Qəzada yanaraq ölən 8 nəfərin adları məlum olub

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son günlər respublika ərazisində baş vermiş dəhşətli yol qəzaları ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 4 dekabr 2011-ci il tarixdə Sumqayıt şəhəri ərazisində 8 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Həmin gün saat 19:50 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən 37-ci km-də 1970-ci il təvəllüdlü Bakı şəhərinin Sabunçu rayon sakini Fizuli Müslüm oğlunun Bakı şəhəri istiqamətində idarə etdiyi "Mersedes-Benz" markalı, 90-LT-336 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əks istiqamətdə hərəkətdə olan 1987-ci il təvəllüdlü Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi sakini Hacıyev Əli Zakir oğlunun idarə etdiyi "BMW" markalı, 10-NT-820 nöömrəli avtomobil toqquşub.

Qəza nəticəsində avtomobillərdə yanğın baş verdiyindən hər iki avtomobilin sürücüləri və sərnişinlər, "BMW" markalı avtomobildə 1988-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Səlimov Vüsal Eyvaz oğlu, 408 saylı hərbi hissənin kapitanı Babayev Ramin Nadir oğlu, Lənkəran rayon sakini 1971-ci il təvəllüdlü Nəzərov Nazim Canbaxış oğlu, Ukrayna vətəndaşları, 1976-cı il təvəllüdlü Krupa Ruslan və 1966-cı il təvəllüdlü Tatunçak Stepan, "Mersedes-Benz" markalı avtomobildə, 1993-cü il təvəllüdlü Baxşıyev Nicat Dəmir oğlu hadisə yerində yanaraq ölüblər, "Mersedes-Benz" markalı avtomobilin digər sərnişini, 1987-ci il təvəllüdlü Bakı şəhərinin Sabunçu rayon sakini Əliyev İlkin Mehman oğlu isə xəsarət alaraq Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər yol qəzası 5 dekabr 2011-ci il tarixdə Şəki rayonu ərazisində baş verib. Saat 14:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonu ərazisindən keçən 58-ci km-də 1960-cı il təvəllüdlü Bakı şəhər sakini Əfraimov Teymur İbrahimoviçin idarə etdiyi "Mazda GX-9" markalı, 10-OM-090 dövlət qeydiyyat nişanlı avtomobil Şəki rayonu istiqamətində hərəkətdə olarkən 1961-ci il təvəllüdlü Balakən rayon sakini, Kərimov Vaqif Yusif oğlunun idarə etdiyi "BMV-730" markalı, 99-BC-699 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki sürücü və "Mazda GX-9" markalı avtomobilin sürücüsü ilə eyni ünvanda yaşayan sərnişini, 1953-cü il təvəllüdlü Əfraimova Lyudmila İbrahimovna hadisə yerində ölüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə