“Kredit tətili ” mexanizmi Azərbaycanda tətbiq oluna bilərmi? - İQTİSADÇI AÇIQLADI

“Kredit tətili ” mexanizmi Azərbaycanda tətbiq oluna bilərmi? - İQTİSADÇI AÇIQLADI

Son illər dünyada iqtisadi çətinliklərin artması bir çox insanın kredit ödənişlərində problemlərlə üzləşməsinə səbəb olub. Bir sıra ölkələrdə tətbiq olunan “kredit tətili” mexanizmi borcalanlara müəyyən müddət ərzində ödənişləri dayandırmaq və maliyyə vəziyyətlərini sabitləşdirmək imkanı yaradır. Bu sistem xüsusilə işsiz qalan, gəliri azalan və ya fövqəladə hallarla qarşılaşan şəxslər üçün mühüm dəstək hesab olunur. Bəs kredit tətili ölkəmizdə nə dərəcədə real və effektiv həll yolu ola bilər? “Kredit tətili ” mexanizmi Azərbaycanda tətbiq oluna bilərmi? Bu imkan hansı kateqoriyadan olan borcalanlara şamil edilə bilər?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli SİA-ya açıqlamasında bildirib ki, bankın öz qərarı ilə borc verən bankda kredit götürən vətəndaşlar üçün müəyyən dəyişikliklər edilə bilər:

"Bank öz qərarı ilə kredit şərtlərini dəyişə, güzəşt dövrü tətbiq edə və ya krediti restrukturizasiya edə bilər. Lakin dövlət tərəfindən bütün banklar üçün ümumi kredit tətili tətbiq edilə bilməz. Bu, yalnız fövqəladə vəziyyət yarandığı halda mümkündür. Fövqəladə vəziyyət dedikdə gözlənilməz hadisələr, kəskin iqtisadi böhran və ya təbii fəlakətlər nəzərdə tutulur. Belə hallarda dövlət müəyyən qərarlar qəbul edə bilər. Ancaq normal şəraitdə kredit ödənişlərinin təxirə salınması yalnız bankın öz qərarı ilə mümkündür.

Burada məsələnin iki tərəfi var. Banklar öz vəsaitlərini deyil, digər vətəndaşlardan və təşkilatlardan cəlb etdikləri vəsaitləri kredit şəklində müştərilərə təqdim edirlər. Bank maliyyə vasitəçisi rolunu oynayır: bir tərəfdən vəsait cəlb edir, digər tərəfdən isə həmin vəsaitləri kredit kimi verir. Əgər bank verdiyi kreditlərin geri qaytarılmasını tələb etməsə, o zaman cəlb etdiyi vəsaitlər üzrə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkə bilər. Bu isə maliyyə sistemində problemlər yarada və iqtisadiyyatın fəaliyyətinə mənfi təsir göstərə bilər. Kredit tətilinin kütləvi şəkildə tətbiqi iqtisadiyyata ciddi zərər vura bilər.

Bu səbəbdən belə məsələlərin geniş miqyasda tətbiqi məqsədəuyğun hesab edilmir. Lakin banklar fərdi qaydada öz müştərilərinin vəziyyətini nəzərə alaraq kreditlərin restrukturizasiyasını həyata keçirə və ya müəyyən güzəştlər tətbiq edə bilərlər. Bu qərar kredit verən bankın səlahiyyətində olmalıdır.

Dövlətin və ya hər hansı yuxarı qurumun bankları buna məcbur etməsi düzgün yanaşma hesab olunmur. Kredit tətili və ya güzəştlər yalnız kredit götürərkən mövcud olan şərtləri sonradan ciddi şəkildə pisləşmiş şəxslərə tətbiq oluna bilər. Məsələn, gəliri kəskin azalan, işini itirən və ya fövqəladə vəziyyətlə üzləşən şəxslər bu kateqoriyaya aid edilə bilər.

Belə hallarda bank müştərinin vəziyyətini qiymətləndirərək müəyyən müddət üçün ödənişlərin dayandırılması və ya yüngülləşdirilməsi barədə qərar qəbul edə bilər. Xüsusilə yaxşı kredit tarixçəsinə malik olan və müvəqqəti çətinliklərlə üzləşən müştərilərə banklar dəstək göstərə bilərlər.

Bu cür kredit tətillərinin banklara təsirinə gəldikdə isə, müəyyən müsbət tərəflər mövcuddur. Kredit ödənişini həyata keçirə bilməyən müştəri problemli kreditlər siyahısına düşmək əvəzinə müəyyən müddət qazanır. Nəticədə müştərinin kredit tarixçəsi korlanmır, bank müştərisini itirmir və cəmiyyətdə sosial gərginliyin azalmasına müəyyən töhfə verilir.

Lakin mənfi təsirləri daha çox ola bilər. Kredit ödənişlərinin təxirə salınması bankın pul axınında problemlər yarada bilər. Bank faiz gəlirlərini vaxtında əldə edə bilməz, kredit portfelində qeyri-müəyyənlik yaranar və risklərin idarə olunması çətinləşər. Hətta bəzi hallarda bu vəziyyət bankın maliyyə dayanıqlılığına mənfi təsir göstərə bilər.

Bu səbəbdən kredit tətili və digər güzəştlər yalnız bankın öz qiymətləndirməsi əsasında, fərdi qaydada və əsaslandırılmış hallarda tətbiq edilməlidir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə