Fəxrəddin Manafov: “Kino haqqında düşünmürdüm, futbolçu olmaq istəyirdim" VİDEO

Xəbər verdiyimiz kimi, avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür. Ümummilli Lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə hər il avqustun 2-də qeyd olunan Milli Kino Günü tarixdə ilk dəfə olaraq pandemiya dövrünə təsadüf edir. Məhz bu səbəbdəndir ki, bu gün xüsusi təmtəraqla qeyd edilmir. COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması səbəbi ilə ölkəmizdə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq Mədəniyyət Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası bu gün üçün kreativ addım atıb.

SİA-nın məlumatına görə, “Azərbaycanfilm” Kinostudiyası xüsusi olaraq videomaterial hazırlayıb və kino işçilərini onlayn olaraq təbrik edib. 20 ildir qeyd olunan Azərbaycan Milli Kino Günü üçün özəl olaraq hazırlanan videomaterialda Azərbaycanın tanınmış simaları öz fikirlərini bölüşüblər.

Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev: "Bu günü daha yaxşı şəraitdə qeyd etməyi arzu etmişdim. Bu illər ərzində nə qədər insan itirmişik, onları yadıma salıram. 80-ci illərdən başlayaraq rejissor və operatorlarımız hadisələr çəkirdilər. Onlar olmasaydı, bəlkə də biz çoxunu bilməzdik”.

Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev: "40 ildən artıqdır ki, kino sahəsindəyəm. Amma bu gün keçmiş haqqında düşünmürəm. Bu gün kinomuzun gələcəyi - müstəqil ölkənin kinematoqrafiyasının yaranması haqqında fikirləşirəm”.

Aktrisa Günəş Mehdizadə: "Kino sahəsində olduğuma görə özümü xoşbəxt hiss edirəm. Mənim kinoda ilk filmim Azərbaycan kinosunun mürəkkəb dövrünə təsadüf edib".

Əməkdar artist Tahir İmanov: “Belə bir deyim var – “İncəsənət heç cür siyasətlə bağlı deyil”. Bu fikirlə qəti razı deyiləm. Kino incəsənətin digər sahələri kimi dövlət siyasəti ilə sıx təmasda olub və ölkəmizi müxtəlif dövrlərdə layiqincə təmsil edib, edir və edəcək”.

Xalq artisti Ramiz Fətəliyev: "Öz payıma deyirəm, kino çox qəribə sənətdir, qəribə bir peşədir. İnsanı sanki əsir götürür. Özü də ömürlük"...

Xalq artisti aktyor Fəxrəddin Manafov: “Kino haqqında düşünmürdüm, idman, futbolçu olmaq arzusunda idim. Futbolda uğurlarım da var idi. Amma bir gün, qəfildən fəlsəfəm dəyişdi, kino gəldi".

Qeyd edək ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası 1920-ci ildə "Azərbaycan XMK-nın İncəsənət Şöbəsi" adı altında təsis olunub. Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur. 100 illik fəaliyyəti dövründə Azərbaycan kino salnaməsinə əvəzsiz, kino tarixinə qızıl hərflərlə yazılan filmlər bəxş edib. 1958-ci ildən kinostudiya "Azərbaycanfilm" kinostudiyası adlandırılıb. Bir ildən sonra isə quruma drammaturq Cəfər Cabbarlının adı verilib. 1966-cı ildə bu binada artıq kino istehsalına başlanılıb. 100 illik fəaliyyəti dövründə “Azərbaycanfilm” Kinostudiyasının istehsalı ilə müxtəlif illəri əhatə edən saysız-hesabsız sənədli, bədii filmlər istehsal olunub.

1898-ci ildə neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan və demək olar ki, dünya kinosu ilə həmyaşıd olan Azərbaycan kino sənəti mədəniyyət salnaməmizə parlaq səhifələr yazaraq, onilliklər ərzində soydaşlarımızda milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət hisslərinin aşılanmasına xidmət edib, xalqımızın yeni nəsillərinin dünyagörüşünün formalaşmasına güclü təsir göstərib. Səssiz-səsli, rəngsiz-rəngli kimi mərhələləri özündə birləşdirən böyük bir inkişaf yolu keçmiş milli kino sənətimiz xüsusilə XX əsrin 60-70-ci illərdə özünün intibah dövrünü yaşayıb.

Azərbaycan kinosunun inkişafında, kinematoqrafçıların yaradıcılıq potensiallarının reallaşmasında, layihələrin işıq üzü görməsində kino işçilərinin ən etibarlı təəssübkeşi və hamisi, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Xüsusilə, ötən əsrin 70-ci illərdə respublikamıza rəhbərlik edən ulu öndər Heydər Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində kino sənətimizin incisi olan neçə-neçə ekran əsəri ərsəyə gəlib. 1980-ci illərin sonu, eləcə də müstəqilliyimizin ilk illəri respublika həyatının, o cümlədən mədəniyyətin digər sahələrində olduğu kimi, kino sənətində də çətin dövr olmuşdur. Lakin sənətə sadiq insanlar bütün çətinliklərə rəğmən kinonu tərk etməyib, köklü ənənələrə malik kinematoqrafiyamızı yaşatmağa nail olublar.

Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə mədəniyyətimizə, həmçinin kinoya diqqət artmış, bu sahəyə dövlət vəsaitinin ayrılması bərpa edilib. Sonrakı illərdə dövlət dəstəyi ilə Azərbaycan kinosunun yeni inkişaf dövrü başlanmışdır. Məhz Ulu Öndərin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə 2 avqust Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramı kimi qeyd olunur.



Bütün xəbərlər Facebook səhifəmizdə

loading...