Tarix elmləri doktoru, Azərbaycanın tanınmış dövlət xadimi və tədqiqatçısı Həsən Həsənovun “Azərbaycan - tarixi-etnoqrafik atlas” və “Azərbaycan - tarixi-coğrafi atlas” kitabları nəşr olunub. SİA xəbər verir ki, bu nadir tədqiqat nümunələri Azərbaycanın 40 əsrdən artıq zaman kəsiyində keçdiyi tarixi yolu coğrafi və etno-siyasi kontekstdə sistemləşdirərək təqdim edir.
Yeni nəşr olunmuş “Azərbaycan - tarixi-etnoqrafik atlas” kitabı Ümummilli Lider Heydər Əliyevin dərin mənalı fikri ilə açılır: “Hər insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.” Bu atlas 14 fəsildən ibarətdir. Azərbaycanın tayfa ittifaqları, onların etnik mənşəyi, məskunlaşma coğrafiyası və siyasi mirası haqqında dolğun məlumatlar təqdim edir.
“Azərbaycan - tarixi-coğrafi atlas” isə Prezident İlham Əliyevin bu fikri ilə başlayır: “Biz xoşbəxtik ki, müstəqil ölkə, müstəqil xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir.” Yeddi fəsildən ibarət bu əsər Azərbaycan ərazisində qədimdən müasir dövrədək mövcud olmuş dövlətlər, siyasi proseslər və onların coğrafi məkanı ilə bağlı zəngin xəritə və analizlərə əsaslanır.
Bu əsərlər ölkənin yaranmağa başladığı dövrlərdən bəri tarixi-coğrafi və etno-siyasi mənzərənin kompleks şəkildə təqdim olunmasına xidmət edir. Əsərlərin əsas məqsədi qədim və orta əsrlər Azərbaycanının siyasi-coğrafi xəritəsini və tarixini daha sistemli şəkildə izah etməkdir. Tədqiqat zamanı yerli və xarici müəlliflərin monoqrafiyalarından istifadə olunub, materiallar ümumidən xüsusiyə doğru sıralanaraq oxucuya kompakt və aydın formada çatdırılıb. Xəritələr, əsasən, tanınmış beynəlxalq və keçmiş sovet elmi mərkəzlərinin materialları əsasında hazırlanıb, həmçinin müəllifin özü tərəfindən tərtib olunan xəritələr də bu topluya daxildir.
Atlaslarda 60-a yaxın coğrafi xəritə və hər biri ilə bağlı tarixi izahlar təqdim olunub. Bu xəritələr vasitəsilə Azərbaycanın dövlətçilik mərhələləri, tayfa ittifaqları və sülalələrinin hakimiyyət dövrləri, əfsanəvi və real liderləri, etno-siyasi dinamika və ərazi dəyişiklikləri ətraflı şəkildə əks etdirilir. Maraqlı məqamlardan biri də “Azərbaycan” adının müxtəlif tarixi dövrlərdə mənbələrdə fərqli fonetik formalarda qeyd olunması və bunların tarixi şəraitlə izah edilməsidir. Müəllif bu problemi ayrıca bir bölmədə təhlil edir və adın mənşəyinə dair elmi əsaslandırılmış izah verir.
Bu fundamental kitablar, sadəcə olaraq, elmi tədqiqat deyil, həm də milli kimliyin və tarixi yaddaşın qorunması baxımından strateji əhəmiyyət daşıyan nəşrlərdir. Müəllifin qeyri-ənənəvi metodologiyası əsəri oxunaqlı və əyani edir, coğrafi təsvirlərlə tarixi hadisələr arasında əlaqəni konkret şəkildə qurmağa imkan yaradır.
Həsən Həsənovun təqdim etdiyi bu atlaslar həm tarixşünaslıq sahəsi üzrə mütəxəssislər, həm də tarixə maraq göstərən geniş oxucu auditoriyası üçün mühüm mənbə olacaq. Eyni zamanda, gənc nəslin ölkənin tarixi və milli mənsubiyyəti ilə bağlı biliklərini zənginləşdirmək üçün də dəyərli vəsait kimi çıxış edir.
Qeyd edək ki, hər iki kitab bp-nin dəstəyi ilə ərsəyə gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə