Sənəti yaşadan, yaradan xalqımızın böyük ustadları, korifeyləri, dahiləri olub. Bu torpağın yetirmələri olan böyük sənətkarların nəfəsində, ruhunda böyük dünya yaşayıb – vətən dünyası. Bu dünyadan yaranan irs zamanın hökmündən, dünyanın diqtəsindən yoğrulub. Ana laylası kimi qanımıza hopub. Həzin, lirik, vətən sevgili – həsrətli, üsyan qoparan, mücacilə ruhu oyadan sənət dünyamızdan eşidilən hisslər ovqatımızı kökləyib. Yurdumuzun hər daşına, qalasına hopub. Azərbaycan musiqisini belə möhtəşəm edən nəsillərin sorağı, qəhrəmanlığı, vüqarı, ləyaqəti kimi dəyərlərdir. Bu dəyərlərin vəsfi, musiqiyə, nota köçürülməsi, sərhəd tanımayan dünyanı dolaşması böyük ustadların istedadından qaynaqlanıb. Azərbaycanın sənət beşiyi sayılan Qarabağdan yetişən musiqiçilərimizin sayı kifayət qədərdir ki, onların yaradıcılığı öz orijinallığı ilə seçilir.
Əbəs yerə deyil ki, Qarabağının Şuşa şəhəri musiqisinə görə Avstriyanın Vyana, İtaliyanın Neapol şəhərlərilə eyni səviyydə dayanır. XIX əsrin sonu və XX əsrin əvvəllərindəŞuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. Zaqafqaziyanın konservatoriyası olan Şuşa. Mir Möhsün Nəvvabın, Hacı Hüsünün, Sadıxcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məmmədin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Primovun, Üzeyir Hacıbəyolinin, Zülfüqar Hacıbəylinin, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Əşrəf Abbasovun, Rəşid Behdudovun və daha kimlərin, kimlərin boy atdığı bir məkandır. Hər ifada duyulan səs ilk olaraq Şuşadan eşilib, sonralar pərvazlanıb, sonu bilinməyən məkanlarda tanınıb, seçilib və sevilib. Tarixə nəzər salsaq görərik ki, 1752-ci ildə Pənahəli xan tərəfindən əsası qoyulmuş şəhər Azərbaycan mədəniyyətinin mərkəzlərindən biri kimi tanınıb. Şuşa şəhərinin tarixi mərkəzində olan binalardan 72-si Azərbaycan tarixində iz qoymuşşəxslərin yaşayış evləri və ya ev muzeyləridir. Dağlıq Qarabağ müharibəsi dövründə bu sənət məbədləri dağıdılıb, yandırılıb, tanınmaz hala salınıb.
ERMƏNİ VANDALLARININ MƏDƏNİ İRSİMİZƏ VURDUĞU ZƏRBƏ
Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganəŞərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.
250 illik tarixi olan bu şəhərində XX əsrin əvvəllərinədək Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda dahi bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsindəprofessional musiqi təhsilinin bünövrəsi qoyulur. Azərbaycanın digər şəhərlərində olduğu kimi Şuşada da dövlət tərəfindən musiqi ocaqları açılmağa başlayır. Bunların da professional musiqimizin inkişafında, görkəmli bəstəkar və ifaçılarımızın yetişdirilməsində rolu böyük olmuşdur.
Şuşada 1922-ci ildən mədəni – maarif texnikumu da fəaliyyət göstərmişdir. Texnikumda 80-nə yaxın müəllim 600-dən çox tələbənin təhsili ilə məşğul olmuş və texnikumun məzunları nəinki Şuşada, Qarabağın başqa şəhərlərində də fəaliyyət göstərmişlər. Şuşada XX-ci əsrdə ilk musiqi məktəbi məhz indiki Şuşa incəsənət məktəbidir. Şuşa 2 saylı musiqi məktəbi isə 1990-cı ildə təşkil olunub. Bu məktəblərlə yanaşıŞuşa musiqi məktəblərinin miqyası genişlənmiş və 6 kənddə musiqi məktəbi açılmışdır. Malıbəyli, Turşsu, Quşçular, Xəlifəli, Qala dərəsi və Xanallar kənd musiqi məktəblərini qeyd etmək olar. Yuxarıda adları qeyd olunan texnikum və musiqi məktəblərinin hamısı erməni qəsbkarlarıŞuşanı işğal etdikdən sonra, yəni 1992-ci ildən əsasən Bakışəhərində fəaliyyətlərini davam etdirirlər. Xanallar kənd musiqi məktəbi isə Mingəçevir şəhərində yerləşir.
"CIDIR DÜZÜ"NDƏ "QARABAĞ ŞİKƏSTƏSİ" SƏSLƏNƏCƏK
Musiqi, mədəniyyət beşiyi olan Şuşadaənənəşəklini almış "mahnı bayramları" yayın gəlişi iləŞuşaya təşrif gətirən respublika əhalisinin gur vaxtına təsadüf edirdi. "Mahnı bayramı" Mədəniyət evlərindən, klublardan, teatr səhnələrindən başlayaraq Cıdır düzündə yekunlaşardı. Şuşanın kəndləri vəşəhərdə fəaliyyət göstərən musiqi məktəblərinin şagird və müəllimləri, özfəaliyyət kollektivləri vəŞuşadan kənarda yaşayan tanınmışşuşalı musiqiçilər, şairlər, teatr xadimləri, pəhləvanlar və hətta məzhəkəçilər Cıdır düzünə toplaşardılar. 1989-cü ildə Cıdır düzündə bitən Xarı Bülbül çiçəyinin rəmzi adı ilə bağlı I-ci "Xarı Bülbül" Beynəlxalq musiqi festivalı keçirilib. Bu festivala 15-dən çox xarici ölkə xalqlarının folklor musiqi kollektivləri dəvət olunub. 1990-cı ildə 2-ci "Xarı Bülbül" Beynəlxalq festivalı, ermənilərin Şuşa şəhərini daima atəşə tutması iləəlaqədar olaraq Bərdə və Ağdaşşəhərlərində keçirilib. Lakin ənənə halını almış bu festival bədxah qonşuların Qarabağa edilən təcavüzü nəticəsində sonralar keçirilməyib.
Bu gün Şuşa dağları həsrətlə yaşadığı, acıdığı musiqimizə, sənət dünyamıza qovuşub. Toy-büsatlı Şuşamızda yeni dünya, dövr, həyat başlanır. Artıq hər kəs rahatlığa qovuşub. Ruhu göylərdə dolaşan şəhidlərimiz də, sənət xadimlərimiz də. Şuşadan gətirilmiş Üzeyirin, Nətəvanın, Bülbülün R.Mustafayev adına Azərbaycan Dövlət Muzeyində saxlanılan heykəlləri də rahatlıq tapıb. Şuşanın musiqi və mədəni həyatı öz əvvəlki ahənginə qovuşur.
Qarabağda, Şuşada, onun "Cıdır düzü"ndə, "İsa bulağı"nda yenə "Qarabağ şikəstəsi" səslənəcək, yenə xalq mahnıları oxunacaq və bu musiqinin içində qələbə ruhumuz eşidiləcəkdir. Azərbaycan Bayrağı da bu avazda dalğalanacaqdır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB