Teatrı yuxularında görən Həsən Nəsiboğlu Həsən Həsənov-70

(Portret cizgiləri)

Həsən Həsənov: “Geriyə baxanda fikirləşirəm ki, sevincim də, kədərim də mənə dogmadır, əzizdir”

Onunla bizim tanışlığımızın çox böyük tarixçəsi var. Mən və başqa dostları Həsən müəllimə bir şeyə görə daha çox həsəd aparmışıq. Belə ki, onda Əyyub peyğəmbər səbri var. Hər dəfə onunla söhbət eləyəndə, bir daha əmin oluram ki, Ulu Tanrının birinci adının Səbr olması daha düzgündür. Çünki Həsən müəllim bizə nisbətən hər bir işi özünün səbri ilə daha tez və asanlıqla yerinə yetirir. Onun bu uğurlarını gördükcə də atalarımızın bu, qızıldan qiymətli sözlərini fikirləşirəm: “Səbr elə bir uca ağacdır ki, hər bağda bitməz”. Həsən Həsənov da hansı çətin vəziyyətə düşsə belə, heç vaxt səsini qaldırmaz, əsəbləşməz. Hətta onunla əsəbi danışan adamı belə çox sakitcə dinləyir, elə sakit tərzdə də ona cavab verir və bununla da üstünlüyü ələ ala bilir. Bu, əsl təşkilatçı adamlara məxsus bir xüsusiyyətdir. Həm də Həsən Həsənov pələng ilidə doğulduğundan, bu ilin bütün xüsusiyyətlərini özündə cəmləşdirib. Ən əsası da pələng kimi öz istəyinin ardınca gedib, ona səbrlə nail olmağı da bacarır. Həsən Həsənovun bir insan kimi ən müsbət xüsusiyyətlərindən biri də budur ki, ona olan haqsızlıqları da çox sakit qarşılayıb. Hətta ona pislik eləyən adamlara cavab belə verməyib. Ömrünün təxminən 50 ilini böyük uğurla Azərbaycan mədəniyyətinə sərf eləyən belə bir insanı oxucuların yaxından tanımasına mənə elə gəlir ki, böyük ehtiyac var. Çünki Həsən Həsənovun həyatı və keçdiyi keşməkeşli yol, böyük bir məktəbdir.

Qısa arayış: Həsən Nəsib oğlu Həsənov 1950-ci ilin iyul ayının 7-də Gürcüstan respublikasının Bolnisi rayonunun (Borçalı mahalının) Faxralı kəndində anadan olub. 1957- ci ildə Faxralı kəndində məktəbə gedib, 1968-ci ildə orta məktəbi bitirib. Sənədlərimi Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna ( indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) verib və müsabiqədən keçə bilməyib. Amma bundan həvəsdən düşməyib və rayona qayıdıb tikintidə işləməyə başlayıb. Bir il işlədikdən sonra yəni1969 - cu ildə Bakı şəhər 1 nömrəli texniki peşə məktəbinə daxil olub. 1970 -ci ildə peşə məktəbini fərqlənmə diplomu ilə bitirib və 6-cı dərəcəli çilingər peşəsinə yiyələnib. 1970-ci ildə Bakı Kitabxanaçılıq Texnikumunun Mədəni Maarif şöbəsinin “Özfəaliyyət teatr kollektivinin rəhbəri” fakültəsinə daxil olub. 1971- ci ildə hərbi xidmətə çağırılıb və təhsilini yarımçıq qoyub hərbi xidmətə gedib. Hərbi xidmətdə “Arzu” vokal instrumental ansabılını yaradıb. Sovet İttifaqı hərbiçilərinə həsr olunan festivalın qalibi olub və laureant kimi qızıl medala layiq görülüb. Hərbi xidməti bitirdikdən sonra Bakıya gəlib təhsilini davam etdirib və texnikumu fərqlənmə diplomu ilə bitirib. Texnikumda oxuduğu illərdə Bakı şəhərindəki Əbilov adına Mədəniyyət Evinin xalq teatrının truppasına daxil olub. Burada bir neçə əsərdə baş rolun ifaçısı olub. Sabit Rəhmanın “Toy” komediyasında Surxay, Həsən Seyidbəylinin “Sən nə üçün yaşayırsan?” pyesində professor Səməd və sairə rolları canlandırıb. Bu rolları da tamaşaçıların xoşuna gəlib.

1976- cı ildə Mirzəağa Əliyev adına Dövlət İncəsənət İnstitutunun Mədəni Maarif fakültəsinə daxil olub və 1981-ci ildə institutu ali təhsilli mütəxəssis kimi bitirib.

O, 50 ilə yaxın sənət fəaliyyəti dövründə müxtəlif yerlərdə çalışıb. 1975- ci ildə Bolnisi Mədəniyyət Evində Bədii Təşviqat briqadasının rəhbəri işləməklə əsl peşə fəaliyyətinə başlayıb. Yanaşı olaraq 1977-1983-cü illərdə Faxralı kənd orta məktəbində musiqi müəllimi işləyib. Paralel olaraq 1981-1986 -cı illərdə Aleksandr Sergeyeviç Puşkin adına Tiflis Pedaqoji İnstitutunda "Azərbaycan dili və ədəbiyyati” kafedrasında incəsənət tarixindən mühazirələr oxuyub. 1986-1988-ci illərdə Bolnisi rayonu Cəfərli kənd Mədəniyyət Evində direktor vəzifəsində işləyib. 1988-ci ildə Marneuli şəhər Mədəniyyət Evinə bədii rəhbər vəzifəsinə təyin olunub. 1990-cı ildə Gürcüstandan Azərbaycana gəlib. Elə həmin ildə Bakı şəhərində Term zavodunda klub müdiri, altı aydan sonra isə həmin zavodun Mədəniyyət Sarayında bədii rəhbər vəzifəsində çalışmaga başlayıb. 1992-1994-cü illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında sərəncamçı direktor, 1994- 2006- cı illərdə Dövlət Gənclər Teatrının sərəncamçı direktoru, 2006-2009-cu illərdə Dövlət Gənclər Teatrının dirketoru , 2009 - cu ildə Dövlət Gənc Tamaşaçılar teatrında direktor müavini , 2010-2014- cü illərdə Mingəçevir Dövlət Dram Teatrında direktor vəzifələrində çalışıb. Mingəçevir Dövlət Dram Teatrında çalışdıgı dövrdə yəni 3 may 2011- ci ildə Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb . Bir il sonra Azərbaycan respublikası “ Avropa nəşr və mətbu evi” nin təsis etdyi “ İlin ən yaxşı vətənpərvər teatr direktoru” qızıl medalı və diplomu ilə təltif olunub. 2014-2017 - ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında direktor müavini vəzifəsində öz işini davam etdirib. 2017 - ci ildən isə "Audiokitab" MMC nin direktoru vəzifəsində işləyir. Həsən Həsənov haqqında “Yuxularımda yaşayan teatr” adlı çox maraqlı sənədli film də çəkilib. Bu sənədli film ömrünü Azərbaycan mədəniyyətinə sərf eləyən bir ziyalının həm də keşməkeşli ömür tarixçəsidi.

Ömrünün 70-ci ili ərəfəsində biz onunla görüşdük. Hal-əhval tutduq. Dünyada gedən və bütövlükdə dünyanı lərzəyə salan COVİD-19 pandemiyası və Azərbaycan mədəniyyət aləmindəki son neqativ hallarla bağlı çox söhbət etdik. Bütün bu söhbətdə, həmişə olduğu kimi, Həsən müəllimdə nikbin notlar gördüm. Yaşamağa, işləməyə daha böyük həvəsi olduğunun şahidi oldum.

- Siz lap uşaq yaşlarından teatra böyük həvəsi olan adam olubsuz. Çünki incəsənət aləmində böyüyübsüz. Uşaq yaşlarından saza, sözə hənəsiniz olub. Özünüz də yaxşı saz çalırsınız. İrəvan teatrında da direktor müavini kimi işləriniz yaxşı gedirdi. Bəs necə oldu ki, siz Dövlət Gənclər Teatrına işləməyə gəldiniz?

-1994-cü ildə ən yaxın dostum, Əməkdar artist, indi İrəvan teatrının baş rejissoru işləyən Sərvər Əliyev o zamanlar Dövlət Gənclər Teatrında aktyor vəzifəsində işləyirdi. Mən isə İrəvan Dövlər Azərbaycan Teatrında sərəncamçı direktor vəzifəsində işləyirdim. Bir gün o mənə dedi ki, Dövlət Gənclər Teatrinda sərəncamçı direktor yeri boşdur bəlkə keçəsən ora? Mən gəldim Dövlət Gənclər Teatrına və teatrın direktoru-bədii rəhbəri, Əməkdar incəsənət xadimi, mərhum Hüseynaga Atakişiyevlə görüşüb söhbət etdik. Ona qədər mənim onunla tanışlıgım yox idi. Söhbətimiz çox isti şəraitdə keçdi və elə həmin gün işə girmək üçün ərizə yazmagımı dedi. Çox qəribə bir hal yaranmışdı ki, ilk görüşdən biz, onunla mehriban olduq və bu mehribanlıq, işimizi, sənətimizi sevmək də 2006-ci ilə kimi davam etdi. 2006-cı il aprelin 9-da Hüseynağa Atakişiyev rəhmətə getdi. Mənə elə gəlir ki, həmin gün mən, bəlkə də həyatımda ən əziz adamımı itirdim. Biz, 12 il bərabər çalışdıq və heç vaxt bir- birimizdən incik düşmədik. Beləliklə, Hüsenaga Atakişiyevin ölmündən sonra mən Dövlət Gənclər Teatrına direktor təyin edildim və bu vəzifədə 3 il çalışdım. Hüseynağa Atakişiyev dünyasını dəyişəndən sonra teatr üç il çox yüksək səviyyədə işlədi və biz, bir-birindən maraqlı tamaşalar hazırlayırdıq. Baş rejissor kimi mərhum, Əməkdar incəsənət xadimi Rəhman Əlizadə, quruluşçu rejissor kimi siz, eləcə də aktyor Sərvər Əliyev çox peşəkar tamaşalar hazırlayırdınız. Tamaşalarımıza da çoxlu tanaşaçılar gəlirdi. Teatrımız haqqında mətbuatda bir-birindən maraqlı ressenziyalar çap olunurdu. Bizim gördüyümüz bu uğurlu işlər də kimlərinsə gözünə bir neştər olub, batırdı. Fikirləşirdilər ki, Hüseynağa dünyasını dəyişsə də bu teatr yenə də öz işlərini uğurla davam etdirir. Məhz buna görə də bir çox agzıgöyçəklərin, nadanların, Azərbaycan mədəniyyətinə düşmən olanların təhdidi ilə 2009-cu ildə teatrı baglayıb, Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirdilər. Bu, Hüsenaga Atakişiyevə, onun ruhuna qarşı ən çırkin niyyət olmaqla, bu kollektivə qarşı da çox böyük düşmənçilik oldu. O vaxt səbəbini də belə izah etdilər ki, guya bu teatrı yaratmış insandan sonra onun yaratdıgı teatrın qalması vacib deyil, çünki ideya baxımından teatrın sonrakı həyatı sual altında qalacaq. Onda bəs niyə Yug teatrının yaradıcısı Vaqif İbrahimoglu rəhmətə gedəndən sonra o teatr baglanmadı və hələ də işləyir? Eləcə də Moskvada Vaxtanqovun ölümündən sonra onun yaratdığı teatr, Tiflisdə Mərcanaşvilinin yaratdığı teatr və onlarca başqa teatrlar onların yaradıcılarının ölümündən sonra yaşayıblar və bu gün də böyük uğurla fəaliyyət göstərirlər. Deməli, sadəcə yuxarıda əyləşən bəzi rəhbərlərin Hüseynaga Atakişiyevə qarşı çirkin münasibətləri vardı və onlar bu teatrı bağlamaqla ondan öz qisaslarını aldılar. Mən inanıram ki, zaman gələcək, əsl həqiqətlər üzə çıxacaq... Və bu çirkin oyunda əlləri olanlar və hansıları ki, biz yaxşı tanıyırıq, xalqın məhkəməsinə veriləcəklər... Xalqın məhkəməsi də çox ağır olur...

Ən dəhşətlisi və Dövlət Gənclər teatrına vurulan ən böyük zərbə o oldu ki, repertuarımızda olan bir-birindən maraqlı 60 tamaşamızın heç birini Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarına daxil eləmədilər. Amma Dövlət Gənc Tamaşaçılar və Kamera Teatrının çox bəsit, zəif, peşəkarlıqdan uzaq olan 15-20 tamaşasını teatrın repertuarına daxil etdilər. Ən dəhşətlisi bu idi ki, hər iki teatrın repertuara saldığı tamaşalarda çoxlu aktyorlar yox idi. Bizim teatrın aktyorları həmin rolları oynadılar. Bu tamaşalar yenidən işləndi. Həmin tamaşaların nə dekorasiyası, nə paltarları, nə də musiqisi yox idi. Hamısı təzədən hazırlandı. Buna görə də Mədəniyyət Nazirliyindən çox böyük miqdarda teara pullar ayrıldı. Həmin pulların da hara getdiyi məlum olmadı...

Amma bizim tamaşaların aktyorları da, dekorasiyası da, paltarları da, musiqisi də hamısı yerində idi. Bir-iki dəfə Dövlər Gənc Tamaşaçılar Teatrının səhnəsində məşq etsəydik, yüksək səviyyədə oynamaq olardı. Hətta sizin rəhbərliyinizlə biz, keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevə tamaşalarımızdan heç olmasa 10 tamaşanı repertura salmaqla bağlı şikayət məktubu da yazdıq, amma bizim məktuba heç bir cavab verilmədi. Hətta sizi işdən çıxarmaqla bağlı təhdid də elədilər. Uzun illər sizə Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşalara quruluş verməyə belə icazə vermədilər. Məgər Dövlət Gənclər Teatrına bundan da böyük düşmənçilik olardımı? Görəsən bu işi görənlər, zaman qarşısında nə cavab verəcəklər?..

- Dövlət Gənclər Teatrında birgə işlədiyiniz vaxt Hüseynağa Atakişiyevlə münasibətləriniz necə olub?

- Dogurdan da biz çox səmimi və işimizi sevən insan oldugumuz üçün 12 il bir yerdə çalışdıq. Ümumiyyətlə, hər bir təşkilatda birinci şəxsdən çox şey asılıdır. O, yaxşı olsa, işçilərinin qədrini bilsə, onlara lazım olan şərait yaratsa orada işləmək hamı üçün maraqlı olur. Hüseynağa Atakişiyev özündən çox teatrı düşünürdü.

- Dövlət Gənclər Teatrını başqa teatrlardan hansı fərqli cəhətlər ayırırdı?

- Kollektivin stabil olması . Rənbər və işçi münasibətlərinin yüksək səviyyədə olması. Rəhbərin yaradıcılıgına aktyorların yüksək səviyyədə dərin münasibəti və ona inanması. Hüseynağa Atakişiyevin və burada çalışan rejissorların ildə 9-10 tamaşa hazırlanması. Bu teatrın binasının olmamasına baxmayaraq, yaradıcılığa dəxli olmayan qışda soyoqda da, yayda istidə də yaradıcılıqla ciddi məşgul olması. Repertuarının rəngarəngliyi, müxtəlifliyi, peşəkarlığı, aktyorların çox yüksək istedadı, tamaşaçıların bu teatra başqa teatrlardan daha böyük marağı və sairə onlarla cəhətlərinə görə bu teatr respublikanın bütün teatrlarında seçilirdi.

- Siz Mingəçevir Dövlət Dram Teatrına rəhbərlik elədiyiniz vaxtı orada hansı yenilikləri elədiniz?

- Mən 2010- cu il oktyabr ayının 11- dən Mingəçevir Dövlət Dram Teatrına ditektor təyin olundum. Elə bil mənim bəxtimə yazılıb hara gedirəmsə orda bir çətinliklə üzləşirəm... Buna baxmayaraq tezliklə, bu çətinlikləri dəf etməyi bacarıram. Yəni gənclik illərindən bu günümə qədər mən heç vaxt hazır yerdə oturub idarəçiliklə məşgul olmamışam. Mütləq bir problem olmalıdır və bu problemlər həmişə mənim yol yoldaşım olublar. Nə isə... Getdim Mingəçevir Dövlət Dram Teatrına.Teatrın binası yox idi. Hardasa şəhər qıragında QRES-in Mədəniyyət Evi deyilən uçuq-sökük bir binada teatr yerləşmişdi. Aktyorların sayı da cəmi 12 nəfər idi. Bir neçə professional aktyorlardan başqa qalanları teatr haqqında çox az məlumatlı idilər. Demək olar ki, onların teatrla bağlı anlayışları, peşəkarlığı çox zəif idi. Binanın belə bir vəziyyətdə olmasına baxmayaraq biz işə başladıq, təbii ki, baş rejissorla birlikdə. Ona da hələ baş rejissor demək olmazdı. Çünki təcrübəsi yox idi. Kollektivlə davranması yox idi və həm də intriqa sevən idi. İlk nıvbədə teatrın nəzdində teatr- studiya yaratdıq. Bu teatr-studiyada təhsil almaq üçün 12 nəfər qəbul olundu. Mən Bakıdan teatr-studiyanın dərslərini aparmaq üçün mütəxəssislər dəvət etdim və tez bir zamanda truppa üçün kadrlar yetişməyə başladı. Bu çətin işdə teatr aləmində böyük təcrübəsi olan və bir vaxtlar Mingəçevir Dövlət Dram Teatrına rəhbərlik eləmiş Xalq artisti Zülfüqar Abbasovun, teatrın aktrisası, Xalq artisti Ella Yaqubovanın, Əməkdar artist Akif Mirabovun, çox istedadlı aktrisa Afət Əliyevanın da bizə çox böyük köməkliyi oldu. Onlar da bu həvəskar aktyorlara, aktrisalar aktyor sənətindən, səhnə danışığından dərslər keçdilər. Bununla da biz, ilk baryeri aşdıq. Bir ildən sonra teatr özünün yüksək səviyyədə təmir edilmiş binasına köçdü. Bundan sonra əsas işimiz başladı. Yeni yaradılmış bu kollektiv ilə teatrın repertuarını müxtəlif səpkili tamaşalarla zənginləşdirdik. Bakıdan yüksək peşəkar rejissorlar dəvət etdik. Teatr -studiyanın yaranması nəticəsində artıq teatrda 30-a yaxın aktyor heyyəti çalışmağa başladı. Teatr Türkiyədə və Lənkəranda festifallarda çıxış etdi. Gördüyümüz işlər haqqında mütəxəssislər xoş sözlər dedilər.

Hal-hazırda çoxlu gənclərin çalışdığı və həmin teatr-studiyada yetişən, indi teatrda işləyən Mingəçevir Dövlət Dram teatrının çıxışını bu gün də ugurlu adlandırmaq olar. Bu gün də bu teatrda bir neçə peşəkarlarla yanaşı həmin teatr-studiyada yetişən çoxlu istedadlı gənclər çox böyük uğurla işləyirlər. Mənim vaxtımda direktor müavini işləyən və bu gün teatrın direktoru olan Səxavət Məmmədov da teatr üçün əlindən gələni edir. Elə onların 17-18 fevral 2020-ci ildə Bakıda, Milli Akademik Dram Teatrının binasında sizin peşəkar quruluşunuzda oynadıqları Qənbər Şəmşiroğlunun ( səhnələşdirənlər- Nəriman Ocaqlı, Ağalar İdrisoğlu) “Cainin etirafı” iki hissəli məhəbbət odası tamaşasını yüksək peşəkarlıqla tamaşaçılara göstərməsi bu teatrın böyük uğurundan və bu gün respublikanın ən aparıcı teatrlarından biri olmasından xəbər verir.

- Bəs sizi niyə bu teatrın direktorluğundan işdən çıxardılar?

- Əslinə baxsan mən əvvəl də işdən çıxmaq istəyirdim. Bu haqda məlumat da vermişdim. Amma bir neçə vaxt sonra özləri mənim ərizəmi aldılar. Səbəbi aydın idi. Bilirsiniz ki, 1988-ci ildən başlayaraq, həmişə yaxşı işləyən rəhbərlərə teatr aləmində heç vaxt hörmət qoymayıblar. Siz özünüz də bir vaxtlar Sumqayıt Dövlət Musiqili-Dram Teatrına çox böyük uğurla rəhbərlik edirdiniz, axırda sizi məcbur elədilər və o vəziyyətə gətirdilər ki, özünüz 1997-ci ildə ərizə verib işdən çıxdınız və sonra da həmin teatrın bərbad günləri başladı...

Biz bunun elə Dövlət Gənclər Teatrında da şahidi olduq . 20 il teatr binasız yaşadı, yüksək səviyyəli tamaşalar hazırladı, çoxlu festivalların qalibi oldu və 20 ildən sonra hansısa nadanların, millətin mədəniyyətinə düşmən olanların, erməni dəyirmanına su tökənlərin ucbatından baglandı. Mingəçevirdə də teatrdan və məndən yazan, teatr aləminə yaramaz olan bir neçə nəfər nadan vardı. Onlar işimizə mane olurdular. Nazirlik də onların sözünü tutaraq və yalanlar üstə qurulmuş ssenari əsasında mən işdən çıxarıldım. Bundan heç də mütəəsir olmuram. Bu günə qədər Mingəçevir tamaşaçıları hələ də məni çox hörmətlə yad edirlər.Və mən bunula qürur duyuram. Rəhmətlik Hüseynaganın belə sözü vardı. Dedyirdi: “Başını aşagı sal işini gör. İnsana onun yaxşı işinə görə qiymət verilir. İndi verilməsə də gələcəkdə veriləcək”. Ona görə mən direktor olsam da heç vaxt kreslo sevgisini özümə yaxın buraxmamışam. Mən eyni zamanda yaradıcı adamam. Yaradıcılıgımı bilmək və keçmiş uğurlarımı görmək üçün gənclik illərimdən gördüyüm işləri izləmək lazımdır. Buna da bəzi nadanların vaxtı yoxdur.

Sevinirəm ki, hal- hazırda Mingəçevir Dövlət Dram Teatrında çalışanların çoxu mənimlə əlaqə saxlayırlar. Mingəçevir şəhər əhli isə mənim ordan çıxıb gəlməyimi çox təəssüf hissi ilə qeyd edirlər.

- Bu gün Həsən Həsənov nə işlə məşğul olur?

- Mingəçevirdən qayıtdıqdan sonra bir müddət İrəvan Dövlət Dram Teatrında direktor müavini işlədim. Burda da riyakarlıq, vəzifə davası, hegomonluq, teatra aid olmayan hərəkətlər gördüm. Fikirləşdim ki, əgər hal-hazırda Azərbaycan teatrı bu gündədirsə burda işləməyə dəyməz. Ona görə teatrdan bir dəfəlik ayrıldım. Hal-hazırda “Audiokitab” MMC-nin direktoruyam.

- Mədəniyyət aləmində gedən bu dəhşətli hadisələrə, bir vaxtlar özünü mələk kimi göstərən Mədəniyyət naziri və onun ətrafında olan quldurlara, mədəniyyətimizi talan eləyənlərə sizin münasibətiniz necədir?

- Nə olaydı bu hadisələr mən işləyən dövrü əhatə edəydi.Onda teatr tamam başqa bir formada fəaliyyət göstərərdi. Həmin o Mədəniyyət naziri məni günahlandırırdı ki, guya mən teatrda hegemonluq edirəm və teatrı dağıdıram. Amma yoxlayıb gördülər ki, elə şey yoxdur. Bu sadəcə Mədəniyyət nazirinin və onun qulbeçələrinin məni işdən çıxarmaq üçün uydurması və qurduğu oyun, ssenari idi. Çünki mən, onların “bığlarının” altından keçmirdim. Məddahlıq eləmirdim... Teatrın inkişafı yeni gələcək nazirin teatrlara münasibətindən çox asılı olacaq. Mənə görə teatrlarda güclü islahatlar getməlidir. Yoxsa Azərbaycan teatrı heç vaxt dünya teatrları arasında öz sözünü layiqincə deyə bilməyəcək. Teatra bazar və qazanc yeri kimi baxmaq, bu özü, Azərbaycan mədəniyyətinə qarşı ən böyük cinayətdi.

- 70 illik həyatınızın geridə qalan illərinə boylananda nələrə sevinir, nələrə heyfislənirsiz?

- Teatr, mədəniyyət aləmində çalışan adamlar üçün görəcəyi işlərə sərf olunan bir ömür bəs eləmir. Geriyə baxanda görürəm ki, sevincim də, kədərim də, mənə dogmadır, əzizdir. Mən onları sevə-sevə xatırlayıb, gələcəyi səsləyirəm. Görək o gələcək mənə hay verəcək yoxsa yox?!..

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə