Əfsanələrə və miflərə görə, guya ilk dünya iqtisadiyyatını yaradanlar məhz finikiyalılar olublar. Maraqlıdır, ümumiyyətlə, həyatın başlanğıcında ilk söz belə hansı söz olub? Yaxud, bu söz hansı dildə olub və mənası nə olub? Həmin söz ilk dəfə nə vaxt və kim tərəfindən qeydə alınıb? Hər halda ilk addımlar, ilk ixtiralar və ilk tətbiqlə bağlı suallar bəşəriyyəti bu vaxta qədər və hal-hazırda da səbəbsiz yerə düşündürməyib.
Livandakı Sarkofaqda unikal kitabə
Xatırladaqki, Livan “dünya əlifbasının doğulduğu yer” adlandırılır və bu heç də təsadüfi deyil. Beyrut muzeyi də onun mənşəyinə işıq sala biləcək bir artefaktın “evi” sayılır. Həmin sarkofaqın yaşı, müxtəlif hesablamalara görə, üç min ildən çoxdur. Bəzi mənbələrə görə, hətta 3,5 min il hesab olunur. Arxeoloqlar daha qədim qəbirlər də tapıblar, buna baxmayaraq, bu, daha unikal bir artefaktdır. O, bütün bəşəriyyətin tarixi haqqında anlayışı, düşüncələri, fikir və mülahizələri belə həmişəlik dəyişib.
Diqqətə çatdıraq ki, hökmdar Axiramın sarkofaqı 100 ildən bir qədər əvvəl aşkar edilib. Hökmdar Axiramın kim olduğunu dəqiq öyrənmək heç də asan məsələ olmayıb. Amma məsələ bunda da deyil. Söhbət orada yazılan yazıdan gedir. “Əgər hər hansı padşah və ya başqa bir hökmdar, yaxud hər hansı bir hərbi rəhbər hücum edərək, məzarı açsa, qoy onun hakimiyyətinin əsasları sarsılsın, çöksün, dağılsın və ondan heç bir yazı da qalmasın”, sözləri dünyanın ilk əlifbasında həkk olunub. Bəli, təsüvvür edəndə dəhşətə gəlmək olur, çünki o dövrdə, yazıların olmadığı bir zamanda ilk yazılarda dəhşətli lənət və qarğış əks olunurdu.
Tarixdə ilk əlifba necə yaranıb?
Qədim dövrlərdə elə hesab edilirdi ki, insanın adı onun ölməzliyinin açarı ola bilər. Ona görə də bir adı “silmək” ən dəhşətli cəza, ən böyük lənət hesab olunurdu. Təsadüfi deyildi ki, fironlar öz sələflərinin adlarını məhv edirdilər, tarixdən silməyə çalışırdılar, assuriyalılar bütöv şəhərləri salnamələrdən yox edirdilər, romalılar düşmənlərinin kitabxanalarını belə yandırırdılar. Məhz buna görə də əlifbanın harada, nə vaxt və necə yarandığı hələ də araşdırma olaraq dünyanın diqqətini cəlb edir.
Ola bilsin ki, tarixdə ilk əlifba məhz qədim hökmdarlar əbədi həyat haqqında düşünməyə başlayanda yaranıb. Ucadan deyilən, ifadə olunan ad hətta boş səs olaraq qəbul olunub. Daşa həkk olunmuş “əsərlər” məhz əsrlərin, hətta minilliklərin “xatirəsi” sayılır. Finikiya hökmdarı Axiram bu nəzəriyyəni praktikada ilk sübut edən hesab olunur. Təsadüfi deyil ki, tarixçilər bu hökmdarın kim olduğu, nə vaxt yaşadığı və ölkəsinin tarixində hansı rol oynadığı barədə hələ də mübahisə edirlər. Bu faktlar zaman-zaman itirildisə də, hökmdarın adı sarkofaqındakı yazı sayəsində bu günə qədər gəlib çatıb. Qayada on metr dərinlikdə oyulmuş qəbirdə onun elə məlum bir yazısı olan sarkofaq var. İndi də bu divara diqqət yetirmək kifayət edir və hər halda, orada olan yazı özü də səbəbsiz yerə dünyanın diqqətin cəlb etməyib. Təxminən dörd metr dərinlikdə başqa bir kifayət qədər lakonik və qısa şəkildə, özü də Finikiya dilində "Ladat" sözü yazılıb ki, bu da “ehtiyatlı olun” deməkdir.
Qədim krallığın qədim şəhəri - Biblos
Əlifbadan əvvəl insanlar obyektlərin sadələşdirilmiş təsvirləri olan piktoqramlardan istifadə edirdilər. Bu piktoqram günəş şüaları olan bir dairədir. Çay burada dalğalı bir xətt kimi qeyd olunur. Finikiya padşahının uzun və kifayət qədər ədəbi epitafiyası alimləri onun təbəələrinin yazılı mesajlar tərtib etməkdə artıq böyük təcrübəyə malik olduğu fikrinə gətirib çıxarıb. Tutaq ki, bu yazı birinci deyil, bəs o zaman daha əvvəl olanlar harada və necə meydana çıxıb? Tarixçilər hesab edirlər ki, cavabı hökmdar Axiramın hökm sürdüyü şəhərdə axtarmaq lazımdır. Beyrutdan 38 kilometr aralıda olan qədim Biblos şəhərində. Bu şəhər Livanın paytaxtından da çox qədim sayılır. Bax elə həmin şəhərdə axtarmaq barədə düşünülür.
Doğrudur, yer kürəsinin ən qədim şəhərlərindən biri olan bu şəhərin neçə yaşı olduğuna dair tarixçilər hələ də yekdil fikrə və son qərara gələ bilməyiblər. Bəzi ingilis mənbələri yazır ki, Biblosun 9 min il yaşı ola bilər. Doğrudan da, bu məqamda elə zənn etmək olar ki, söhbət tarixi bir ekskursiyadan gedir və elə bil həmin dövrə səyahət edilir. Hər halda, əgər qeyd olunan qədim bir dövr haqqında danışılırsa, bununla bağlı mülahizələr, fikirlər bildirilirsə, qədim bir krallığın qədim bir şəhəri olan Biblos haqqında məlumatlar ortaya çıxırsa, deməli, bunun özü artıq olduqca əhəmiyyətli sayılır.
Biblosun dünya irsi: 17 sivilizasiyanın izləri və tarixdə ilk dəniz donanması
Burada 19-cu əsrin ortalarından başlayaraq qazıntılar aparılır. Arxeoloqlar artıq o qədər qiymətli, həddindən artıq qiymətli tapıntılar aşkar ediblər ki, bütün şəhər YUNESKO-nun ümumdünya irsi elan edilib. “Bu ərazidə arxeoloqlar 11 metr dərinliyə enən 17 sivilizasiyanın və 21 arxeoloji təbəqənin izlərini tapıblar”, deyə tarixçi Jan-Klod Havat bildirib. Bəli, həmin ərazidə hökmdar Axiram hökmranlıq edirdi. O dövrdə, daha doğrusu, təxminən eramızdan əvvəl 13-11-ci əsrlərdə Biblos bəlkə də bütün Aralıq dənizinin ən əhəmiyyətli şəhəri sayılırdı. Bəşər tarixində ilk həqiqi dəniz donanması məhz burada meydana çıxmışdı.
Tarixçilərin qeyd etdiklərinə görə, dünya tarixində ilk gəmilər haqqında qeyd olunan dəniz donanmasında dayanırdı. Onların bildirdiklərinə görə, işgüzar tacirlər sahil boyu qaçır, qullar nəhəng yüklər daşıyır, gəmilər ucsuz-bucaqsız bir axınla yola düşürdü və Finikiyanın dəniz ticarəti görünməmiş bir miqyas almışdı. Yəni çox dinamik şəkildə inkişaf etmişdi. Məhz buna görə də tarixdə ilk dəniz donanması sayılır.
Finikiyalılar ilk dünya iqtisadiyyatını necə yaratdılar ?
Finikiyalılar təkcə ticarət etmirdilər. Onlar ticarət etməklə, əslində, mahiyyətcə elə ilk dünya iqtisadiyyatını da yaratmış olurdular. Onların bənövşəyi boyaları, şüşələri, zeytun yağları və sidrlərinə hər yerdə tələbat var idi. “Bu ərazi strateji ərazidir və qədim dövrlərdən, qədim misirlilərin dövründən bura finikiyalılarla əlaqələr üçün cəlbedici yer olub. Çünki buradakı bütün dağlarda sidr ağacları bitir. Misirlilər isə öz donanması üçün sidr ağacını əldə edirdilər", deyə tarixçi Jan-Klod Havat belə izah edib.
İndiki Livan, Suriya və İsrail ərazisində yerləşən Finikiya şəhərləri Aralıq dənizi, Yaxın Şərq və Afrika arasında dəniz yollarının kəsişməsində əsas mövqe tuturdu və 2000 il ərzində Biblos bu qlobal ticarətin “ürəyi” sayılırdı. Bir sözlə, coğrafi mövqe də öz təsirini göstərirdi. Məhz bu mövqe sayəsində də finikiyalılar dünya iqtisadiyyatının yaranmasında öz sözlərini deyə bildilər. Dünya iqtisadiyyatında ilk addımlar da elə beləcə atıldı…
Finikiya əlifbası bütün qədim dünyanı necə birləşdirdi?
Müxtəlif mədəniyyətlərin, adət-ənənələrin və dillərin “Babil çaşqınlığı” tacirlər üçün əsl “büdrəmə bloku” idi. Malların sayı və uçotu aparılmalı, əməliyyatlar uçota alınmalı idi. Sözsüz ki, bu məqamda hansısa qeydlərə ehtiyac duyulurdu. Heroqliflər və mixi yazılar çox mürəkkəb idilər və yalnız bir neçə nəfər üçün əlçatan sayılırdı. Məhz buna görə də, o zaman Finikiyalılar bu problemi həll etmək üçün sadə və “dahiyanə bir üsul” tapdılar. Onlar əlifbanı icad etdilər.
“Finikiya əlifbası vacib sayılır, çünki o, fonetik əlifbadır. Bir hərf bir səsi təmsil edir. Bu yazıda inqilab deməkdir, çünki bu hərflərlə istənilən yazı yazıla bilərdi”, deyə Beyrut Milli Muzeyinin Antik Əsərlər Direktorluğu Repozitoriyasının meneceri Mariya-Antuanetta Jmayel izah edib. Diqqətə çatdıraq ki, Finikiya əlifbası yalnız 22 hərfdən, yalnız samitlərdən ibarət olub və bütün qədim dünyanı birləşdirən əlifba sayılıb. Maraqlıdır, görəsən, Finikiya əlifbası ilə müasir əlifbalar arasında nə əlaqə var? Ən maraqlısı odur ki, Finikiya əlifbasının ilk hərfi belə digərləri ilə uyğun gəlir. Bu ilk hərf "alef" hərfidir. Həmin hərf təxminən 100-200 il sonra, Axiramın zamanında artıq 90 dərəcə “döndü” və “A” hərfinə çevrildi.
Dünya xalqları öz əlifbalarını Finikiya əlifbası ilə necə uyğunlaşdırıblar?
Bir çox xalqlar hərflə bağlı finikiyalıların faydalı ixtirasından həvəslə istifadə ediblər. Çoxları Finikiya əlifbasını əsas götürüblər və onu özləri üçün uyğunlaşdırıblar. Romalılar bunun ardınca yazını təkmilləşdiriblər. Yunanlar saitləri əlavə ediblər. Məktublar hələ də bir qədər rəsmi yazılara bənzəyirdi. Müasir “L” hərfi bir vaxtlar çoban çubuğu, “O” hərfi insan gözü, “P” hərfi baş, “H” isə ilkin olaraq, qəfəsə bənzəyirdi və evin, yaxud da qalanın divarını simvolizə edirdi.
“Romalılar hərfləri daha həndəsi hala gətirdilər, çünki həndəsi hərfləri daşda oymaq, cızmaq asan idi. Ərəblər kursivləri perqamentə asan və tez yazdıqları üçün kursiv təqdim etdilər”, deyə Dövlət İdarəetmə Universitetinin Davamlı Peşə Təhsili Direktorluğunun direktoru vəzifəsini icra edən Anton Anferov öz fikirlərini belə ifadə edib. Bəli, finikiyalılardan əvvəl mixi yazı, eləcə də Misir heroqlif sistemləri mövcud idi və bir çox mürəkkəb simvollardan ibarət sayılırdı. Ona görə də müəyyən çətinliklər yaradırdı, hər kəsə əlçatan deyildi və öyrənilməsi də çətinlik törədirdi. Məsələ burasındadır ki, Finikiya əlifbası qətiyyən çətinlik törətmədi və demək olar, hər kəsə oxumağı və yazmağı öyrənməyə imkan verdi. Bundan əlavə, Finikiya yazısında sabit yazı istiqaməti də olub və məhz üfüqi, sağdan sola istiqamətdə yazılıb. Belə görünür ki, bu gün məlum olan əlifbaların çoxunun “kökü” bu və ya digər şəkildə Finikiya əlifbasına gedib bağlanır. Üç min il əvvəl yazılmış bu 22 hərfin sayəsində ərəb, ivrit, gürcü, hətta kiril əlifbası da meydana çıxıb.
Bu gün dünyada müxtəlif dillər olduğu kimi, müxtəlif, bir-birindən fərli əlifbalar da mövcuddur. Amma finikiyalıların yaratdıqları əlifbanın bir ilk addım olduğu tarixçilər tərəfindən bildirilir. Hər halda, ilk addımlar və bu addımlarla bağlı tarixi faktlar bu baxımdan səbəbsiz yerə araşdırılmır. Çünki ilk addımlar və ilkə imza atıldığını təsdiq edən tarixi faktlar diqqəti daha çox cəlb edir və maraq yaratdığı da anlaşılandır…
Bütün xəbərlər Facebook səhifəmizdə