Tarixin canlı şahidləri: işğal altında qalmış abidələrimiz

İyulun 30-da Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələri” adlı vebinar təşkil edib. SİA-nın məlumatına görə, əvvəlcə mərkəzin əməkdaşı Sevinc Cəfərova tərəfindən hazırlanan “Qarabağın tarix və mədəniyyət abidələri” videoçarxı nümayiş olunub.

Sonra mərkəzin sektor müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Şirinovanın moderatorluq etdiyi vebinarda AMEA Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli “Qarabağ abidələri”, “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrini müdafiə təşkilatı” İctimai Birliyinin sədri, NK yanında itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupun üzvü Faiq İsmayılov “Azərbaycanın işğal altındakı ərazilərdə qalan tarix və mədəniyyət abidələrinin ümumi vəziyyəti”, Şuşa Mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov “Şuşada tarixi abidələr”, Qərbi Kaspi Universitetinin Tarix və Fəlsəfə kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru Nurlan Nəsirli “XIII-XIV əsrlərdə Qarabağın memarlıq abidələri”, Azərbaycan Memarlar İttifaqının üzvü, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı “Qarabağ memarlığı” mövzuları ətrafında, həmçinin mərkəzin sektor müdiri Pakizə Almazova, şöbə müdirləri Sənan Talıbov, Nəzakət Rəhmanova, Nurəddin Babazadə geniş məruzələrlə çıxış ediblər.

Mütəxəssislər qeyd etdilər ki, 90-cı illərdən bu günə qədər mənfur düşmənlərimizlə müharibədə torpaqlarımız uğrunda minlərlə oğullarımız şəhidlik zirvəsinə ucalmışlar. Qarabağ münaqişəsi nəticəsində işğal altında qalan daşınmaz tarix və mədəniyyət abidələrinin erməni vandalizminə uğradılması səbəblərinin indiyə qədər beynəlxalq elmi ictimaiyyətə məlum olmayan tərəfləri hələ də araşdırılır. Bildirilib ki, işğala məruz qalmış ərazilərdə məhvə məhkum edilən maddi-mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimizdir. Bu abidələr təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin arxividir. Qarabağın tarixi abidələrinin darmadağın edilməsi isə mədəniyyət və mənəviyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi acınacaqlıdır. Daha sonra alim və mütəxəssislər arasında fikir mübadiləsi aparılıb.

Tədbiri yekun vuran mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev qeyd edib ki, belə vebinarlar Azərbaycan xalqının milli-mənəvi sərvətlərinin, mədəni irsinin, habelə tarix, mədəniyyət və incəsənət abidələrinin qorunmasına, təbliğinə, tanıdılmasına, həmçinin gənclərin diqqətini cəlb etmək məqsədinə xidmət edir. Önəmli mövzu ətrafında alimlərlə yanaşı, gənclərin də toplaşması məsələnin daim diqqət mərkəzində olacağına ümid verir. “İşğal altında qalmış hər bir abidəmiz tarixin canlı şahididir. Onların qaytarılması və bərpa olunması torpaqlarımızın qaytarılması qədər önəmli vəzifədir”,- deyən A.Usubəliyev daha sonra ermənilərin tarixi falsifikasiya siyasətlərindən söhbət açdı. Azərbaycan hökuməti tərəfindən mövcud istiqamətdə görülən işlərlə bağlı iştirakçılara məlumat verən məruzəçi alim və mütəxəssislərin potensiallarının səfərbər olunması, tədqiqatların şaxələnməsi, təsdiqedici faktorlar sisteminin artırılması, beynəlxalq aləmə adekvat məlumatların çatdırılması və s. bu kimi işlərin birgə və ara vermədən görülməsinin zəruriliyini bildirib.

Tədbirin sonunda birgə görülə biləcək layihələr haqqında geniş diskussiyalar aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə