Turistlərin təhlükəsizliyi necə təmin olunur? - AYDINLIQ GƏTİRİLDİ

"Hər ötən il Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. Təbii ki, bu gün dünyada baş verən siyasi qalmaqallar, iğtişaşlar və münaqişələr turizm marşrutlarına ciddi təsir göstərir. Xüsusilə nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin böyük hissəsi Hindistan, Pakistan, Yaxın Şərq, Körfəz və Asiya ölkələrindən gəlir, bu ölkələrdəki siyasi və iqtisadi qeyri-sabitlik, həmçinin müharibə təhlükələri həmin bölgələrdə turizm potensialını azaldır. Bu da dolayı yolla Azərbaycana gələn turistlərin sayının artmasına səbəb ola bilər". Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.

Onun sözlərinə görə, bu artımın əsas səbəblərindən biri Azərbaycanda ictimai asayişin yüksək səviyyədə qorunmasıdır: "Bu gün ölkəmizə gələn hər bir turist günün istənilən saatında – istər gecə, istər gündüz – istər paytaxtda, istərsə də işğaldan azad olunmuş ərazilər də daxil olmaqla digər bölgələrimizdə rahat və təhlükəsiz şəkildə hərəkət edə bilər. Hüquq-mühafizə orqanları bu istiqamətdə ciddi şəkildə nəzarət həyata keçirir. Eyni zamanda xalqımızın mentaliteti və qonaqpərvərliyi bu təhlükəsizliyi daha da gücləndirir. Azərbaycana gələn hər bir turist bizim üçün qonaqdır və çətin vəziyyətə düşdükdə, yalnız hüquq-mühafizə orqanlarına deyil, adi vətəndaşlara da müraciət etsə, onun yardımına tələsəcəklərindən əmin ola bilər.

Təhlükəsizlik baxımından digər vacib məsələ işğaldan azad olunmuş ərazilərdə mövcud olan mina təhlükəsidir. Ermənilər tərəfindən minalanmış ərazilərin xəritələrinin hələ də tam şəkildə təqdim olunmaması bu ərazilərdə müəyyən təhlükələr yaradır. Bu məsələ hal-hazırda müvəqqəti xarakter daşıyır və minaların tam təmizlənməsi ilə bu problem də aradan qalxacaq".

Ekspert bildirir ki, yol-nəqliyyat məsələləri də turistlərin təhlükəsizliyi baxımından diqqət tələb edir: "Bu gün paytaxtdan regionlara turist daşıyan avtobuslar fəaliyyət göstərir. Lakin nəzərə alsaq ki, bu nəqliyyat vasitələri bəzən 1000 km-dən çox məsafə qət edir, bu zaman bir sürücünün uzun yol getməsi fiziki baxımdan təhlükə yarada bilər. Ona görə də, təhlükəsizlik məqsədilə hər avtobusda ən azı iki sürücünün (kapitanın) olması vacibdir. Digər bir məsələ isə əyləncə avadanlıqları və attraksionlarla bağlıdır. Bu avadanlıqların təhlükəsizliyi ciddi şəkildə təmin olunmalı, mütəmadi olaraq texniki baxışdan keçirilməlidir. İldə azı iki dəfə bu nəzarət həyata keçirilməli, xidmət səviyyəsi daim nəzarətdə saxlanmalıdır. Nəzərə alsaq ki, Azərbaycan turizmdə son 10 ildə ciddi inkişaf yolu keçmiş ölkələrdən biridir, bu sahədə uğurlarımızın davamlı olması üçün hər bir turistə fərdi yanaşma göstərilməli və onların təhlükəsizliyi tam şəkildə təmin edilməlidir".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə