Ölümlə nəticələnən qəzada şübhəli bilinən sürücü saxlanıldı

Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü rayonun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb edilib. Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun SİA-ya daxil olan birgə məlumatında bildirilir ki, iyunun 17-də paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Zamiq Məmmədov idarə etdiyi “Hyundai” markalı 10-FS-939 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1952-ci il təvəllüdlü Zemfira Rozakovanı vuraraq hadisə yerindən qaçıb. Hadisə nəticəsində piyadanın aldığı xəsarətlərdən ölməsi faktına görə Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İlkin istintaqla hadisənin Z.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsi və yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edildiyindən o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə