"Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinə müraciət edən xəstələrin hər birinə peşəkar şəkildə tibbi yardım göstərilir. Lakin təəssüflə qeyd etmək olar ki, son dövrlər şöbəyə müraciət edənlərin içərisində uşaqların sayı daha çoxluq təşkil edir". Bunu SİA-ya açıqlamasında yanıq şöbəsinin həkim-cərrahı Ülviyyə Zeynalova deyib.
Daha çox yanıq hallarına 1-5 yaşlı uşaqlarda rast gəlindiyini deyən həkim-cərrahın sözlərinə görə, buna səbəb anaların övladlarına qarşı məsuliyyətsizliyidir: "Uşaqlarda yanıq halları daha çox texniki səbəblərə görə baş verir ki, bura maye, alov, qaz tərkibli və kontakt yaralar daxildir. Şöbəmizə müraciət edən uşaqların çoxunda isti su tökülməsi, yay fəslində isə mürəbbəyə və ya kompot hazırlayarkən baş verən yanıq hallarına rast gəlmək mümkündür".
Ü. Zeynalova söyləyib ki, böyüklərdə yanıq halları uşaqlara nisbətən daha azdır: "Ümumiyyətlə yanıq xəstəliyi orqanizmi ətraf mühitdən təcrid edən qoruyan örtük toxumasının, yəni dərinin zədələnməsi deməkdir: "Yanığın 4 dərəcəsi var. I dərəcəli yanıq hiperemiya adlanır. Bu yanıq dərəcəsində qızartı 3-4 gün müddətində qala bilir. II dərəcəli yanıq hiperemiya ilə birlikdə suluqlar əmələ gəlir. Suluqların tərkibi şəffaf maye ilə dolur. Belə tip yanıqlar 4-7 gün müddətinə sağalsa da 6-8 həftəyə qədər izləri qala bilir. III dərəcəli yanıqlar III a, III b olmaqla 2 yerə bölünür. III a dərəcəli yanıqlarda suluqlar gel tərkibli olur, suluğu kəsdikdə altında çəhrayı rəngli toxumalar görünür. III b dərəcəli yanıqlar artıq dərinin daha dərin qatlarının yanması deməkdir. Belə yanıqlarda leykozlar əmələ gəlir. VI yanıq dərəcələrində isə nəinki dəri və dərialtı təbəqə hətta sümük əzələ sistemində yanıqlar baş verir ki, əzələlər bişmiş ət xarakterini alır".
Həkim-cərrah qeyd edib ki, yanıqlar texniki, kimyəvi, elektrik, şüa və günəş şüaları növlərinə bölünür.
Ölüm hallarına gəldikdə, Ü. Zeynalova söyləyib ki, son 3 ildə yanıqdan ölüm halları nəzərə çarpacaq qədər azalıb: "Lakin hər il ölkədə intihar məqsədi ilə özünü yandırma halları qeydə alınır. Bu hallar qadınlar arasında üstünlük təşkil etsə də, ötən il kişilərdə intihar məqsədilə özünü yandırma halı daha çox olub".
"Yanıq xəsarəti alanlara ilkin yardım zamanı kənar maddələrin - diş pastası, tomat, sidik, duru yağların vurulması yolverilməzdir. İlkin mərhələdə yanıqlara soyuq məhlullar - buz, axar suyun altında saxlama tətbiq edilsin, ağrıkəsicidən istifadə olunsun, antiseptik məhlullarla həmin nahiyələrə yüngül sarğı qoyularaq, həkimə müraciət edilsin"- deyə, mütəxəssis əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə