"İstehlakçı ilə birbaşa əlaqə qurulması zəruridir" - EKSPERT FİKRİ
"Mövsümi kənd təsərrüfatı məhsullarının satışında bazar mexanizmi əsasən azad sahibkarlıq prinsipləri əsasında fəaliyyət göstərir. Bununla belə qiymətlərin formalaşmasına təsir edən bir sıra mühüm amillər mövcuddur. Bu amillər arasında ilk növbədə tələb və təklif nisbəti, iqlim və hava şəraiti, məhsuldarlıq səviyyəsi kimi faktorlar ön plana çıxır. Prinsip etibarilə, qiymətlərin formalaşması əsasən tələb və təklif əsasında tənzimlənməlidir. Lakin azad bazar iqtisadiyyatında sahibkar məhsulunu istədiyi qiymətə təklif etməkdə sərbəstdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib.
Onun sözlərinə görə, bəzən sahibkarlar süni şəkildə qıtlıq yaradaraq bazarda təklifi məhdudlaşdırır və bu yolla qiymətlərin süni surətdə artmasına səbəb olurlar: "Bu kontekstdə sahibkar üçün əsas maraq istehlakçının həmin məhsulu əldə edib-etməməsi deyil, daha yüksək gəlir əldə etməkdir. Tez xarab olmayan və keyfiyyətli məhsullar (məsələn, 1-ci sort və premium kateqoriyalı meyvə-tərəvəz) əsasən topdansatışla xarici bazarlara yönləndirilir. Nəticədə daxili bazarda aşağı keyfiyyətli məhsul az miqdarda qalır və bu da qiymətlərin artmasına gətirib çıxarır. Qeyd etmək lazımdır ki, tez xarab olan məhsullar – məsələn, tut və ya əncir – logistik səbəblərlə bu cür ixrac proseslərində iştirak edə bilmədiyindən bu məhsullarla bağlı bu yanaşma keçərli deyil.
Mövcud vəziyyət bir sıra sosial-iqtisadi nəticələr doğurur. Belə ki, ixracatın stimullaşdırılması və sahibkarların maksimum mənfəət əldə etmək istəkləri fonunda daxili bazarda qiymətlər artır və nəticədə orta və aşağı gəlir qruplarından olan vətəndaşlar üçün meyvə-tərəvəz məhsullarının mövsümün əvvəlində (nübar dövründə) əldə olunması artıq lüks hesab olunur".
Ekspert bildirib ki, bazar mexanizminin daha effektiv və ədalətli işləməsi üçün kənd təsərrüfatı istehsalçısı (kəndli) ilə istehlakçı arasında birbaşa əlaqə qurulması zəruridir: "Hal-hazırda məhsullar dəyər-dəyməzinə topdansatışla alınaraq əsasən xarici bazarlara yönəldilir. Daxili bazarda isə az miqdarda məhsul qaldığı üçün bu məhsullar yüksək qiymətlərlə təklif olunur.
Bu problemlərin aradan qaldırılması və bazarda tənzimlənmənin daha effektiv həyata keçirilməsi məqsədilə regionlarda fəaliyyət göstərən Aqrar İnkişaf Mərkəzlərinin səlahiyyət çərçivəsinin genişləndirilməsi məqsədəuyğun olardı. Belə ki, bu mərkəzlər vasitəsilə məhsullar standart tariflə kəndlidən qəbul edilə bilər və ilkin olaraq daxili bazara yönəldilə bilər. Bu sahədə Türkiyə təcrübəsi nümunə göstərilə bilər. Belə ki, Türkiyədə "Hal" adlanan meyvə-tərəvəz bazarları fəaliyyət göstərir və hər bir bölgənin kəndlisi öz məhsulunu həmin bazarlara təhvil verə bilir. Eyni zamanda, “Tarım Kredi Kooperatifi” adlı dövlətə məxsus satış şəbəkəsi vasitəsilə məhsulların vətəndaşa münasib qiymətlərlə çatdırılması təmin olunur.
Ümumiyyətlə, iqtisadçılar olaraq biz azad sahibkarlığın inkişafını dəstəkləyirik. Lakin bəzi sahələr var ki, xüsusilə zəruri istehlak mallarına olan tələbatın qarşılanması istiqamətində dövlətin tənzimləyici və nəzarətedici rolu vacib hesab olunur.
Hazırda ölkəmizdə qiymətlərin və bazar proseslərinin tənzimlənməsi İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Bununla belə, tənzimləmə əsasən alternativ vasitələrlə aparılır və azad sahibkarlığın qorunması məqsədilə ciddi inzibati müdaxilələrdən çəkinilir. Əslində, bu sahədə daha sistemli yanaşmaya ehtiyac vardır. Belə ki, müxtəlif dövlət qurumlarının birgə fəaliyyət göstərməsi ilə mütəmadi monitorinqlərin aparılması, gigiyenik normalara əməl olunması, istehlakçı hüquqlarının müdafiəsi, çəkidə aldatma hallarının qarşısının alınması və qeydiyyatsız nəzarət-kassa aparatlarından istifadə hallarının qarşısının alınması məqsədilə Dövlət Vergi Xidməti ilə koordinasiyalı fəaliyyət məqsədəuyğun olardı"- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə