“Həkim məsləhəti” rubrikasında Elvin Əzizovu təqdim edirik

Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu, tibb üzrə fəlsəfə doktoru Elvin Əzizov “Karlıq və zəif eşitmənin qarşısını almaq üçün hansı tədbirləri görmək olar” sualını cavablandırıb. SİA xəbər verir ki, eşitmə qabiliyyətinin itirilməsi dünyada əlilliyin ən geniş yayılmış forması sayılır. Ümumdünya Səhiyyə Təşkilatı hər il mart ayının 3-nü “Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günü” kimi qeyd edir. Bu Təşkilatın məlumatlarına əsasən bütün dünyada təxminən 360 milyona yaxın insan karlıq və eşitmənin bu və ya digər dərəcədə itirilməsindən əziyyət çəkir. ÜST-nin məlumatına görə, 2050-ci ilə qədər dünyada təxminən 2,5 milyard nəfər, yəni hər dörd nəfərdən biri müəyyən dərəcədə eşitmə itkisindən əziyyət çəkə bilər.

İnsan qulaq vasitəsilə eşidir. Qulaq 5 duygu üzvlərindən biri olub, insanın ətraf mühitdə olan səs impulslarını qəbul edərək eşitməsinə və nəticədə ünsiyyət qurub ətraf mühiti qavramasına yardım edir. Eşitmənin olmaması, yəni karlıq və yaxud eşitmə zəifliyi, insanın səsləri qəbul edə bilməməsinə və yaxud çox zəif qəbul etməsinə, nitq və ünsiyyət, sosial adaptasiya problemlərinə səbəb olur.

Karlıq və eşitmə zəifliyi anadangəlmə və qazanılmış olur. Anadangəlmə karlıga və eşitmə zəifliyinə irsi meyillilik, genetik xəstəliklər və ananın hamilə vaxtı, xüsusilə də, ilk trimestrdə keçirmiş oldugu infeksion xəstəliklər, alkoqol və siqaret kimi zərərli vərdişlərdən istifadə, keçirdiyi daimi stress və eləcə də vaxtından əvvəl doguşlar səbəb olur. Qazanılmış karlıq və eşitmə itkisi istər uşaq yaşlarında, istərsə də böyüklərdə həm iltihabi xarakterli olub, yuxarı tənəffüs yollarının patologiyalarına baglı olaraq keçirilmiş kəskin və xroniki orta otitlərdən sonra, həm qulaga olan mexaniki travmalar və həm də yuksək səs və küylərin daimi və intensiv təsirindən sonra eşitmə siniri travmasına baglı olaraq yaranır, həmçinin, keçirilmiş infeksion xəstəliklər və düzgün təyin edilməmiş bəzi ototoksik dərman preparatlarının qəbulundan sonra da yarana bilər.

Sadalanan həm anadangəlmə, həm də qazanılmış eşitmə itkisi vaxtında aşkar edilərsə, müalicə və reabilitasiyası müsbət nəticələr verir. Bundan başqa, qulağın xroniki infeksiyalar (məxmərək, qızılca, parotit, meningit xəstəlikləri nəticəsində yaranan), həmçinin bəzi dərman preparatları və ətraf mühitin zərərli faktorları eşitmə qabiliyyətinin itirilməsinin və ağır eşitmənin əsas səbəbləri hesab edilir.

Bir həkim kimi tövsiyə edərdim ki, eşitmə itkisi profilaktikası üçün qulaqcıqlarla yüksək tonlarda musiqiyə qulaq asmayın, yüksək səs və küylü mühitlərdə olmaqdan yayının, qulaqlarınızda tutqunluq, eşitmə zəifləməsi və ani eşitmə itkisi hiss etdikdə dərhal mütəxəssisə müraciət edin.

Uşaqlara küt və iti alətlərlə qulaqlara müdaxilə etməyin pis nəticələrini izah edin və onları qulaga yad cisimlərin salınmasından yayındırın. Bir daha qeyd etmək istəyirəm ki, qulaqlarınızda eşitmə ilə bağlı hər hansı problem olduqda vaxtında həkimə müraciət etsəniz, müalicənin nəticəsi müsbət olar.

Bütün xəbərlər Facebook səhifəmizdə