Dövlət qulluğuna hazırlaşanlar ən çox nədən əziyyət çəkir? - TƏHSİL EKSPERTİ İZAH ETDİ
“İlk növbədə qeyd edim ki, 2016-cı ildən etibarən dövlət qulluğuna qəbul imtahanlarını Dövlət İmtahan Mərkəzi həyata keçirməyə başlayıb. Etiraf edək ki, imtahanların məzmununda, test tapşırıqlarının strukturunda biz ciddi bir dəyişikliklər görürük. Hesab edirəm ki, dövlət qulluğuna qəbul imtahanlarında da müəyyən sadələşdirilmələrə ehtiyac var. Çünki hal-hazırda mövcud qaydalar müəyyən qədər problemdir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, imtahanlar əsasən 2 mərhələdən ibarətdir: “Test imtahan mərhələsi və test imtahanından sonra müsahibə şərtini ödəyənlərin müsahibə mərhələsi. Ən ciddi problem təbii ki, müsahibə mərhələsində baş tutur. Çox təəssüflər olsun ki, müsahibə mərhələsində bir çox hallarda dövlət qulluğuna qəbulda imtahan iştirakçılarına problemlər yaradılır. Yəni, hal-hazırda biz problemləri iki hissəyə bölürük. 1-ci müsahibə mərhələsində süni şəkildə yaradılan problemlər, yəni bir çox hallarda çıxarılan vakant yerlər əslində vakant olmur. Onlar dövlət qulluğuna yaxın olan şəxslər tərəfindən tutulur. Amma onlar test imtahanından keçə bilmirlər. Müsahibəyə gələn həmin adi vətəndaşlar da süni şəkildə komissiya tərəfindən az balla qiymətləndirilir və yararsız elan edilir. Biz bu problemləri mütəmadi olaraq müşahidə edirik”.
Kamran Əsədov sözlərinə belə davam edib: “2-ci test tapşırığının məzmunu ilə bağlıdır. Bir çox hallarda keçirilən imtahanlardan sonra imtahan iştirakçıları bununla bağlı iradlarını bildirirlər. Təqdim edilmiş suallar daha çox nəzəri bacarıqları yoxlayır, o qədər incə materiallar, rəqəmlər soruşulur ki, etiraf edək dövlət qulluğuna qəbul üçün ən azı 8-9 qanunu oxumaq lazımdır və heç də imtahan iştirakçılarının hamısı humanitar sahədə hüquq və yaxud da ki politologiya bu tipli ixtisaslarda oxuyan şəxslər deyillər. Onlar texniki təbiət fənnlərini oxuyurlar və onlar üçün qanunvericilik kifayət qədər yeni və çətindir. Düzdür, bu suallarla daha yaxşı bilik və bacarıqlara malik olan şəxslərin seçilməsi nəzərdə tutulur. Amma sualların tipi, forması bəzi hallarda daha yaxşı şəxslər seçməyə imkan vermir, mövcud qaydalar daha çox əzbərləmək imkanına malik olan şəxsləri seçimə imkan verir. Yəni, hal-hazırda biz daha çox sualların məzmunu ilə bağlı şikayətləri görə bilirik və hesab edirəm ki, praktiki suallara üstünlük versək, daha yaxşı olar. Əzbərləyib yüksək bal toplayan amma perspektivi olmayan şəxsdənsə, onunla müqayisədə 5-6 bal az toplayan, amma həqiqətən də dövlət qulluğu üçün perspektivi olan şəxslər seçilə bilərlər.
Digəri də hesab edirəm ki, keçid balları ən azı beş bal aşağı salınsa daha da rəqabət mühiti artar, eyni zamanda gənclərin boş vakant yerlərə təminatının faizi yüksələr. Biz görürük ki, bir çox yerlərə vakant yerlər tutulmur. Müəyyən qədər keçid ballarında kateqoriyalar üzrə aşağı enmələr olsa daha yaxşı olardı”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə