Qara PR - hücum və müdafiə strategiyalarının təhlili

İnformasiya əsrində reputasiya ən dəyərli kapitaldır. Rəqəmsal medianın sürətlə inkişaf etdiyi bir dövrdə qara PR texnologiyaları biznesdə, xüsusilə də səhiyyə sektorunda ciddi risk faktoru kimi çıxış edir. Müasir dövrdə informasiyanın yayılma sürəti saniyələrlə ölçülür və bir paylaşım, bir başlıq, hətta kontekstdən çıxarılmış bir sitat belə ictimai rəyə ciddi təsir göstərə bilir. Rəqəmsal medianın, sosial şəbəkələrin və onlayn platformaların geniş auditoriyaya çıxışı informasiya mühitini daha dinamik və daha həssas edib. Brend imici illərlə formalaşdığı kimi, bir neçə gün ərzində də zədələnə bilər.

Belə bir şəraitdə qara PR texnologiyaları biznes mühitində də rəqabət vasitəsinə çevrilib. Xüsusilə səhiyyə sektorunda bu risk daha yüksəkdir. Tibbi müəssisə, həkim və ya sağlamlıq xidməti haqqında yayılan hər hansı neqativ və ya təhrif olunmuş məlumat ictimai etibara birbaşa təsir edir. Bu səbəbdən informasiya təhlükəsizliyi və reputasiya idarəetməsi PR fəaliyyətinin strateji idarəetmənin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

İnformasiya manipulyasiyası və məqsədli reputasiya hücumları artıq təsadüfi deyil – onlar planlı və texnoloji əsaslı kampaniyalar şəklində həyata keçirilir.

Qara PR nədir və necə işləyir?

Qara PR, əsasən rəqiblərin reputasiyasını zəiflətmək, onları ictimaiyyət qarşısında mənfi göstərmək üçün istifadə olunan xüsusi kommunikasiya texnologiyasıdır. Bu, təkcə yalan məlumat yaymaqla yanaşı, eləcə də insanların emosiyalarına təsir göstərməyi, informasiyanı manipulyasiya etməyi əhatə edir.

• Dezinformasiyanın sistemli yayılması - Yalan məlumatların planlı şəkildə auditoriyaya çatdırılır. Məqsəd insanların yanlış təsəvvür formalaşdırmasıdır.

• Faktların kontekstdən çıxarılması- Həqiqi məlumatlar qəsdən yanlış kontekstdə təqdim edilir ki, mənfi mənzərə yaransın.

• Emosional manipulyasiya- yanlış bir xəbər yayıla bilər ki, insanlar qorxuya düşsün, qəzəblə reaksiyaya girsin və narahat olsun. Bu emosiyalar insanların məlumatı daha sürətli və geniş yaymasına səbəb olur.

• Media gündəminin süni formalaşdırılması: Qara PR kampaniyalarında bəzi xəbərlər və mövzular elə təqdim edilir ki, insanlar düşünür ki, bu məlumatlar çox populyardır, yəni “hamı bundan danışır”. Əslində isə bu populyarlıq süni yaradılıb – xəbərlər planlı şəkildə çox sayda platformada paylaşılır, sosial mediada izləyicilərə göstərilir, bəzən saxta hesablar və botlardan (botlar – insan kimi görünən amma əslində avtomatik işləyən proqramlardır) da istifadə olunur ki, sanki insanlar xəbəri geniş yayırlar.

Rəqibin reputasiyasının mərhələli şəkildə zədələnməsi- Bu, birdən-birə deyil, planlı və mərhələli şəkildə həyata keçirilir, ki, nəticədə reputasiya uzunmüddətli ziyan görsün.

Rəqibin reputasiyasının mərhələli şəkildə zədələnməsi: bu, qara PR-da bir təşkilatın və ya şəxsin nüfuzunu tədricən, addım-addım zəiflətmək deməkdir. Məqsəd odur ki, insanlar rəqib haqqında mənfi fikirləri bir anda deyil, ardıcıl və planlı şəkildə qəbul etsinlər.

Qara PR kampaniyası spontan deyil, əvvəlcədən planlaşdırılmış kommunikasiya strategiyasıdır. Onun məqsədi auditoriyanın şüuraltına təsir etmək və ictimai rəyin istiqamətini dəyişməkdir.

Müdafiə strategiyaları: reputasiya qalxanı necə qurulur?

Qara PR-a qarşı ən effektiv müdafiə aşağıdakılardır:

Proaktiv kommunikasiya siyasəti;

Şəffaf və operativ rəsmi açıqlamalar;

Güclü media əlaqələri;

Brend etibarının uzunmüddətli qurulması;

Böhran kommunikasiya planının əvvəlcədən hazırlanması;

Proaktiv kommunikasiya siyasəti

Proaktiv kommunikasiya siyasəti – bu, təşkilatın və ya şəxsin reputasiyasını qorumaq üçün öncədən planlanmış və aktiv şəkildə aparılan kommunikasiya deməkdir. Proaktiv kommunikasiya siyasəti aşağıdakı yollarla həyata keçirilir:

1. Məlumatın şəffaf və vaxtında təqdimatı - Təşkilat öz fəaliyyətləri, xidmətləri və nəticələri barədə ictimaiyyətə davamlı olaraq məlumat verir. Bu, mənfi şayiələrin yayılmasının qarşısını alır. Məsələn, bir tibb müəssisəsi yeni tibbi texnologiya tətbiq edirsə, bunu əvvəlcədən açıqlayır, xidmət prosesini izah edir və media ilə paylaşır. Bu, qara PR kampaniyalarının mənfi təsirini azaldır.

2. Hədəf auditoriyanı tanımaq və kommunikasiya kanallarını düzgün seçmək

Proaktiv kommunikasiya xəbərlər yaymaq, eləcə də düzgün auditoriyaya doğru mesajı çatdırmaqdır. Hədəf auditoriyanı tanımaq, onların məlumat alma vərdişlərini və sosial şəbəkə istifadəsini öyrənmək vacibdir. Məsələn, gənc xəstələr üçün sosial media postları, yaşlı auditoriya üçün isə rəsmi sayt və xəbər bülletenləri daha effektiv ola bilər.

3. Potensial böhranları əvvəlcədən müəyyənləşdirmək

Qara PR texnologiyalarını bilən təşkilatlar potensial riskləri əvvəlcədən görür və buna görə də əvvəlcədən cavab strategiyası hazırlayır. Bu strategiya böhranın ortaya çıxmasını önləyə və ya təsirini azalda bilər.

4. Davamlı media və ictimaiyyət əlaqələri qurmaq - Proaktiv kommunikasiya media və ictimaiyyətlə davamlı əlaqə saxlamaqdır. Güclü münasibətlər böhran zamanı “etibarlı səs” rolunu oynayır.

Proaktiv kommunikasiya siyasəti – “mənfi məlumat çıxandan sonra cavab vermək” deyil, müəssisənin nüfuzunu qorumaq üçün əvvəldən tədbir görməkdir. Bu yanaşma Qara PR-ın təsirini azaldır, İctimaiyyətin etibarını artırır, Təşkilatı böhran vəziyyətində hazırlıqlı edir.

Səhiyyə sektorunda qara PR riskləri

Tibb müəssisələri üçün əsas risklər:

Həkimlərin peşə nüfuzunun hədəfə alınması

Tibbi xidmətlə bağlı saxta şikayət kampaniyaları

Sosial mediada manipulyativ paylaşımlar

Məlumatın kontekstdən çıxarılması

Reputasiya təsadüfi formalaşmır – o, strateji şəkildə qorunur. İnformasiya təhlükəsizliyi və reputasiya idarəetməsi müasir dövrdə hər bir qurumun prioritet istiqaməti olmalıdır. Qara PR-a qarşı ən güclü silah isə bilik, şəffaflıq və sistemli kommunikasiya strategiyasıdır.

Dilarə Zamanova PR mütəxəssisi

Bütün xəbərlər Facebook səhifəmizdə