"Dövlət müəssisələrinin özəlləşdirilməyə hazırlanması məqsədəuyğun sayılır" - İQTİSADÇI FİKRİD

"Dövlət müəssisələrinin özəlləşdirilməsi zərurəti iqtisadi ədəbiyyatda və dünya təcrübəsində geniş şəkildə əsaslandırılmışdır. İqtisadi elm və beynəlxalq praktika göstərir ki, özəl sektor idarəetmə və təsərrüfat fəaliyyəti baxımından daha effektiv, səmərəli və nəticəyönümlü olur. Bunun əsas səbəbi şəxsi sahibkarlıq maraqlarının, yəni fərdi qazanc motivasiyasının daha rasional və operativ idarəetmə qərarlarına gətirib çıxarmasıdır. Bu müddəa həm nəzəri, həm də empirik şəkildə sübut olunmuşdur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, müəyyən sahələr var ki, onların strateji və ya sosial əhəmiyyətinə görə dövlətin iştirakı vacib sayılır: "Xüsusilə iqtisadi böhran dövrlərində və ya qeyri-sabit şəraitdə sahibkarların qeyri-effektiv fəaliyyəti müşahidə olunduqda, dövlətin həmin sahələrdə müvəqqəti olaraq iştirak etməsi məqsədəuyğun hesab edilir. Bu cür hallarda dövlətin rolu, cəmiyyət üçün həyati əhəmiyyət kəsb edən sahələrin fəaliyyətinin dayanmaması və ümumi sabitliyin qorunması baxımından əsaslandırılır.

Ümumilikdə isə iqtisadi elmdə geniş şəkildə qəbul olunmuş yanaşma ondan ibarətdir ki, dövlət əsasən siyasətin formalaşdırılması və tənzimləmə funksiyaları ilə məşğul olmalıdır. Xüsusən də müsbət eksternal effektlər (xarici faydalar) yaradan, məsələn, təhsil, səhiyyə və ətraf mühitin mühafizəsi kimi sahələrdə dövlətin rolu mühüm hesab olunur. Buna qarşılıq olaraq, məhsul istehsalı, satış, xidmətlər və kommersiya yönümlü fəaliyyətlər kimi sahələr özəl sektorun səlahiyyətində olmalıdır. Çünki bu sahələrdə bazar mexanizmi və rəqabət mühiti daha effektiv nəticələr verir.

Dövlət yalnız ictimai məhsulların – yəni özəl sektorun maraq göstərmədiyi, lakin cəmiyyət üçün vacib olan xidmətlərin – təminatında iştirak etməlidir. Belə məhsullara müdafiə, hüquq-mühafizə, əsas infrastruktur və təbii fəlakətlərin qarşısının alınması daxildir".

Ekspert bildirib ki, bu kontekstdə bir çox dövlət müəssisələrinin, xüsusilə maliyyə sektoru, banklar və kommersiya yönümlü şirkətlərin özəlləşdirilməsi məqsədəuyğun sayılır: "Dövlət maliyyə sektorunda iştirak etdikdə, bazar rəqabətinə müdaxilə etmə riski artır və bu, ümumi səmərəliliyi azalda bilər. Buna görə də, bu cür sahələrdə dövlət mülkiyyətindən çıxmalı, daha çox nəzarət, tənzimləmə və siyasət formalaşdırma funksiyalarına fokuslanmalıdır.

Məsələn, SOCAR-ın özü - neft şirkəti timsalında baxdıqda görmək mümkündür ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində neft sektorunda fəaliyyət göstərən şirkətlərin əhəmiyyətli hissəsi qeyri-özəl sektora aiddir. Bununla belə, daha effektiv idarəetmə üçün bu cür strukturların özəlləşdirilməsi məqsədəuyğun hesab olunur. Kommunal idarələrin isə yalnız müəyyən hissəsi dövlətin balansında qalmalıdır. Məsələn, enerji istehsalı strateji baxımdan dövlətə məxsus ola bilər, lakin enerji satışı, ödənişlərin toplanması, bölüşdürmə və paylaşma funksiyaları özəl sektora ötürülməlidir.

Çünki dövlətin iqtisadiyyatda çox geniş təmsil olunması özəl sektorun inkişaf imkanlarını məhdudlaşdırır. Azərbaycanda məşğulluq statistikası göstərir ki, əmək bazarında çalışanların təxminən 50 faizi dövlət sektorunda, digər 50 faizi isə özəl sektorda fəaliyyət göstərir. Bu rəqəm bazar iqtisadiyyatı prinsipləri ilə müqayisədə anormaldır. Çünki digər qonşu ölkələrdə, xüsusilə də bazar iqtisadiyyatına keçid etmiş ölkələrdə dövlət sektorunun məşğulluq strukturunda payı təqribən 25-30 faiz təşkil edir. Halbuki Azərbaycanda bu göstərici 50 faizə yaxındır. Muzdlu əməyin strukturuna baxdıqda da, dövlətin payı bir çox hallarda 50 faizə çatır. Yalnız son aylarda bu göstəricidə müəyyən azalma müşahidə olunur və bu da təxminən 46-48 faiz civarında dəyişir.

Mən hesab etmirəm ki, özəl sektorun genişləndirilməsi sosial narazılıqlara səbəb ola bilər. Əksinə, hesab edirəm ki, sahələrin davamlı inkişafı baxımından bir sıra fəaliyyət sahələri ölkəmizdə də özəlləşdirilməlidir. Bu həm iqtisadi səmərəlilik, həm də idarəetmədə keyfiyyət baxımından vacibdir. Eyni zamanda, dövlətin bu istiqamətdə investisiya siyasəti yürütməsi və dövlət müəssisələrinin özəlləşdirilməyə hazırlanması məqsədəuyğun sayılır"- deyə iqtisadçı əlavə edib.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə