"Ağıllı alıcı" ideyasının elementləri çox geniş və çoxşaxəli spektra malikdir. Nə qədər intellektiniz dərindirsə və nə qədər iradəyə sahibsinizsə siz bir o qədər dərin ağıla malik alıcı ola bilərdiniz. Ağıllı alıcı olmaq isə insana həmişə qazandırır, ona daha çox mənfəət və divident gətirir.
Bəzəkli qablaşdırmalar, süni dadlar, məhsullara gözəl görkəm verən maddələr və materiallar əslində elə bizim "ağlımızı əlimizdən alan" marketinq manipulyasiyasıdır. Çünki bu əlamətlər bizi daha çox xərcləməyə vadar edir. Onlar bizi aldatmaq istəyir, biz isə hisslərimizin toruna düşərək aldanırıq.
Məsələn, 5 manata olan gözəl qablaşdırılmış "kərə yağı" sizi aldada bilər. Həm gözəl qablaşdırması var, həm ucuzdur, həm də çox gözəl dadı var. Amma əslində bu yağın maya dəyəri cəmi 2 manat təşkil edir və zərərli yağdır. Siz bunu bir ay istifadə edəndən sonra xəstələnərək 1000 manat xərcə düsə bilərsiniz. Bir ayda siz hər kiloqramda 15 manat qənaət etməklə 80-100 manat artıq vəsait əldə edə bilərsiniz. Amma bu biri tərəfdən, bir neçə aydan sonra xəstələnərək 1000 manat xərcə düşşə biiərsiniz. Ən yaxşı halda itirdiyiniz məbləğ 800 manata bərabər olacaq. Ona görə də bazarda, mağazada və super-marketlərdə zərərli və ucuz qida məhsulları almayın. Unutmayın ki, qiymət həmişə keyfiyyət göstəricisi olmasa da, keyfiyyətli məhsulun sanballı qiymeti mütləq olmalıdır.
Məsələn, bir kiloqram kərə yağı 3,6% yağlılığa malik 24-25 litr təzə və təbii süddən alınırsa, onun qiyməti hansı məntiqlə 5-6 manat ola bilər? Südü fermədən topdansatış qiymətinə alsalar da, qiymət uzaq başı 60 qəpiyə düşə bilər. Bu qiymətə 25 litr südün dəyəri isə 15 manata bərabərdir. Deməli Azərbaycanda 1 kiloqram kərə yağının xammalının maya dəyəri aşağısı 15 manat təşkil edir.
Lakin bir məsələ də var ki, xaricdə, məsələn, elə İranda kərə yağının maya dəyəri bizim pulla 4-5 manata başa gəlir. Çünki İranda süd ucuzdur - bizim pulla südü İranda 10-15 qəpiyə topdansatış qiymətə almaq mümküňdür. Ona görə də İranda 1 kiloqram kərə yağının xammalını dəyəri 3-3,7 manat təşkil edir. Bu səbəbdən də İran istehsalı olan kərə yağının Azərbaycana idxal qiyməti ötən il 8,27 manat təşkil edib. Hər bir heyvandarlıq məhsulunun keyfiyyəti ilə qiymətini müqayisə edib, bu cür nəticə çıxarmaq vacibdir.
Yağ, pendir, xama, qaymaq, ət, düyü və s. bu kimi məhsulların təbii olmasına xüsusi diqqət yetrilməlidir. Əks təqdirdə, bu məhsulların saxta olması sağlamlığınıza daha çox zərər vura bilər. Bu isə sizin xərclərinizin bir neçə dəfə artmasına gətirib çıxara bilər.
Marketinq monopoliyayası.
Marketinq manipulyasiyaları, istehlakçının davranışına və seçiminə təsir etmək üçün sosial-psixoloji texnikaların istifadəsidir. Məqalədə ümumi üsulları, etik sərhədləri, reklamdan qorunma üsullarını nəzərdən keçiririk.
Marketinq manipulyasiyası reklamdakı manipulyasiya, duyğulara təsir edən psixoloji taktikaların istifadəsində ifadə olunur, istifadəçinin qavrayışını təhrif edir və onu kütləvi alışa sövq edir. Bu taktikalar qısa müddət ərzində satışları çoxaltmağa kömək edirlər. Onlar yalnız aldananlardan bəhrələnir - onların kütləvi alışlarından külli miqdarda gəlir əldə edirlər.
Hiss edirsinizsə, həmişə bazarlığa gedəndə heç də planlaşdırdığınız məbləğə hər şeyi almağa pul çatmır. Bunun əsas səbəbi məhz sizə təsir göstərən marketinq manipulyasiyasıdır. Bu çox az qisimdə - haqsızlıq hiss edən müştərilərin etibarının azalmasına səbəb olur.
Manipulyasiyaların əsası sosial-psixologiyadır. Prinsip Amerikalı alim İbrahim Maslowun diaqramına görə insanların motivasiyasının və ehtiyaclarının idarə edilməsi üzərində qurulur. Alim insanın istəklərini yeddi bloka bölür: fiziologiya, təhlükəsizlik, ictimaiyyət, sosial vəziyyət, yaradıcı təzahürlər, estetika və mənəviyyat.
Böyük super-marketlərin aurası, geniş ekranlardakı reklamlar, parıltılı qablaşdırmalar, hətta, zövqlə geyinmiş satıcı və menecerlərin həlim davranışları, bütun bu aspektlərdən alıcıya təzyiq göstərilir ki, daha çox al! Lakin ağıllı alıcı bütün bu təzyiqləri rahatlıqla qəbul edib, diqqətlə öz beyin süzgəcindən keçirib, yalnız özünə vacib olan məhsulları seçib səbətə atmalıdır. Xəzinədara yaxınlaşmazdan əvvəl, diqqətlə sayın görək, sizin market səbətninzdə əlinizdəki bazarlıq siyahısından kənar neçə mal və ya məhsul var? Sizin səbətinizdə əlinizdə olan, evdə təsdiqlədiyiniz bazarlıq siyahısından kənar nə qədər məhsul varsa, deməli marketinq manipulyasiyası vasitəsi ilə siz o məbləğdə aldadılmısınız.
Özünü marketinq manipulyasiyasından qorumaq üçün alıcı tənqidi düşüncəni inkişaf etdirməli, yalnız özünə ehtiyac olan malları anlamalı, reklam və təkliflərə diqqətli olmalıdır. Bu halda həm də satınalmaları planlaşdırmağa və reklam materiallarına məruz qalmağı məhdudlaşdırmağa dəyər.
Reklam mütəxəssisləri insan psixikasının nüanslarını nəzərə alır və insanların kassada daha çox pul xərcləməsı üçün müxtəlif üsullar təklif edirlər.
İnsan marketoloqların hiylələrindən belə şübhələnməyə bilər, çünki hər şey çox təbii görünür. Alıcılar malların niyə bu qaydada və bu rəfdə olması və ya supermarketdə niyə şöbələrin bu tərzdə düzülməsi barədə düşünmürlər.
Marketoloqların əsas vəzifələrindən biri insanı mağazada mümkün qədər uzun müddət saxlamaqdır. Buna görə də marketlərdə saatlar ya çox yüksək yerlərdən asılır, ya da ümumiyyətlə saat olmur. Bəli, alıcı saatı qol saatında və ya mobil telefonda yoxlaya bilər. Ancaq alış-verişə başımız elə qarışır ki, çox vaxt özümüzü unuduruq. Buna görə də dəqiqələrin hesabını itiririk.
Siz belə bir fikriniz olmadan yarım saat ərzində vitrinləri dolaşaraq səbətinizi doldurursunuz, baxmayaraq ki, cəmi beş dəqiqəlik içəri girib çörək almaq istəsəniz də...
Eyni səbəbdən, böyük supermarketlərdə pəncərələr yoxdur - bu ona görə belədir ki, müştərilərin fikrini xarici aləm yayındırmasın, o, yalnız alış-veriş haqqında düşüsün.
Müştərinin lazımi məhsulu axtarmaq üçün mağazada mümkün qədər uzun müddət dolaşması satıcıların maraqlarına uyğundur. Ona görə də ən çox tələb olunan mallar - çörək, süd məhsulları, ərzaq məhsulları, meyvə-tərəvəz, şəkər və s. zalın bir-birindən uzaq künclərində gizlədilib. İnsan çörək alıb, sonra süd məhsullarının yanına gedənə qədər min cür ləziz, bərq vuran nemətlər görür və yol boyu artıq nələrsə öz səbətinə atır.
Biz marketlərin bu duzağlarına düşməmək üçün özümüzü psixaloji cəhətdən hazırlamalıyıq.
Mağazalarda tez-tez "birinin qiymətinə ikisi" və ya "ikisinin qiymətinə üçü" təklifkərini görürsünüz. Təklif sərfəli görünür - “Hər halda bu məhsulu almaq istəyirdim, indi ikincisini birinin qiymətə alsam, birini pulsuz əldə edə bilərəm”.
Amma riyaziyyatla məşğul olsanız, dəstin vahidinin qiymətinin eyni məhsullardan birinin adi qiymətindən bir qədər yüksək olduğunu görəcəksiniz. Fərq əhəmiyyətsiz görünür, ancaq salat üçün birinin yarısına ehtiyacınız varsa, həqiqətən 2-3 qutu qarğıdalı almağa dəyərmi? Artıq alınan ərzaq qalıb xarab olacaq və bu da yalnız sizin cibinizə zərər vuracaq. Marketlər isə hər bir ədəd qablaşdırmadan mənfəət götürür.
Yazı "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə büdcəsi quraq, daha varlı olaq" layihəsi çərçivəsində dərc edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə