“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfransın yekununa həsr olunan mətbuat konfransı keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bu konfransların ardıcıl şəkildə Azərbaycanda keçirilməsinin xarici təşkilatçılar tərəfindən yüksək qiymətləndirildiyinə diqqət çəkib. Onun sözlərinə görə, fərqli ölkələrdən gələn nümayəndə heyətləri, ekspertlər, ictimai, humanitar təşkilatların nümayəndələri konfransın əhatə dairəsini genişləndiriblər.
“Bu proses artıq təşəbbüsdən təşkilatlanmış hərəkata çevrilib. Biz birlikdə və sistemli şəkildə yeni layihələr həyata keçirməyi hədəfləyirik”, - deyə Rəvan Həsənov bildirib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, yaxın illərdə bu istiqamətdə yeni qurumların formalaşması gözlənilir. İslamofobiya ilə mübarizədə yeni mexanizmlər müəyyən olunmalı və fəaliyyətə başlamalıdır.
“Biz artıq nəzəri müzakirələrdən praktik addımlara keçmişik. Bu, tədqiqat layihələri, konfranslar və digər tədbirlərlə müşayiət olunur. İslamofobiya ilə bağlı məsələlər bəzi təhsil və hüquq sahələrində gündəmə gətirilir. Artıq biz konkret nəticələr əldə etmişik”, - deyə F.Şəfiyev vurğulayıb.
İƏT-in Baş katibinin xüsusi elçisi Mehmet Paçacı konfransın dünyada artmaqda olan islamofobiya ilə mübarizəyə yönəlmiş mühüm addım olduğunu qeyd edib. O bildirib ki, burada islamofobiya ilə necə mübarizə aparılacağı məsələsi geniş şəkildə ələ alınıb.
Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin sədri İbrahim Saleh Əl Naimi konfransın olduqca yüksək səviyyədə təşkil olunduğunu bildirib. Onun sözlərinə görə, haqsızlıqla mübarizə aparan insanlar konfrans çərçivəsində öz səslərini ucalda biliblər.
ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Xalid Fəthəlrəhman Prezident İlham Əliyevin islamofobiya ilə mübarizə istiqamətindəki fikirlərini yüksək dəyərləndirib. O, konfransın təşkilatçılığına və Azərbaycanın bu istiqamətdə gördüyü işlərə görə təşəkkür edib.
G20 Dinlərarası Forumunun baş hüquqşünası, “Covington vs Burling LLP” şirkətinin müşaviri Timoti P.Stratford müsəlmanların hər zaman birgə əməkdaşlıq etməli olduğunu vurğulayıb. O, Azərbaycanın bu sahədəki təşəbbüslərini təqdirəlayiq hesab edib.
Almaniya Müsəlmanları Mərkəzi Şurasının (ZMD) sədri Abbassəməd Əl-Yəzidi müsəlmanlara qarşı nifrətə bu kimi dialoqlar yolu ilə cavab verməyin müsbət tendensiya olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanın bu təşəbbüsləri bütün dünya üçün nümunəvi olmalıdır.
COREIS-in vitse-prezidenti, EULEMA sədri Yahya Pallavici konfransın dinlərarası dialoqa böyük töhfə verəcəyinə ümidvar olduğunu deyib. Onun sözlərinə görə, konfrans Prezident İlham Əliyevin multikultural strateji baxışının təzahürüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə