"Bu, çex dilindən Azərbaycan dilinə tarixdə ilk birbaşa tərcümədir"

Praqadakı Azərbaycan Mədəniyyət Evində “Çex klassiklərinin hekayələri” adlı kitabın Azərbaycan dilinə tərcümə olunmuş nəşrinin təqdimatı keçirilib.

Karl Universitetinin filologiya üzrə fəlsəfə doktoru, professor İvana Bozdyexova və diplomat, yazıçı Yaroslav Olşanın redaktorluğu ilə hazırlanan toplu Şəbnəm Əsədova tərəfindən Azərbaycan dilinə tərcümə olunub və “Elm və təhsil” nəşriyyatında çap edilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, professor İvana Bozdyexova layihənin əhəmiyyəti barədə danışıb.

“Praqada Azərbaycan Mədəniyyət Evinin fəaliyyət göstərdiyi bir il ərzində müstəsna fəal işlər nümayiş etdirib. Bu işdə əsas xidmət, ilk növbədə, Çex Respublikasındakı Azərbaycan icmasının üzvləri ilə sıx əməkdaşlıq şəraitində çalışan Mədəniyyət Evinin rəhbəri – şairə Leyla Bəyimin payına düşür. Cari ilin zəngin proqramı Azərbaycan dilində nəşr olunmuş müasir çex novellası antologiyasının – 2025-ci ilin yayında “Elm və təhsil” nəşriyyatı tərəfindən çap edilən “Çex klassiklərinin hekayələri” kitabının təqdimatı ilə yekunlaşıb.

Bu nəşr çex dilindən Azərbaycan dilinə tarixdə ilk birbaşa tərcümədir. İndiyədək Azərbaycan oxucuları çex ədəbiyyatı nümunələri ilə əsasən digər dillər, xüsusilə rus dili vasitəsilə tanış olublar. Kitabın nəşrinə Çex Respublikasının Mədəniyyət Nazirliyi maliyyə dəstəyi göstərib. Mənim iştirakımla kitab ilk dəfə oktyabrın 2-də Bakıda Çexiya səfirliyi tərəfindən təntənəli şəkildə təqdim olunub. Səfirlik, eyni zamanda, nəşrin hazırlanmasında da iştirak edib”, - deyə müsahibimiz bildirib.

Professorun sözlərinə görə, redaktorların əsas məqsədi çex ədəbiyyatının bədii müxtəlifliyini və orijinallığını əks etdirən reprezentativ əsərləri seçmək olub: “XIX əsrin ikinci yarısından müasir dövrədək 14 müxtəlif müəllifin mətnləri vasitəsilə antologiya çex mədəniyyəti və düşüncə tərzi haqqında təsəvvür formalaşdıran özünəməxsus bir kaleydoskop təqdim edir, eyni zamanda oxucuya fərdi interpretasiya azadlığı verir. Topluya beynəlxalq səviyyədə tanınmış görkəmli yazıçılar olan Yaroslav Haşek, Frans Kafka və Karel Çapek daxil edilib”.

İvana Bozdyexovanın bildirdiyinə görə, kitabın Praqadakı təqdimatında hər iki redaktor və tərcüməçi ilə yanaşı, antologiyada yer alan və hazırda yaşayan iki müəllif — Yuliya Novakova və Martin Vopenka da iştirak ediblər.

“Müəllif Martin Vopenka “Dağ nağılları” toplusuna daxil olan “Qarğa ruh və qız haqqında danışır” adlı ballada-nağılından bir hissə oxuyub. Daha sonra həmin mətn Şəbnəm Əsədovanın ifasında Azərbaycan dilində səsləndirilib. Martin Vopenka gələcəkdə baş verən hadisələrdən bəhs edən vizioner romanlar, müasir həyat mövzusunda əsərlər, gənclər üçün ədəbiyyat, nağıllar, poeziya və fəlsəfi yol qeydləri daxil olmaqla 30 kitabın müəllifidir. Onun yaradıcılığı bu günədək 15 dilə, o cümlədən Azərbaycan, ingilis, alman, italyan, polyak, ispan, rus, bolqar, fransız və ərəb dillərinə tərcümə olunub. Bu il Frankfurt Beynəlxalq Kitab Sərgisində, fəxri qonaq ölkə qismində Filippinlərin iştirak etdiyi tədbirdə onun “Yeni planet” romanının filippin dilində tərcüməsi təqdim olunub. Təntənəli axşamda, həmçinin çex ədəbiyyatının ən mühüm və ən çox tərcümə olunan nasirlərindən biri olan İvan Klimanın oğlu da iştirak edib”, — deyə professor İvana Bozdyexova qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə