"İlham Əliyev ilə Abiy Əhməd Əli arasında keçirilən geniştərkibli görüş Azərbaycan–Efiopiya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu səfər təkcə diplomatik protokol xarakteri daşımır, həm də iki ölkənin strateji baxışlarının üst-üstə düşdüyünü göstərən mühüm siyasi hadisədir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi, Efiopiya isə Afrikanın sürətlə inkişaf edən və geosiyasi baxımdan əhəmiyyətli ölkələrindən biri kimi qarşılıqlı əməkdaşlıq üçün real potensiala malikdir: "İlk növbədə, siyasi dialoqun intensivləşməsi çoxtərəfli platformalarda qarşılıqlı dəstəyin güclənməsinə xidmət edir. Xüsusilə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində əməkdaşlıq, eləcə də COP32 ilə bağlı imzalanmış anlaşma memorandumu Azərbaycanın qlobal iqlim gündəliyində artan rolunu və Efiopiyanın bu prosesdə tərəfdaş kimi çıxış etmək niyyətini göstərir. Bu, Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəallığını artırmaqla yanaşı, Afrika istiqamətində diplomatik mövqelərini də gücləndirir. İqtisadi müstəvidə isə kənd təsərrüfatı, energetika, mədən sənayesi, rəqəmsal transformasiya və süni intellekt kimi sahələr üzrə əməkdaşlıq perspektivləri xüsusi diqqət çəkir. Efiopiya geniş insan resurslarına və kənd təsərrüfatı potensialına malikdir, Azərbaycan isə enerji, innovasiya və dövlət xidmətlərinin təşkili sahəsində ciddi təcrübə qazanıb. “ASAN xidmət” və “DOST” modellərinin Efiopiyada tətbiqi ilə bağlı müzakirələr Azərbaycanın idarəetmə brendinin ixracı baxımından mühüm əhəmiyyət daşıyır. Bu isə artıq klassik iqtisadi əməkdaşlıqdan kənara çıxaraq institusional təcrübə mübadiləsinə keçidi ifadə edir. Müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması isə münasibətlərin strateji dərinliyini artıran amildir. Bu, tərəflərin təhlükəsizlik məsələlərində qarşılıqlı etimada əsaslanan əlaqələr qurmaq niyyətini göstərir. Eyni zamanda, investisiyaların təşviqi, antikorrupsiya sahəsində əməkdaşlıq və media qurumları arasında əlaqələrin qurulması münasibətlərin çoxşaxəli və sistemli xarakter aldığını sübut edir.
Geosiyasi baxımdan Azərbaycan üçün Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi Qoşulmama Hərəkatındakı fəal rolunun davamı kimi qiymətləndirilə bilər. Efiopiya isə Afrika İttifaqının qərargahının yerləşdiyi ölkə kimi qitə miqyasında mühüm təsir imkanlarına malikdir. Bu kontekstdə Bakı ilə Əddis-Əbəbə arasında formalaşan tərəfdaşlıq yalnız ikitərəfli deyil, həm də daha geniş regional çərçivədə əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycan–Efiopiya münasibətlərini siyasi bəyanatlar səviyyəsindən praktik və institusional əməkdaşlıq mərhələsinə daşıyan mühüm addım kimi dəyərləndirilə bilər. Qarşıdakı illərdə konkret layihələrin reallaşması bu tərəfdaşlığın real geosiyasi və iqtisadi nəticələrini daha aydın şəkildə göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB