(Esse)

1965-ci ildə Bakı şəhərində tələbə olarkən “Azərbaycan” kinoteatrında “Qanqa Camna” hind bədii filmi göstərilirdi. Seanslara bilet tapılmırdı. Kassaya yaxınlaşarkən “Biletlər satılıb” deyirdilər. Qazaxlı dostum, yataqxanada bir otaqda qaldığım Saqif Əliyevlə çox çətinliklə özümüzə bilet tapdıq və filmə tamaşa etdik. Sözün düzü, bu film bizi özünə elə çəkdi ki, tamam-kamal büsbütün özümüzü unutduq. Filmin başa çatmasına az qalmış Saqif dedi ki, film qurtarandan sonra arxada gizlənərik. Adamlar növbəti seansda içəri daxil olanda biz də onlara qoşularıq, bəlkə özümüzə bir yer tapdıq. Doğrusu, ehtiyat etsəm də, kino zalında qalmalı oldum. Bu, axırıncı seans idi deyə, zalda 5-6 yer boş qaldı və nəzarətçiyə sezdirmədən həmin boş yerlərdə oturduq. Beləliklə, filmə ikinci dəfə tamaşa etdik. Ertəsi gün də vaxt tapıb yenə filmə baxdıq.

Bu film nəyə görə bizi-19 yaşlı gəncləri bu qədər özünə cəlb etmişdi? Niyə biz filmə həyəcansız baxa bilmirdik? Qoy deyim sizə. Ona görə ki, bu filmin baş qəhrəmanı hind filmlərinin əfsanəsi DİLİP KUMAR idi. Biz onu sonralar-1967-ci ildə “Ram və Şam” filmində bir daha gördük. “Qanqa Camna” filmində isə o, hind kinosuna bir əzəmət gətirdi, milyonların qəlbinə girdi və onların sevimlisinə çevrildi. Film mənə elə təsir etmişdi ki, uzun müddət bu filmi xatırlayır, özümü filmin qəhrəmanlarına bənzədirdim. O zamanlar mənim kimi nə qədər romantik, sentimental gənclər vardı...Onlardan biri də mən idim...Məndə hind filmlərinə maraq hissləri o qədər güclü idi ki, filmlərin foto-şəkillərini əldə edər, yataqxanada yaşadığım otağın divarlarında böyük bir guşə yaratmışdım. Özüm də rəssamlığı bacardığım üçün plakat şəklində hind aktrisalarının, Rac Kapurun portretlərini çəkib divardan asmışdım. Bu guşəyə tamaşa edənlərin sayı-hesabı yoxdu. Mən bir növ bu işin hobbisi idim. Bu sərgilədiyim rəsmlər arasında hind xalqının görkəmli aktyoru Dilip Kumarın da portreti vardı.

Əziz oxucum, istərdim ki, əfsanəvi aktyor haqqında öz fikirlərimi bir daha sizinlə bölüşdürüm.

***

Məhəmməd Yusif Han ( Dilip Kumar ) 11 dekabr 1922-ci ildə Pişəvəridə anadan olub. Məhəmməd Yusif Hanın ailəsində 12 uşaq olub. Babası Qulam Sərvər bağçılıq üzrə sahibkar idi. (Bundan sonra Məhəmməd Yusif Hanı Dilip Kumar adlandıracağıq). Dilip Kumar Pişəvəridə dahi hind aktyoru Rac Kapurla bir məhəllədə yaşamışdır. Onun babası meyvə ticarəti ilə məşğul olurdu. 1940-cı ilin əvvəllərində Dilip Kumar Pakistandan Puneyə gəlir və burada işləməyə başlayır. Filmə çəkilmək həvəsi onda güclü olduğu üçün aktyor olmağa çalışır. Tezliklə onun qeyri-adi istedadı üzə çıxır. O, artıq filmlərdə Məhəmməd Yusif Han deyil, Dilip Kumar kimi təqdim olunur.

Dilip Kumar hind kinosunun ən böyük aktyorlarından biri olaraq qəbul edilir. O, filmlərdə çəkilişə 1944-cü ildə başlayıb.1949-1961-ci illər ərzində ən məşhur filmlərdə çəkilməyə başlayıb və xeyli qazanc əldə edib. Kino festivalında ən yaxşı kişi roluna görə mükafat da alıb. Dilip Kumar ardıcıl olaraq bir çox mükafat almağa başlayır. Ara-sıra başqa kino şirkətlərində də filmlərə çəkilir. Dilip Kumar bununla belə, yoğun Andaz (1949), boğazlı Aan (1952), dramatik Devdaş (1955), məzəli Azaad (1955) və tarixi-romantik Babur ilə birlikdə rol aldı. “E-Azam”

(1960), sosial “Qanqa Camna”da (1961), 1944-1961-ci illər arasında eşq hekayələrində, ya da faciəvi rollarda da oynadı. O, karyerası başa çatanadək 60-dan artıq filmlərə çəkilib, müxtəlif xarakterli rollar oynayıb. Dilip Kumar bir əfsanədir. Bir çox filmlərində kadrarxası mahnıları Məhəmməd Rəfi oxuyur. Ümumiyyətlə, Dilip Kumar aşağıdakı filmlərə çəkilib. Mən bu filmlərin adlarını və çəkildiyi tarixləri verməklə, həm də onların adlarını ixtisara salıram ki, qəzetin imkanlarını nəzərə alıram. Filmlər bunlardır: “Babul” (1950), “Ram və Şam”(1967), “Didar”,(1951), “Qanqa Camna”(1961), “Daağ” (1952), “Amar” (1954), “Mila” (1948), “Muğhal-e-Azam” (1960), “Dastan”, “Madhumati” (1958), “Naya Daur”, “Andaz”(1949), “Bayraq”(1976), “Joğan” (1950), “Aadmi” (1968), “Saudağ”(1991), “Qori”, “Kranti”(1981), “Yəhudi”(1958), “Devdas”(1955), “Tarana” (1951), “Dil Diya Dard Liya” (1966), “Azaad”(1955), “Dünya”(1984), “Aan”(1952), “Naya dauz”, “İnsaniyyət” (1955), “Arzoo” (1950), “Saqina”(1976), “Şahid”(1948), “Nadiya Ke Paar”(1948), “Şəbnəm”(1949), “Şikəst”(1953), “Vidata”, “Jar Bata”(1944), “Pratima”(1945), “Naukadili”(1947) və s.

1960-cı ilin sonlarından etibarən Dilip Kumar Dev Anandın baş rol oynadığı filmlərdə maraqla qarşılandı. 1961-1969-cu illər arasında Pajendra Kumar və Şammi Kapur daha bacarıqlı və məşhur idilər və Dilipin 1966-cı ildən 1976-cı ilə qədər olan filmləri: “Dil Diya Dard Liya”, “Sunğurs”, “Aadmi”, “Dastan”, “Qori”,”Saqina” və “Bayraq” Hindistanda rekord qazanmışdı.

Pajes Hanna 1969-cu ildən 1991-ci ilədək filmlərdə liderliyini saxladı, ancaq Pajer Hanna getdikdən sonra Dilip Kumar 1981-ci ildən bütün rekordları qırdı və xarakterli kişi rollarında oynamağa başladı və “Sakti” (1982), “Karma” (1986), “Vidhata”, “Mazdoor”, “Mashaal”, “Dünya” kimi qəhrəmanlıq filmlərində rol aldı və böyük uğurlar qazandı. O, artıq 1998-ci ildə ulduz kimi parlayırdı.

Dilip Kumarın ilk filmi “Jar Bata” (1944)-dan sonrakı iki filmi: “Pratima” (1945), “Naukadubi” (1947) ona böyük şöhrət qazandırdı və ulduza çevrildi. Bu illərdə o, Kamini Kaushala aşiq olur. Açıq etiraf edək ki, Kamini Dilip Kumardan da böyük ulduz idi. 1950-ci illərdə aktyor Rac Kapur da Dev Anand ilə birlikdə artıq məşhurlaşmışdılar və onlar Bollivudun ən böyük ulduzları sayılırdılar.

1946-47-ci illərdə bu üç ulduz arasında ciddi rəqabət gedirdi. Onların hər biri bir ulduz idi və heç biri də geri çəkilmək fikrində deyildi.

Dilip Kumar bir çox qadın ulduzlarla tərəf-müqabil olub. Nərgiz, Mina Kumari, Nadira məhz belələrindən idilər.

“Nərgiz ilə Mila”(1948), “Andaz”(1949), “Joqan”(1950), “Babul”(1950), “Didar”(1951), “Anoha Pyar”(1948) və “Hulcul”(1951) kimi filmlərdən sonra Dilip Kumarla Kamini Kaushal arasında iş birliyi sona çatır.

1952-1961 ci illər Dilip Kumarın bir kino qəhrəmanı kimi zirvəyə çıxdığı illərdir. O, filmlərində kəndli kişi rollarında həm komik, həm sadə, həm ciddi, həm də dramatik obrazlar silsiləsi yaratmışdır.

1960-cı ildə Dilip Kumar “Muğhal-e-Azam” tarixi filmi ilə şöhrət qazandı. Bu film 2008-ci ilə kimi hind filmləri arasında tarixiliyinə görə üçüncü film idi ki, onun da baş rolunun ifaçısı məhz Dilip Kumar olmuşdur.

Mən öz-özümə fikirləşirəm ki, aktyor bu qədər vaxtı haradan tapıb? 60-dan artıq filmdə baş rolun ifaçısı işin çoxluğundan bəlkə də yemək-içməyə vaxt tapmırmış.

Bu, elə illər idi ki, insanların əksəriyyəti öz mədəni istirahətlərini, rahatlıqlarını filmlərə baxmaqda görürdülər. Əlbəttə, söhbət yaxşı filmlərdən gedir.

Mən bu yazımda Dilip Kumar haqqında çoxlarının böyük sənətkar haqqında bu vaxtadək bilmədiklərini yazıram. Çalışıram ki, sizi razı salım.

Əfsanəvi Dilip Kumarın kino karyerası uzun illər davam etmiş, özü də uzunömürlü olmuşdur. 1969-1976-cı illərin dönəmində Pajendra Kumar, Şimmi Kapur, Dilip Kumar və Rac Kapur kimi aktyorların çoxunun karyeri Rajes Kannanın ortaya çıxması ilə sona yetmişdir (Əgər belə demək mümkünsə). Şəxsən mənə qalarsa, öz fikrimə əsaslanıb deyərdim ki, təkcə Rac Kapur və ayrılıqda götürsək elə Dilip Kumar da Rajes Kannadan çox-çox güclü aktyorlardır. Mən bu iki dahi aktyorları Rajeslə heç müqayisə etməzdim. Ancaq müasirlik, zövqlərin dəyişməsi, gəncliyin keçmişlə paradoks ziddiyyətləri bəzən aktyorlara da münasibətdə özünü göstərir. Bir tərəfdən də gəncliyin pərvazlanıb uçması, yaşa dolmaq mərhələsinə qədəm qoyulması da filmlərin keyfiyyətinə mənfi təsirini göstərməyə bilməzdi.

Dilip Kumarın kiçik qardaşı Nasir Han da aktyor idi və “Qanqa Camna”(1961) ilə “Bayraq”(1976)- da Dilipin qarşısına çıxdı və 1948-1961-ci illər arasında 22 filmdə kino qəhrəmanı olaraq yadda qaldı, lakin 17 filmdə yanıldı, uğur qazana bilmədi. Beləliklə, Nasirin kino karyerası başa çatır, 1974-cü ildə isə o, dünyasını dəyişir.

Nasir Hanın oğlu Əyyub Han da aktyor olmuşdur. Onun anası Bəyim Para aktrisalıq edərək 1950-ci illərdə ilk dəfə “Saavariya” filmindən sonra 50 il ərzində filmlərdə az qala dönüş yaratdı.

Dilip Kumar “gözəllik kraliçası” olan aktrisa Saira Banuya vurulur. 1966-cı ildə 44 yaşında ikən 22 yaşlı qızla evlənir və bu da çox söz-söhbətə səbəb olur. Qəzetlər, jurnalistlər dedi-qodu yayırlar, ən nəhayət, uzun sürən dedi-qodulara son qoyulur, bununla da, hər şey yerini tutur və bu evlilik ən uzun sürən evlilik kimi tarixə düşüb.

Ömrünün sonunda Dilip Kumar beyinlə bağlı Mumbainin Lilavati xəstəxanasına düşür və 5 sentyabr 2018-ci ildə gözlərini əbədi olaraq həyata yumur. O, 1998-ci ildə “Qila” filminə görə böyük ekranda xüsusi fərqləndi və onun əməyi yüksək qiymətləndirildi. 1994-cü ildə “Dadasaheb Halke” və 2015-ci ildə “Padma Bhushan” mükafatına layiq görülüb.

Böyük sənətkar Dilip Kumarın yaratdığı kişi obrazları həmişə tamaşaçıların qəlbində şölə yandırır, gözəl aktyorun parlaq simasını gözlərimiz önündə canlandırır. Dilip Kumar uzun ömür yaşamışdır. Belə sənətkarlar ölmürlər. Dilip Kumarın əziz xatirəsi onu sevən Azərbaycan tamaşaçılarının da qəlbində daim yaşayacaq.

Səyavuş SÜLEYMANLI

Yazıçı-publisist, AYB və AJB-nin üzvü,

“Qızıl Qələm” media mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə