü kimi savadsız, avara uşaqlara qoşulub, 16-17 yaşından siqaret çəkməyə və sonra da spirtli ikçiyə qurşanmışdı. Daha doğrusu, həmin uşaqlar Şamili şirnikləndirib, atasından, anasından aldığı pulla onları demək olar ki, hər gün qonaq eləmişdi. Zəfər müəllim də məktəb direktoru kimi hər dəfə iclaslarda, tədbirlərdə çıxış edəndə odlu-alovlu deyirdi: “Uşaqlar ağ kətan parçadır. Bu ağ kətan parçanın üzərində şəkili valideynlər və müəllimlər çəkir. Şəkilin keyfiyyətli, keyfiyyətsiz olması da yalnız və yalnız valideynlərdən və müəllimlərdən asılıdır. Gəlin, həmin şəkili kamil çəkək ki, sonra peşman olmayaq”. Deməli, direktor kimi iyirmi ildə başı məktəbin işlərinə qarışdığından, bircə oğul balası da yadından çıxmışdı Zəfər müəllimin. Beləliklə, o və həyat yoldaşı çox keyfiyyətsiz rəsm əsəri çəkmişdilər. Bax, buna görə Zəfər müəllim özünü bağışlaya bilmirdi... Bu da onun əsəblərinə təsir edirdi. Əvvəllər çox gümrah olan yetmiş yaşlı Zəfər müəllim artıq şəkər xəstəliyi və yüksək təzyiq tapmışdı. O, bir şeyə təskinlik tapırdı ki, qızı Zəmilə çox savadlı və tərbiyəlidir. O, qırx yaşında artıq riyaziyyat elmləri doktoru olmuşdu. İş yerində də onun gələcəyinə böyük ümidlə baxırdılar.
Nəvələrinin ac qaldığını görən Şamilin valideyinləri məcbur olub, öz boğazlarından kəsib, onun ailəsinə də köməklik eləyir və hətta onların kirayə pulunu da verirdilər. Şamil artıq içki, siqaret aludəçisi olduğundan, çox vaxt işə gedə bilmirdi. İşə gedəndə də “paxmel” olduğundan və iş yoldaşları ilə tez-tez yola getmədiyindən, dalaşdığından onu işlədiyi yerlərdən çıxarırdılar. O, bu iki ildə artıq üç iş yeri dəyişmişdi. Ağzına spirtli içki dəyən kimi Şamil dalaşmaq, kiminləsə söz güləşdirmək istəyirdi. Ona görə də hər gün evə paltarı cırılmış, üzü-gözü qaralmış vəziyyətdə gəlirdi. Bütün qohumlar cəhd eləsə də onu heç cürə spirtli içkidən çəkindirə bilmirdilər. Buna görə də bütün ailə çox gərgin bir vəziyyətdə yaşayırdı. Hətta bir neçə dəfə sərxoş olduğuna və dalaşdığına görə Şamili Narkoloji Dispanserə aparsalar da, orada bir neçə gün saxlasalar da, atasının xahiş-minnətilə oradan buraxsalar da o, bu əməlindən heç cürə çəkinmirdi və əl çəkmirdi...
Ümumiyyətlə, son on beş-iyirmi ildə bu məmləkətdə spirtli və enerjili içkilər, siqaretlər, hətta narkotik vasitələr də dolayısı yollarla daha çox təbliğ olunurdu. Hamısının da qiyməti günü-gündən çox ucuzlaşırdı. Elə bil yuxarıdan hansısa güclü bir əl çox istəyirdi ki, millət belə şeylərə daha çox meyilli olsun. Yəqin bu da ona görə idi ki, dumanlı beyinləri idarə etmək daha asan idi. Axı insanların beyni yaxşı işləsə, narkomaniyaya, spirtli və enerji içkilərə meyilli olmasalar belə ağır güzərana görə meydanlara çıxıb, haqqını tələb eləyə bilərdilər. Ona görə də son iyirmi ildə bu məmləkətdə boşanma, intihar sayı daha da çoxalmışdı...
Təkcə bu məmləkətdəmi? Yox, bütün dünyada elə bil hansısa güclü əllər insanları narkomaniyaya, spirtli, enerji içkilərə, siqaretə daha çox təhrik eləyirdilər. Kimlərinsə güclü əlləri, dərin düşüncələrilə bütün bunlar artıq əsrin bəlasına çevrilmişdi. Dünya xalqları bütün bu bəlalardan böyük əzab-əziyyət çəkirdi. İnsanları bu yollarla qırmaq, Yer kürəsində adamların sayını bu yollarla azaltmaq istəyirdilər... Bu, süni yaradılan xəstəliklərdən daha böyük və güclü silah idi. Əsrin ən böyük bəlası, faciəsi sayılırdı...
Əvvəllər çox yaraşıqlı, yaxşı idmançı oğlan olan Şamili spirtli içkilər, siqaret qurd kimi içəridən yeyirdi. O, bir dəri, bir sümük qalmışdı. Sifətinə baxan kimi onun sipirtli içkiyə və siqaretə meyilli olması aydın görünürdü. Qırx iki yaşı olmasına baxmayaraq, yaşından qat-qat yaşlı görünürdü. İlk baxışdan ona əlli-əlli beş yaş vermək olardı. İçki içən kimi də təzyiqi, ürək döyüntüsü vurub kəlləçarxa çıxırdı. Dərmanlar da ona təsir eləmirdi. Hələ üstəlik spirtli içkidən, siqaretdən zob xəstəliyi də tapmışdı. O, siqaret çəkəndə tez-tez boğulurdu. Əsəbləri isə çox pis vəziyyətdə idi. Deyilən hər bir söz onu bir dəqiqdə özündən çıxarırdı... Şamil bu hərəkətlərilə hər gün ölüm körpüsünə yaxınlaşırdı. Artıq onun bir addımlığında dayanmışdı.
... Bir gün Şamil yenə də evə sərxoş vəziyyətdə gələndə qapını çox döysə də, heç kim açmadı. Özü cibindən qapının açarını çıxarıb açmaq istəsə də aça bilmədi. Qonşularının qapısını döydü. Qonşu Vüqar qapını açdı. Ondan arvadı Zərifənin, uşaqlarının harada olduğunu soruşdu.Vüqar və arvadı onların harada olduqlarını bilmədiklərini dedilər. Qonşular da artıq Şamilin hər gün evə sərxoş gəlməsindən və evdə böyük dava-dalaş saldığından bezmişdilər. Qonşu kişi Vüqar bir neçə dəfə Şamilin bu hərəkətlərinə görə onunla söhbət eləsə də, amma heç bir xeyri olmurdu. O, məcbur olub açarı Şamildən alıb, qapılarını açdı. Zərifə və uşaqları evdə yox idi. Vüqar onu yataq otağına aparıb yerində uzatmaq istəyəndə Şamil razılaşmadı və elə yerdə, palazın üstündə uzandı...
Səhəri günü Şamil gündüz saat 12 radələrində ayıldı. İçdiyi pivələri saxlaya bilməyib, o, şalvarını da batırmışdı. Bəlkə də o, elə bu kəskin iydən ayılmışdı. Əvvəl harada olduğunu dərk eləməyə çalışdı... Sonra yavaş-yavaş başa düşdü ki, kirayə qaldıqları evdədir. Amma palaz və onun bütün paltarı yaşdır. Ayağa durmaq istədi, bacarmadı. Sonra elə həmin yaş yerdə oturdu. Kəskin iydən öyüdü. Amma mədəsində heç nə olmadığına görə qaytara bilmədi. Zərifəni, uşaqlarını çağırdı. Ona hay verən olmadı. Bir təhər ayağa durdu. Qonşu otağa keçdi. Zərifə və uşaqları evdə yox idi. Paltarını soyundu. Hamam otağına apardı. Sonra bir təhər palazı büküb, onu da hamam otağına apardı. Orada olan böyük vannanın içinə basdı. İy bir qədər azaldı. Amma evdən və bədənindən çox dəhşətli iy gəlirdi. Evin qapısını, pəncərələrini açdı. Yenidən vanna otağına keçdi. Güzgüdə özünə baxdı. Gözünün altı da qaralmışdı. Deməli, axşam yenə kiminləsə dalaşmışdı... Amma yadına sala bilmirdi kiminlə dalaşıb. Üzünü çox çətinliklə qırxdı. Duşun altına girib çimdi. Başına soyuq su tökdü. Elə bil bir qədər ayıldı. Qurulanandan sonra idman paltarını geyinib, mətbəxə keçdi. Yemək stolunun üstündə bir yazılı vərəq gördü. Zərifə yazmışdı. O, höccələyə-höccələyə orada yazılanları oxudu: “ Biz səni çox yalvar-yaxarla bu yoldan döndərmək istədik. Amma sən istəmədin. Artıq bu on doqquz ildə biz cana doyduq. Səni spirtli içkidən ayıra bilmədik. Bizi axtarma. Biz bir daha geri dönməyəcəyik. İndi bundan sonra sən və spirtli içki. Yaşa özünçün”. Şamil bu sözləri bir neçə dəfə oxudu. Hələ də burada yazılanları dərk eləyə bilmirdi. Axı o, arvadını, uşaqlarını çox sevirdi. Mobil telefonunu axtardı. Tapa bilmədi. Tez gedib vannaya atdığı şalvarının ciblərinə baxdı. Orada da yox idi. Fikirləşdı ki, ya barda qalıb, ya da haradasa cibindən düşüb. Elə bil yavaş-yavaş ayılır və arvadının, uşaqlarının evdən getdiyini dərk eləməyə başlayırdı. Yazını bir də oxudu. Kövrəldi. Hönkür-hönkür ağladı. Çünki həyat yoldaşı Zərifə demişdi ki, içkini atmasan biz tezliklə buradan gedəcəyik. Bir də heç vaxt geri dönməyəcəyik. Uşaqları da analarının sözlərini təsdiq etmişdi. O, həyat yoldaşını, uşaqlarını çox sevdiyindən hər dəfə onlara söz verirdi ki, bundan sonra içməyəcək. Amma heç iki gün keçməmiş yenidən içkili vəziyyətdə evə gəlirdi. O, iradəsiz adam olduğundan, doğrudan da özü-özü ilə bacarmırdı...
Şamil ayağa durub, yenidən qonşunun qapısını döydü. Vüqar açdı.
-Salam. Axşam mən evə necə gəlib çıxmışam,- deyə Vüqardan soruşdu.
-Bir təhər sürünə-sürünə gəlib çıxmışdın. Qapını aça bilmədin, mən açdım. Səni yerinə uzatmaq istəsəm də razılaşmayıb, yerdə uzandın. Gecə bir neçə dəfə gəlib baxmışam. Fikirləşirdim ki, ürəyin dayana bilər. Amma gördüm nəfəs alırsan. Hətta şalvarını da batırmışdın. O qoxuya görə daha evə girə bilmədim...
-Hə,- deyə Şamil günahkar uşaq kimi başını aşağı dikdi. Mən tam ağ eləmişəm... Zərifəgil də evdən gediblər...
-Deməyiblər hara gediblər?
-Yox. Kağız yazıb qoyublar ki, daha onları axtarmayım. Kağızı Vüqara göstərdi. Bu vaxt Vüqarın arvadı Həcər də onlara yaxınlaşdı.
-Elə bunu istəyirdin, ay Şamil? Axı biz sənə nə qədər dedik ki, spirtli içki içmə. Siqaret çəkmə. Vallah, Vüqar spirtli içki içsə, siqaret çəksə mən bir gün də onunla yaşamaram. Gör sən neçə ildir ki, spirtli içki içirsən, siqaret çəkirsən. Zərifə dağdı ki, bu vaxta qədər sənə dözüb.
-Həcər bacı, bir işdi də oldu. Mən telefonumu da bilmirəm harada itirmişəm. Onun telefonuna zəng vurun görək haradadır.
Həcər Şamilin doluxsunduğunu görüb, ürəyi yumşaldı və Zərifənin telefonuna zəng vurdu. Zərifənin telefonu sönülü idi.
-Telefonu söndürüb.
-Uşaqların telefonuna zəng vurun,- deyə Şamil yalvarıcı tərzdə Həcərdən xahiş elədi. Və uşaqların telefon nömrəsini dedi. Onların da telefonu söndürülmüşdü.
-Zərifə deyirdi ki, qohumların, qonşuların yanında biabır olmuşuq. Şamil bizi məcbur eləyəcək gedib özümüzü dənizə atıb, öldürəcəyik,-deyə Həcər dedi.
Həcərin bu sözləri Şamili daha da qorxutdu. O, heç nə deməyib, yenə də kövrəldi. Öz evlərinə qayıtdı. Nə isə yemək istədi, amma meyli çəkmədi. Siqaret yandırmaq istədi, amma siqaretə baxıb, hirsindən siqaret qutusunu əzib, zibil vedrəsinə atdı və yataq otağına keçib, uşaqlarının balışını qucaqlayıb, hönkür-hönkür ağladı. O, bir müddət belə uzanılmış vəziyyətdə qaldı. Sonra paltarını dəyişib, “Pivə barı” dəsgahına getdi. Telefonunun burada qalıb-qalmadığını müəyyənləşdirməkçün. Orada dedilər ki, burada qalmayıb. Həm də dedilər ki, “axşam heç buradan getmək istəmirdin. Elə burada yatıb qalmaq istəyirdin. Gecə saat birdə səni buradan güclə çıxarmışıq”. Onların bu ironiyalı sözlərindən, baxışlarından Şamil onlara heç nə deməyib bardan çıxdı. İstədi avtobusa minib atasıgilə getsin. Amma baxdı ki, cibində bir qara qəpik də yoxdur. Piyada onlara getdi. Atası evdə yox idi. Həkimə getmişdi. Şamilin içki içməsinə görə o, çox əsəb gərginliyi keçirdiyindən, təzyiqdən və şəkər xəstəliyindən əziyyət çəkirdi. Şamilin spirtli içki içdiyini eşidən kimi təzyiqi kəllə-çarxa qalxırdı. Anasının da əsəbləri tam pozulmuşdu. Gecələr rahat yata bilmirdi. Hətta yuxu dərmanı da ona təsir eləmirdi...
Valideynləri bütün bu stresslərini, əsəb gərginliklərini Şamilə dəfələrlə çox kəskin formada desələr də o, başa düşmək istəmirdi ki, istəmirdi. Bacısı da Şamillə bu hərəkətinə görə danışmırdı. O, qapının zəngini basdı. Anası açdı. Pəri müəllimə evdə tək idi. Ona baxdı.
-Gözünün altı niyə qaralıb?
-Bilmirəm.
- Zərifə ilə dalaşıbsız?
-Yox.
-Yəqin axşam kiminləsə dalaşıbsan.
-Bilmirəm.
-İşə niyə getməyibsən?
-Gedə bilmədim...
-Bugün-sabah bu iş yerindən də səni çıxaracaqlar. Atanın daha ağız açmağa adamı qalmayıb. Buradan da işdən çıxarılandan sonra harada işləyəcəksən? Özün görürsən ki, iş tapmaq müşkül məsələdir.
-Zərifə, uşaqlar bura gəlməyib?
-Yox. Evdə deyillər?
-Harasa gediblər. Səhər mətbəxdən bu kağızı tapdım, -deyə Şamil kövrəldi və kağızı anasına verdi.
Anası eynəyini taxıb, kağızı oxudu.
-Sən bunu istəyirdin, buna da nail oldun, ay bədbəxt bala. Gör, neçə ildir o yazıq qızın, uşaqlarının, bizim başımıza bu oyunu gətirirsən. O qız dağdır ki, sənə dözür... İndi yaşa bundan sonra görüm necə yaşayırsan?..
... Beləcə Şamil bir ay arvadını, uşaqlarını axtardı. Bütün qohumları gəzdi. Yerini bilənlər də Zərifənin və uşaqların harada olduğunu ona demədilər. Şamil bu bir ayda özünü zorlayıb, siqaret çəkmək, araq, pivə içmək istəməsə də özü ilə bacarmadı. Ayaqları onu “Pivə dəsgahı” barına gətirdi. Düzdür, əvvəlki kimi içməsə də, amma yenə də içirdi. Hətta bir dəfə Polis idarəsinə gedib arvadının və uşaqlarının yoxa çıxması ilə bağlı şikayət edəndə Polis idarəsində onların evdən niyə getdiyini soruşdular. O, məcbur olub həqiqəti dedi. Və Zərifənin yazdığı kağızı da onlara göstərdi.
-Elə düz eləyib gediblər,-deyə Polis rəisi onun üzünə qabardı. Sənin kimi alkaş adamla yaşamaq istəmirlərsə düz hərəkət eləyirlər. Əgər onlar səndən şikayət eləsələr sənin özünü həbs eləyəcəyik. İndi isə çıx get, bir də bura gəlmə.
Şamil daha qorxusundan Polis idarəsinə getmədi. Artıq onu valideynləri də qəbul etmək istəmirdilər. O, hətta bir neçə dəfə özünə qəsd eləmək istəsə də bacarmamışdı. Axı can şirin şeydi. Gücünü yalnız ağlamağa verirdi... Zərifədən və uşaqlarından hələ də xəbər yox idi. O, bilirdi ki, onlar sağdır, amma harada yaşadıqlarını bilmirdi. Günlərlə Zərifənin qohumlarından onun harada olduğunu yalvar-yaxarla xahiş etsə də, heç kim onların yerini demirdi...
“Pivə dəsgahı” barının işləri isə daha “xod” gedirdi. Şamilin başına gələn bu hadisələr, müsibətlər, mübahisələr bara gələn çoxlu adamın ailələrinin də başına gəlirdi... Boşanan ailələrin sayı isə günü-gündən artırdı... Bu binanın sakinləri isə şikayət məktubları yazmaqdan usanmırdılar. Amma məktubları cavabsız qalırdı...
...Bir gün çiskinli havada axşam saat bir radələrində iki uşaq “Pivə dəsgahı” barına yaxınlaşdı. On yeddi yaşlı oğlan ora girdi. Ətrafa baxdı. Hər tərəf siqaret tüstüsü ilə əhatə olunduğundan uzaqda, küncdə cəmi bir neçə nəfərin oturduğunu çox çətinliklə gördü. Bunlar da barın işçiləri idi. “Ağır” işdən sonra yeyib-içirdilər. Ucadan gülüb, zarafatlaşırdılar. Oğlan bayıra çıxdı. On altı yaşlı qızın əlindəki iki butulkanı ondan alıb, yenidən içəri keçdi. Butulkalardakı mayeləri taxta stolların, stulların və taxta parketin üstünə töküb, bir anda əlindəki topa kibriti yandırıb, ora atdı və ildırım sürətilə oradan çıxdı. Oğlan və qız tez-tələsik oradan uzaqlaşdılar...
Bir anın içərisində bardıkı stullar ora tökülən benzindən yanmağa başladılar. Alov az bir zamanın içərisində barı bürüdü. Quru taxta stollar və taxta divarlar bir andaca alovlandı. İstinin təsirindən tavandakı şüşə güzgülər partlamağa başladı. Orada olan adamlar ilk əvvəl nə baş verdiyini anlaya bilmədilər. Amma alovun bir anda giriş qapısını bürüdüyünü görüb, həmin alovun onlara sarı gəldiyindən qorxuya düşüb, başılovlu tez arxa qapıdan bayıra çıxdılar və Yanğın söndürmə idarəsinə zəng vurdular. Yanğın söndürmə idarəsində bu barın kimin olduğunu yaxşı bildiklərindən, tez maşınları işə saldılar. Məlum oldu ki, maşınlarda su yoxdur. Tez-tələsik maşınlara su doldurdular...
Yanğın söndürənlər gəlib çatana qədər artıq iş-işdən keçmişdi... Alovun təsirindən pivə boçkları, araq, çaxır, şampan şüşələri də partlayıb, alovu daha da şiddətləndirirdilər. Alov artıq binanın ikinci mərtəbəsinə də keçirdi. Sakinlər təlaşla, qışqırıqla, yataq paltarında evlərindən həyətə qaçmağa başladılar. Yanğın söndürənlər bir saata güclə yanğını söndürə bilsələr də, amma bardan heç nə qalmamışdı. “Pivə dəsgahı” barı yanıb kül olmuşdu... İkinci mərtəbənin bəzi evlərinə keçən alov söndürülsə də orada digər mənzillərə də möhkəm ziyan dəymişdi...
Həmin gün Xəzri şəhərinin bir neçə yerində barlar, yeməkxanalar yandırılmışdı. Bu, uşaqların öz atalarının spirtli içki içməsinə, narkotik vasitələrdən istifadə etməsinə bir etiraz əlaməti idi. Bu xəbərlər ildırım sürətilə məmləkətin mətbuatında yayımlandı və televizorlarda göstərildi.
Bunu uşaqların cinayəti adlandırmaq olarmı? Mənə elə gəlir ki, yox. Bu, uşaqların təkcə spirtli içkiyə, narkotik vasitələrə meyilli valideynlərinə deyil, həm də həmin məmləkətin və dünya ölkələrinin başçılarına narkotik vasitələri, spirtli, enerji içkiləri və siqaretləri təbliğinə, əsrin bəlasına qarşı böyük etiraz əməli idi...
Həmin yeniyetmələr qərar qəbul eləmişdilər ki, dünyada yaşayan insanlara müraciət edib, mesajlar göndərib, bütün həmyaşıdlarını bu həlli vacib işə, haqlı etiraza cəlb etsinlər.

Sumqayıt şəhəri,
10-15 avqust-2022-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə