Azərbaycandan İsveçin işgüzar dairələrinə təklif

İsveçin işgüzar dairələrinə Ələt azad iqtisadi zonasında investisiya imkanları, habelə əvvəllər işğal olunmuş ərazilərdə bərpa layihələri haqqında məlumat verilib.

SİA xəbər verir ki, Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov İsveç Ticarət Palatasının Rusiya və MDB ölkələri üzrə rəhbəri Haynts Syegren ilə görüşüb.

Görüş çərçivəsində qarşılıqlı ticarət və iqtisadi əlaqələrin inkişafı və İsveç sərmayələrinin Azərbaycan iqtisadiyyatına artımı perspektivləri müzakirə edilib.

Zaur Əhmədov Haynts Syegrenə Azərbaycanda aparılan iqtisadi islahatlar, həmçinin İsveç şirkətlərinin fəaliyyəti üçün açılan böyük imkanlar haqqında danışıb. Onun sözlərinə görə, xüsusilə Ələt azad iqtisadi zonası bütün xarici investorlar üçün İsveç şirkətləri tərəfindən istifadə oluna biləcək böyük üstünlüklər və imkanlar vəd edir.

Səfir, həmçinin İsveç texnoloji şirkətlərinin Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa işlərində iştirakı üçün geniş perspektivlərin mövcudluğuna işarə edib. Zaur Əhmədov hesab edir ki, xüsusilə İsveç şirkətləri bu ərazilərdə ağıllı şəhərlər və kəndlər yaradılması və müasir infrastrukturun yaradılması sahəsində öz həll yollarını təklif edə bilərlər.

Bundan əlavə, görüş çərçivəsində yaşıl enerji sahələrini inkişaf etdirmək niyyətində olan bir ölkə olaraq Azərbaycanın bu sahədə əməkdaşlıqda maraqlı olduğu vurğulanıb. Bütün bunlar, eləcə də turizmin inkişafı üçün geniş perspektivlər İsveç və Azərbaycana iqtisadi münasibətlərin inkişafı üçün böyük imkanlar vəd edir.

Öz növbəsində, Rusiya və MDB ölkələri üzrə İsveç Ticarət Palatasının rəhbəri Haynts Syegren, Azərbaycan bazarında işləməkdə maraqlı olduqlarını bildirən çox sayda İsveç şirkətinin mövcud olduğunu qeyd edib.

Görüş çərçivəsində əməkdaşlığın digər sahələri üzrə işlərə başlanması, həmçinin Ələt azad iqtisadi zonasında investisiya imkanlarının İsveçdə xüsusi təqdimatının keçirilməsinin əlavə müzakirələrinin aparılmasına dair qərar verildi.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə