Ötən həftələr ərzində dövlətin müasir tarixinə düşəcək hadisələri hamımız yaşamaq məcburiyyətində olduq. Bəli, bizi qarşıda yaşananlara dair xeyli sayda təhlil və qiymətverici xarakterli fərqli yazılar və mülahizələr gözləyir. Etiraf etməliyik ki, onların sırasında obyektiv yazılarla yanaşı qalmaqal arxasınca qaçan köşə məqalələr də olacaqdır. Əlbəttə ki, fürsətçillərin sayı heç də az olmayacaq. Düşünürəm ki, hadisələrə dair siyasi qiymət artıq verilib və ictimaiyyət sosial şəbəkələr vasitəsilə kifayət qədər məsələlərə öz münasibətini bildirib. Razılaşın ki, yaşananlar dərs alınası və nəticə çıxarılası örnəkdir. Ehtimal etmək olar ki, ölkə başçısının bu cür addımları məhz lazımi xəbərdarlıqların verilməsinə hesablanmışdır. Bunlar ümumilikdə yeni ictimai təfəkkür və münasibətlərin formalaşmasına yönəlmiş davamlı islahatların sadəcə növbəti mərhələsidir. İslahatların hədəfi məmur korpusu deyil, onların təyinatı bütün istiqamətlər üzrə ictimai münasibətlərin təkmilləşməsi və ölkəmizi mahiyyət etibarilə yeni inkişaf mərhələsinə daşımaqdan ibarətdir. Davamlı inkişafı təmin edən islahatların mahiyyəti eyni zamanda sahəvi risklərin azalmasına xidmət edir.

Dünya dövlətlərinin siyasi tarixinə müraciət etsək görə bilərik ki, mahiyyət xarakterli dəyişiklər çox zaman sərt qərarların qəbul olunması ilə müşahidə olunmuşdur. Burada bir dəqiqləşməni aparmaq istərdim. Hadisələrə siyasi qiymət verərkən hər kəs nəzərə almalıdır ki, şahidi olduğumuz hadisələr təkcə 2020-ci ildə başlamış islahatların nəticəsi deyil. Düşünürəm ki, bu yanaşma bir qədər yanlışdır. İslahatlar, ölkə başçısınin prezidentliyinin ilk ilindən etibarən başlamış və bu günə qədər davam edən prosesdir. Azərbaycanı statik və monoton ölkə adlandırmaq mümkün deyil, biz hər zaman fərqli geosiyasi hadisə və proseslərin içində olmuşuq və varıq. Dövlətimiz özü də qlobal və regional xarakterli təşəbbüslərin müəllifidir. Bu cür yanaşma və gərgin ətraf mühit dövlət siyasətinin davamlı korrelyasiyasını tələb edir.

Qəbul olunan müxtəlif dövlət proqramları, ardıcıl şəkildə tətbiq olunan yeniliklər, institutsional dəyişiklər, fəal beynəlxalq inteqrasiya, iqtisadiyyatın diversifikasiyası, vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş təşəbbüslər və digər amillər ölkəmizdə aparılan davamlı islahatların real təzahürüdür. Mövzuya qayıtmaqdan öncə və beynəlxalq təcrübəyə müraciət edərək daha bir məsələni prinsipial olaraq vurğulamaq istərdim. Təkrara yer versəm də nəzərə alınmalıdır ki, davamlı islahatların aparılması yalnız özünə, potensialına və ictimai dəstəyə əmin olan hakimiyyətlərə məxsus olan siyasi keyfiyyətdir. İctimai təfəkkür və münasibətlərin modernləşməsinə yönəlmiş islahatlar isə ən uzun çəkən və ağır proseslərlə müşahidə olunan islahat növüdür. Bu növ islahatlar perspektiv xarakterli olaraq dövlətin və xalqın gələcək inkişafına zəmin yaradır.

Xüsusi səbəb axtarmadan deyə bilərik ki, şahid olduğumuz davamlı islahatlar fonunda sadəcə növbə mədəniyyətə çatmşdır. Cənab Prezidentin təşəbbüsü ilə reallaşan islahatların qarşısında duran strateji məqsədlərdən biri ictimai münasibətlərin və ümumiyyətlə cəmiyyətin modernləşməsi durur fikri ilə razılaşsaq, o zaman nəzərə almalıyıq ki, ictimai təfəkkürün modernləşməsi və bu proseslərin ahəngliyini təmin edən əsas alət və mexanizm kimi məhz mədəniyyət məfhumu çıxış edir. Mövcud kontekst ölkənin inkişafında mədəniyyətin rolunu bir daha bizlərə aydın şəkildə nümayış etmiş oldu. Sözsüz ki, mədəni paradiqmalar dəyişilməli və mədəniyyətə qarşı uzun illər ərzində müşahidə olunan istehlakçı münasibətdən imtina etməliyik.

Ərazisinin 20 % işğal altında olan, müharibə şəraitində yaşayan, vətənpərvərlik hisslərinin aşılanması strateji vəzifə sayılan bir ölkədə, habelə özünə qarşı daim ikili siyasət və informasiya pressinqini yaşayan, davamlı şəkildə qlobal geosiyasi ssenarilərin diqqət mərkəzində olan, qloballaşma proseslərinin təsiri altında total unifikasiya kimi neqativ fəsadlar ilə üzləşən və bir çox digər obyektiv, hətta qaçılmaz sosial-siyasi təzahürləri yaşayan dövlətin inkişafında mədəniyyət siyasətinin strateji çəkisi artmalıdır.

Mədəniyyət, uzun onilliklər ərzində yaşadığı atributiv stereotiplərdən azad olmalı və öz ideoloji mahiyyətini bərpa etməlidir.

Göstərilənlər müstəvisində mədəniyyət sahəsində islahatların aparılması məsələsi qarşımızda sadəcə günün tələbi kimi çıxış edir. Əlbəttə ki, burada inqilabi addımların aparılması tələb olunmur, görüləcək işlər sahənin statusu, sosial imic və siyasi çəkisinin artırılması ilə bağlı olacaqdır. Böyük ənənələrə, qüdrətli tarixə və dünya miqyaslı nailiyyətlərə malik olan mədəniyyətimizin ölkə xaricindəki kimi olan imicinin ölkənin daxilində də nüfuzunun artırəlmasına böyük ehtiyac duyulur.

Burada mədəniyyətin növbəti strateji əhəmiyyət kəsb edən vəzifələrinin adlarını çəkmək lazımdır. Gənclərin estetik zövqünün dəstəklənməsi, vətənpərvərlik hisslərinin aşılanması, milli təfəkkürün modernləşməsi, əhalinin ümumi mədəni səviyyəsinin inkişafı, mədəniyyətin əlçatanlığının təmin olunması, milli birlik hisslərinin və milli ideologiyanın təbliği, yaradıcı mühitin dəstəklənməsi, mədəni hüquqların təmin olunması, milli identikliyin dəstəklənməsi, mədəni infrastrukturun inkişafı və s. bu kimi vəzifələr mədəniyyət siyasətinin tükənməz siyasi potensialından xəbər verir. Razılaşın ki, sözügedən vəzifələr strateji əhəmiyyət kəsb etməklə ölkənin humanitar inkişafını təmin edən əsas amillərdəndir. Odur ki, institutsional dəyişiklərlə yanaşı sahənin qarşısında duran ən mürəkkəb vəzifələrdən biri, mahiyyət etibarilə mühafizəkar olan mədəniyyətdə çalışan əməkdaşlarda yeni peşə təfəkkürün formalaşmasıdır.

Asif Usubəliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə