Vaxtilə şagirdlər saatlarla kitab oxuyur, məlumatları əzbərləyir, müəllimi isə əsas bilik mənbəyi kimi qəbul edirdilər. Bu gün isə texnologiyanın sürətli inkişafı, informasiya bolluğu uşaqların öyrənmə tərzini dəyişib. Şagirdlər vizual və interaktiv tədrisə üstünlük verir, öyrəndikləri biliklərin gündəlik həyatda hansı fayda verəcəyini bilmək istəyirlər.
Bəs müasir uşaqlar niyə valideynlərindən fərqli şəkildə öyrənirlər? Məktəblər bu dəyişikliklərə nə dərəcədə uyğunlaşa bilir? SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, mövzu ilə sualı 210 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Aidə Kamilova cavablandırıb.
Həmsöhbətimiz qeyd edib ki, rəqəmsal mühit uşaqların diqqətini cəlb edən amilləri də dəyişib: “Əvvəllər müəllimin sinifdəki nüfuzu və kitablar uşaqlar üçün əsas diqqət mərkəzi idi. Bu gün isə müəllimlər onların diqqətini cəlb etmək üçün telefonlar, oyunlar və internet videoları ilə rəqabət aparırlar. Sadəcə mühazirə oxumaq artıq kifayət etmir. Müəllim dərsi daha dinamik qurmalı, oyun elementlərindən istifadə etməli və şagirdi prosesin fəal iştirakçısına çevirməlidir”.

Pedaqoqun fikrincə, texnologiya düzgün istifadə edildiyi halda təhsil üçün böyük imkanlar yaradır. İnternet vasitəsilə şagirdlər mürəkkəb mövzuları daha sürətli və vizual şəkildə mənimsəyə bilirlər. Lakin sosial şəbəkələrdən həddindən artıq istifadə edilməsi onların diqqətinin yayınmasına, səbirsizliyə və mütaliə vərdişlərinin zəifləməsinə səbəb ola bilər.
Müəllim vurğulayıb ki, alfa nəslinin tədrisində ənənəvi metodlar artıq kifayət etmir: “Bu gün müəllimin rolu dəyişir. Biz artıq şagirdlərə hazır düsturları əzbərlədən insanlar deyilik. Biz onlara düzgün sual verməyi, problem həll etməyi, məlumatı idarə etməyi və riyazi məntiqlə düşünməyi öyrədən bələdçilərə çevrilirik. Gələcəyin məktəbi dörd divardan ibarət ənənəvi sinif otağı deyil, yaradıcılıq, əməkdaşlıq və tənqidi düşüncənin inkişaf etdirildiyi müasir öyrənmə məkanı olacaq”.

Mövzunun psixoloji tərəflərindən danışan Bakı şəhəri 83 nömrəli məktəb-liseyin psixoloqu Aynur Məmmədova isə bildirib ki, müasir dövrdə texnologiyalardan geniş şəkildə istifadə edilməsi uşaqların həm öyrənməsinə, həm də ünsiyyət bacarıqlarına birbaşa təsir edir. Onun sözlərinə görə, bu gün müəllim artıq yeganə informasiya mənbəyi deyil, daha çox istiqamətverici rolunu yerinə yetirir: “Hazırda informasiya həddindən artıq çoxdur. Uşaq istədiyi məlumata bir neçə saniyə ərzində çata bilir. Bu səbəbdən müəllimin funksiyası da dəyişib. Müəllim indi uşağa hansı məlumatın etibarlı olduğunu və onu necə tətbiq etməyi göstərən şəxsdir”.
Psixoloq qeyd edib ki, yeni tədris metodları uşaqların yalnız akademik biliklərini deyil, sosial bacarıqlarını da inkişaf etdirir. Layihəəsaslı öyrənmə və qrup işləri şagirdlərə əməkdaşlıq etməyi, fikirlərini ifadə etməyi və komanda şəklində çalışmağı öyrədir.
A.Məmmədova hesab edir ki, uşaqların öyrənmə modelinin formalaşmasında ailə, məktəb, texnologiya və sosial çevrə bir-biri ilə sıx bağlıdır: “Uşağın ilk müəllimləri valideynləridir. Ailədə hansı ünsiyyət və ənənələr formalaşıbsa, bu, sonradan onun davranışında da özünü göstərir. Birlikdə kitab oxuyan, film izləyən və gün ərzində yaşananları müzakirə edən ailələrdə uşaqların ünsiyyət bacarıqları daha güclü olur. Ailədaxili ünsiyyətin zəif olduğu hallarda uşaqlar məktəbdə də özlərinə qapanmağa meyilli olurlar. Valideynlərin iş rejimi səbəbindən vaxtının böyük hissəsini kompüter və ya telefon qarşısında keçirən uşaqlarda ünsiyyət tələbatının ödənilmədiyini müşahidə edirik. Bu da onların məktəb mühitində daha passiv və ünsiyyətsiz olmasına səbəb ola bilir”.
Psixoloq rəqəmsal mühitin empatiya hissinə də təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, uşaqlar ekran arxasında özlərini daha rahat hiss etsələr də, virtual ünsiyyət zamanı qarşı tərəfin emosiyalarını birbaşa hiss etmədikləri üçün bəzən işlətdikləri sözlərin təsirini dərk etmirlər.
“Bu gün uşaqlar STEM və texnologiya ilə bağlı dərslərə böyük maraq göstərirlər. Lakin texnologiyanın üstünlükləri ilə yanaşı, onun yaratdığı riskləri də nəzərə almalıyıq. Əsas məsələ uşaqları texnologiyadan uzaqlaşdırmaq deyil, onlardan düzgün istifadə etməyi öyrətməkdir”, - deyə A.Məmmədova əlavə edib.
Mütəxəssislərin fikrincə, müasir uşaqlar əvvəlki nəsillərdən fərqli olaraq informasiyanı əzbərləməkdən daha çox, onu haradan əldə etmək və necə tətbiq etmək üzərində düşünürlər. Bu səbəbdən ailə, məktəb və cəmiyyətin birgə səyləri yeni nəslin ehtiyaclarına uyğun təhsil mühitinin formalaşdırılmasında həlledici rol oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB