"Azərbaycan neft və qaz kəmərləri vasitəsilə dünya bazarına qaz ixrac edir" - EKSPERT FİKRİ
“Ənənəvi olaraq hər il Azərbaycanda keçirilən Neft və Qaz Sənayesi Sərgisi və Konfransı (Neft və Qaz Konfransı) ölkənin enerji strategiyasında mühüm əhəmiyyət kəsb edir. Bu tədbir çərçivəsində enerji sahəsində fəaliyyət göstərən aparıcı yerli və beynəlxalq şirkətlər bir araya gəlir, müxtəlif əməkdaşlıq sazişləri imzalanır və strateji qərarlar qəbul olunur”. Bunu SİA-ya açıqlamasında enerji məsələləri üzrə ekspert Sadiq Həsənov deyib.
Onun sözlərinə görə, konfrans, Azərbaycanın neft və qaz ixracatçısı kimi mühüm rolunu bir daha təsdiqləməklə yanaşı, ölkənin enerji siyasətinin formalaşdırılmasında da mühüm platforma funksiyasını yerinə yetirir: “Xüsusilə son illərdə təbii qazın təchizatı və ixracı sahəsində görülən işlər, həyata keçirilən beynəlxalq layihələr və tərəfdaşlıq mexanizmləri bu konfrans vasitəsilə təqdim olunur və müzakirə edilir.
Beləliklə, Neft və Qaz Konfransı təkcə sənaye nümayəndələrinin görüş nöqtəsi olmaqla kifayətlənmir, həm də Azərbaycanın enerji təhlükəsizliyinin və dayanıqlı inkişafının təmin olunmasında mühüm rol oynayan elmi və strateji əhəmiyyətli tədbirlərdən biri kimi çıxış edir.
Azərbaycan qazının nəqli dörd marşrut üzrə həyata keçirilir. Bunlardan birincisi Hacıqabul - Astara - Astara (İran) boru kəməri xəttidir ki, ümumi uzunluğu 210 km təşkil edir. Magistral qaz boru kəməri 1970-ci ildə istismara verilib və keçmiş SSRİ-nin İrandan gələn qazla təmin edilməsi üçün istifadə olunub. 2006-cı ildə qazın Azərbaycandan İrana tədarükü üzrə svop əməliyyatlarına başlanılıb və Azərbaycandan İrana qaz bu kəmərlə ixrac edilir. İran isə öz növbəsində həmin qazı Naxçıvana verir. Bu iri həcmli qaz kəməri deyil .
İkinci mühüm xətlərdən biri Hacıqabul–Qazax–Saquramo (Gürcüstan) boru kəməridir. Saquramo şəhəri Tbilisidən 20-25 km-lik məsafədə yerləşir. Bu da Sovet dövründə inşa olunmuş bir boru kəməridir ki, Azərbaycan həmin kəmərlə Gürcüstana ildə 1,3 milyard kubmetr qaz ixrac edə bilir. Bu kəmərin ötürmə qabiliyyəti 8,7 milyard kubmetrdir.
Üçüncü marşrut isə Rusiya istiqamətində yerləşən Hacıqabul–Şirvanovka–Mozdok boru kəməridir ki, bir zamanlar Rusiyadan Azərbaycana qaz nəql edilirdi. Onun ötürmə qabiliyyəti 10 milyard kubmetrdir. Hal-hazırda bu kəmər qaz təchizatı üçün istifadə olunmasa da, ehtiyac yarandıqda qaz tədarükü üçün ehtiyat xətt kimi saxlanılır.
Sonuncu isə 2007-ci ilin mart ayında istismara verilmiş və Cənubi Qafqaz Boru Kəməri adlandırılan xətdir. Bu kəmər Şahdəniz yatağından hasil olunan qazın Avropa istiqamətində, Gürcüstana və Türkiyəyə ötürülməsi üçün nəzərdə tutulmuş əsas qaz ixrac marşrutudur”. İllik ötürmə qabiliyyəti 7,4 milyard kubmetr (23 milyard kubmetrə qədər artırıla bilər) olan Cənubi Qafqaz boru kəmərinin uzunluğu 980 km-dir. Bunun 443 km-lik hissəsi Azərbaycanın, 248 km-lik hissəsi Gürcüstanın və 289 km-lik hissəsi isə Türkiyənin ərazisinə düşür.
Ekspert bildirib ki, Azərbaycan bu neft və qaz kəmərləri vasitəsilə dünya bazarına qaz ixrac edir: “2024-cü ildə Cənub qaz kəməri vasitəsilə Azərbaycanın xaricə qaz ixracı 25,3 milyard kubmetr təşkil etmişdir. Bunlardan 9,9 mld kub metr Türkiyəyə, 13 mld kub metr Avropaya nəql olunmuşdur. SOCAR şirkəti Qazıməmməd -Qazax qaz kəməri ilə 2,4 mld kub metr qaz Gürcüstana nəql etmişdir.”Şahdəniz” yatağından hasil edilən qazın nəqli genişləndirilməsi nəzərdə tutulur və bu göstəricinin 20 milyard kubmetrə qədər artırılması planlaşdırılır.
Məhz bu səbəbdən, hər il keçirilən Neft və Qaz Konfransı Azərbaycanın enerji sektorunda, xüsusilə qaz hasilatı və nəqli sahəsində Azərbaycanın strateji mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir Azərbaycanın etibarlı enerji tədarükçüsü kimi mövqeyini beynəlxalq səviyyədə daha da gücləndirir.
Bu gün, yəni ayın 2-də, Bakıda Enerji Həftəsi çərçivəsində 30-cu yubiley tədbirinin açılış mərasimidir. Tədbir çərçivəsində həm Xəzər Neft və Qaz Sərgisi, həm də Bərpa Olunan Enerji Sərgisi və Bakı Enerji Forumunun 30-cu yubiley toplantıları təşkil olunacaq.
Enerji Həftəsinin əsas iştirakçılarının dünyanın təxminən 40-a yaxın ölkəsindən, eləcə də 250-dən artıq beynəlxalq şirkətdən ibarət olması gözlənilir. Bu həftə ərzində, Azərbaycanın neft-qaz hasil edən ölkə kimi mövqeyindən çıxış edərək, qaz sahəsində fəaliyyət göstərən şirkətlərlə yeni müqavilələrin imzalanması da nəzərdə tutulur.
Azərbaycanın qaz ixrac potensialının artması fonunda bu həftə, yeni beynəlxalq əməkdaşlıqların qurulması və enerji sahəsində strateji tərəfdaşlıqların dərinləşdirilməsi üçün əlverişli imkanlar yaradır”.
Həmçinin o qeyd edib ki, Azərbaycanda artıq yaşıl enerjinin inkişafı sürətlə gedir. Bildiyimiz kimi, Enerji Həftəsi və Bakı Enerji tədbirləri çərçivəsində Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə müqavilələr imzalamışdır. Artıq "Masdar" şirkəti tərəfindən Qaradağda 230 MVt gücündə Günəş Enerjisi Stansiyası istismara verilmişdir. Bu istiqamətdə "Masdar" şirkəti ilə əlavə müqavilələr də imzalanmışdır. Belə ki, Biləsuvarda 445 MVt və Neftçalada 240 MVt gücündə günəş panellərinin quraşdırılması üzrə ilkin razılaşmalar əldə olunmuş və bu istiqamətdə işlər davam etdirilir. Eyni zamanda, BP şirkəti tərəfindən işğaldan azad edilmiş Cəbrayıl rayonunda “Şəfəq” adlı 230 MVt gücündə Günəş Enerjisi Stansiyasının tikintisi planlaşdırılır. Bu layihələrin reallaşdırılması gələcəkdə Azərbaycanın yaşıl enerjidən elektrik enerjisi istehsalının həcmini artırmasına töhfə verəcək. Bu enerji strategiyası Azərbaycan hökumətinin planlaşdırdığı əsas istiqamətlərdən biridir. Hesab edilir ki, bu enerjiyə gələcəkdə tələbat göstərəcək alıcı şirkətlərin müəyyənləşdirilməsi ilə 2027 və 2030-cu illərdən başlayaraq, Azərbaycan dünyada elektrik enerjisi ixrac edən əsas ölkələrdən birinə çevrilə bilər”- deyə ekspert əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə