Türkiyə şirkətlərinə dəstək veriləcək

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Türkiyə Cümhuriyyətinin İqtisadiyyat Nazirliyinin başçılığı ilə "Qablaşdırılmış süd və süd məhsulları Sənayeçilər Birliyi"nin (ASÜD) üzvləri ilə görüş keçirilib. SİA-ya verilən məlumata görə, görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, Sahibkarlığa Kömək Milli Fondunun, Azpromonun, 20-dən çox türk şirkətinin və Azərbaycanda fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.

Azərbaycanla Türkiyə arasında siyasi-iqtisadi əlaqələrə toxunan Azərbaycan Sahibkarlar Konfederasiyanın prezidenti Məmməd Musayev hər iki ölkə arasında qardaşlıq, dostluq münasibətlərindən söhbət açaraq, bu əlaqələrin gündən-günə daha da sürətlə inkişaf etdiyini söyləyib. Ölkə iqtisadiyyatı haqqında qonaqlara ətraflı məlumat verən M. Musayev bildirib ki, son illər ölkəmizə investisiya yatıran xarici şirkətlər içərisində türk şirkətləri qabaqcıl yer tutur. ASK-nın prezidenti iki ölkə sahibkarlarının süd və süd məhsullarının istehsalı sahəsində də qarşılıqlı əməkdaşlığın davamı üçün Sahibkarlar Konfederasiyasının lazımı dəstək verəcəyini vəd edib. Konfederasiyanın nəzdində "ASK Biznes Konsaltinq" MMC-nin fəaliyyətə başlaması və bu qurumun xarici şirkətlərin ölkəmizdə qeydiyyatdan keçməsinə və digər məsələlərin həllinə köməklik edəcəyi qonaqların nəzərinə çatdırılıb.

Tədbirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün elektron müraciət vasitəsilə qeydiyyatdan keçməyin mümkünlüyü, türkiyəli iş adamlarının fəaliyyəti üçün ölkəmizdə hər cür şəraitin yaradıldığı barədə məlumat verilib.

Türkiyənin 115 üzvü olan "Qablaşdırlmış süd və süd məhsulları Sənayeçilər Birliyi"nin (ASÜD) sədri Harun Çallı deyib ki, Azərbaycanda süd və süd məhsullarına olan təlabatı araşdırmaq, bu sahədə çalışan yerli iş adamları ilə birgə işgüzar əlaqələr qurmaq niyyətindədirlər. Qonaq bu sahədə Türkiyənin zəngin təcrübəyə malik olduğunu qeyd edərək, ötən ilin statistik göstəriciləri üzərində dayanıb. Bildirib ki, Türkiyədə istehsal olunan süd məhsulları keyfiyyətinə görə dünyada ilk yerlərdən birini tutur. Belə ki, son 3 ildə süd və süd məhsulları istehsalı sahəsində 40% artım qeydə alınıb. Ötən il isə Türkiyədə 17 mln. 400 min ton süd istehsal olunub. Türk iş adamları Azərbaycanda da bu təcrübəni bölüşmək, ortaq şirkətlərin təməlini qoymaq niyyətindədirlər. Türkiyə nümayəndə heyəti ölkəmizdə əsasən dondurma sahəsində istehsal müəssisələrinin sayının artırılmasının tərəfdarı olduğunu dilə gətiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə