Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb FOTOLAR

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində tədbirlər davam etdirilir. Aparılan müvafiq tədbirlər nəticəsində DYPŞ əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan SİA-ya verilən məlumata görə, şəhər sakini Kamran Əliyev idarə etdiyi "İsuzu-Bogdan" şəhərdaxili marşrut avtobusu ilə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib və videoçəkiliş edərək sosial şəbəkələrdə paylaşıb. Onun barəsində DYPŞ əməkdaşları tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Əliyev 1 il sürücülük hüququndan məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib. Bundan başqa etdiyi avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşan digər bir şəhər sakini barəsində də hüquqi tədbir görülüb. Belə ki, polis əməkdaşları tərəfindən şəhər sakini Novruz Məmmədovun özünə məxsus "VAZ 2107" markalı avtomobillə təhlükəli manevrlər etməsi, yol hərəkəti qaydalarını kobud surətdə pozaraq özü və digər hərəkət iştirakçılarına təhlükə yaratması aşkarlanıb. N.Məmmədov barəsində də toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs olunub.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə