Son illər valideynlərin və şagirdlərin ən çox şikayətləndiyi məqam dərsliklərin dilinin ağırlığı və anlaşıqsız olmasıdır. Artıq rəsmi qurumlar da təsdiqləyir ki, aparılan monitorinqlərdə uşaqların bəzi movzuları qavramaqda çətinlik çəkdiyi üzə çıxıb. Təhsil İnstitutu problemin həlli üçün dərslik müəlliflərinə iradların bildirildiyini və növbəti nəşrlərdə bunun nəzərə alınacağını vəd edir. Bəs, illərdir davam edən bu "təkmilləşdirmə" prosesi niyə hələ də istənilən nəticəni vermir? Bəs, dərsliklərin dilini bu qədər qəlizləşdirən əsas səbəb nədir? Hazırda dərsliklərin ən böyük çatışmazlıqları hansılardır?
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov SİA-ya açıqlamasında bildirib ki, dərsliklərin dilinin ağır və anlaşıqsız olması texniki redaktə nöqsanı deyil, təhsil məzmununun planlaşdırılması, hazırlanması və yoxlanılması mərhələlərində illərdir yığılıb qalmış sistemli problemlərin nəticəsidir:
"Burada əsas ziddiyyət ondan ibarətdir ki, dərslik pedaqoji alət kimi yox, çox zaman elmi mətn kimi yazılır və uşağın idrak səviyyəsi deyil, müəllifin akademik dünyagörüşü mərkəzə çəkilir. Rəsmi qurumların apardığı monitorinqlərdə şagirdlərin müəyyən mövzuları qavramaqda çətinlik çəkməsinin təsdiqlənməsi də göstərir ki, uzun illərdir davam edən “təkmilləşdirmə” mexanizmi mahiyyətcə dəyişmədiyi üçün nəticə də dəyişmir.
Dərslik dilinin qəlizləşməsinin əsas səbəbi dərslik yazılışında məqsədin yanlış müəyyənləşdirilməsidir. Əsas məqsəd uşağa mövzunu başa salmaq yox, proqramda nəzərdə tutulan bütün anlayışları “tam və elmi” şəkildə təqdim etmək kimi qəbul olunur. Nəticədə yaş səviyyəsinə uyğun olmayan terminlər, uzun cümlələr, abstrakt izahlar dərsliyin əsas xəttinə çevrilir. “Təhsil haqqında” Qanunun 19-cu maddəsində təhsil məzmununun təhsilalanların yaş, bilik və psixoloji xüsusiyyətlərinə uyğun qurulması açıq şəkildə qeyd olunsa da, bu prinsip dərsliklərin real mətnində çox zaman kağız üzərində qalır. UNESCO-nun dərsliklərlə bağlı tövsiyələrində isə göstərilir ki, ibtidai və əsas orta pillədə bir paraqrafda təqdim edilən yeni anlayışların sayı məhdudlaşdırılmalıdır; Azərbaycanda aparılan müşahidələr bəzi dərsliklərdə bu normanın 2–3 dəfə aşldığını göstərir.
Hazırkı dərsliklərin ən böyük çatışmazlığı onların şagirdlə kommunikasiya qurmamasıdır. Mətndə həyat nümunələri zəifdir, sualvermə mexanizmi formal xarakter daşıyır, cümlələr danışıq dilindən uzaq, ağır sintaksislə qurulur. Bu, dərsliyin oxunuşunu mexaniki prosesə çevirir. PISA 2018 və 2022 nəticələri göstərir ki, oxu savadlılığında zəif nəticə göstərən ölkələrdə şagirdlərin böyük hissəsi oxuduğu mətni şərh etməkdə çətinlik çəkir. Azərbaycanda da oxu savadlılığı üzrə göstəricilərin aşağı olması dərslik dili ilə birbaşa əlaqəlidir. Statistik müqayisələrdə oxu savadlılığında yüksək nəticə göstərən Estoniya və Finlandiyada dərsliklərin dili qısa cümlələrə, gündəlik həyat nümunələrinə və mərhələli izaha əsaslanır.
Mənfi cəhətlərdən biri də dərsliklərin hazırlanma mərhələsində “uşaq dili” ilə işləyən peşəkar redaktorların faktiki olaraq sistemdən kənarda qalmasıdır. Mövcud redaktə prosesi əsasən orfoqrafiya, terminoloji uyğunluq və formal korrektə ilə məhdudlaşır. Halbuki uşaq psixologiyası, inkişaf səviyyəsi və idrak yükü üzrə ixtisaslaşmış redaktorlar dərslik komandasının ayrılmaz hissəsi olmalıdır. İnkişaf etmiş ölkələrdə dərsliklər çap olunmazdan əvvəl pilot oxunuşdan keçirilir. Almaniya və Niderland təcrübəsində dərslik layihələri real sinif mühitində sınaqdan keçirilir, şagirdlərin anlamadığı hissələr rəsmi hesabatlarda qeyd olunur və yalnız bundan sonra çap icazəsi verilir. Azərbaycanda isə çox zaman problemlər dərslik dövriyyəyə buraxıldıqdan sonra üzə çıxır.
Bununla yanaşı, müsbət tərəfləri xüsusi qeyd etmək lazımdır. Elm və Təhsil Nazirliyinin və Təhsil İnstitutunun son illərdə dərslik keyfiyyəti ilə bağlı monitorinqlər aparması, problemləri açıq şəkildə etiraf etməsi və növbəti nəşrlərdə dəyişiklik vəd etməsi mühüm institusional dönüşün əlamətidir. Təhsildə uzun müddət inkar edilən məsələlərin bu gün rəsmi səviyyədə müzakirə edilməsi və düzəlişlərin planlaşdırılması düzgün idarəetmə yanaşmasından xəbər verir. Bu, nazirliyin data əsaslı qərarvermə modelinə keçidinin real göstəricisidir.
Müqayisəli yanaşma göstərir ki, uğurlu təhsil sistemlərində dərsliklər “bilgi yığımı” deyil, “öyrənmə ssenarisi” kimi dizayn olunur. Yaponiya və Sinqapurda dərsliklər müəllimi təkrar edən yox, müəllimə istiqamət verən və şagirdi düşündürən materiallar kimi hazırlanır. Bu ölkələrdə şagirdin mətni anlama faizi monitorinqlərlə ölçülür və əgər göstərici gözlənilən səviyyədən aşağıdırsa, dərslik istifadədən çıxarılır. Azərbaycanda da bu cür nəticəyönümlü mexanizmlərin tətbiqi dərslik islahatında keyfiyyət sıçrayışı yarada bilər.
Hesab edirəm ki, dərslik probleminin indiyə qədər tam həll olunmamasının səbəbi dəyişikliklərin daha çox forma, az isə məzmun üzərində qurulmasıdır. Dil sadələşdirilmədikcə, cümlə şagirdin düşüncə tərzinə uyğunlaşdırılmadıqca, dərslik müəllimin izahına möhtac qalacaq. Halbuki dərslik uşağın ilk müəllimi olmalıdır. Elm və Təhsil Nazirliyinin başlatdığı müzakirə və islahat istiqaməti doğru addımdır və əgər yanaşma köklü şəkildə dəyişərsə, dərsliklər artıq şagird üçün çətinlik mənbəyi yox, öyrənmənin əsas dayaq nöqtəsinə çevrilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB