"Bakıda insanlar teatrdan tərbiyə alıblar"

Bu yaxınlarda Azərbaycan Dövlət Akademik Musiqili Teatrında rejissor Cavid İmamverdiyevin Zinovi Saqalovun "Aysedora Dunkanın üç həyatı" pyesi əsasında "Aysedora" monotamaşasının premyerası böyük uğurla keçib. Tamaşada opera müğənnisi Olqa Georgiyeva iştirak edib. Olqa Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının məzunu, çoxsaylı festival və beynəlxalq müsabiqələrin iştirakçısı, bir sıra mükafatların sahibidir. O, Rusiya, İtaliya və Böyük Britaniyanın opera teatrlarının səhnəsində çıxış edib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Olqa bir il əvvəl Bakıya köçüb. Müğənni Azərbaycandakı həyatından və "Aysedora" tamaşası üzərində işi barədə təəssüratlarını bölüşüb.

"2023-cü ilin aprelində məni Musiqi Teatrına işə götürdülər. Artıq may ayında "Aysedora" tamaşasında rol aldım. Tamaşa üzərində iş yeddi ay davam edib. Fikrimcə, tamaşanı 2023-cü ilin noyabrında göstərməyə hazır idik, lakin teatrın repertuarının qurulması səbəbindən premyeranı təxirə salmalı olduq. Buna görə də məşq etməyə davam etdik və tamaşanı o səviyyəyə çatdırdıq ki, indi artıq məşq etməyə ehtiyac yoxdur", - deyə agentliyin həmsöhbəti qeyd edib.

Bu tamaşa üzərində aparılan iş təcrübəsinin onun üçün yenilik olduğunu vurğulayan Olqa deyib: "İndi gördüyüm işi digər rollarımla müqayisə etmək olmaz. Mən opera müğənnisiyəm. Operadakı alətin səsdir. Sən səsindən asılısan. Bu çox güclü yükdür. Bu pyesdəki əsas yük isə ondan ibarət idi ki, mən 20 səhifəlik mətni öyrənməli idim. Ancaq bunun yolu tapıldı. Özümə sual verdim: bu pyes nədəndir? Aysedora indi nə demək, hansı duyğuları ifadə etmək istəyir? Yəni, sözləri deyil, duyğuları öyrənirdim. Rejissor Cavid İmamverdiyevlə birgə həll yolu axtarırdıq. İlk məşqlər çətin keçirdi... Lakin buna alışdığımda, mətn "oturduqda", mahnıları seçdikdə - bax o zaman iş getdi”.

Olqa deyir ki, Aysedora Dunkan şəxsiyyəti ilə əlaqəli maraqlı bir hekayəsi var: "Bir dəfə kamera musiqisi müəllimim Tatyana İvanovna Milentyeva mənə Aysedoranın gündəliklərini verdi və mən onları oxudum. Zinovi Saqalovun pyesi isə demək olar ki, onun gündəlikləri əsasında qurulub. Bu inanılmaz idi, bir vaxtlar mənə yaxın olan bir adam, müəllimim bu kitabı mənə verdi və mən Bakıya gələndə "Aysedora" tamaşasında rol aldım”.

Bakıdakı həyatı müğənninin çox xoşuna gəlir: "Bundan əvvəl mən heç vaxt Azərbaycanda olmamışam. Əlbəttə ki, mən bu ölkə haqqında eşitmişəm. Dostlarım buraya gəlib, Polad Bülbüloğlu ilə əməkdaşlıq edib və bu şəhərin nə qədər gözəl olduğu, burada necə xeyirxah insanların yaşadığını deyiblər. Mən buna şəxsən özüm əmin oldum. Mən burada özümü evdəki kimi hiss edirəm və öz mühitimdəyəm – teatr mühitindəyəm".

Bakı teatrındakı işinə uyğunlaşmasının çətin olub-olmadığı barədə suala cavab verən Olqa qeyd edir ki, prinsipcə burada digər teatrlara münasibətdə böyük fərq yoxdur: "Burada işin bir az fərqli şəkildə qurulmasına uyğunlaşmaq lazım idi. Mən həmişə Opera Teatrında işləmişəm, burada isə musiqili teatrdır: dərslər bir az fərqli keçir, cədvəl başqadır. Həm də hər zaman mənə tanış olan fərqli bir ritmdə getmək istəyirəm. Burada ritm bir az fərqlidir. Bakı teatrını başqa teatrla müqayisə etmək olmaz. Bu, düzgün deyil”.

Bakıdakı tamaşaçılar tamaşanı və onun qəhrəmanını yaxşı qarşıladılar. "İki premyera tamaşamız oldu, hər ikisi çox yaxşı, isti qarşılandı. Bu, mənim üçün çox xoş idi. Mənə elə gəlir ki, burada öz auditoriyam ola bilər. Mən görürəm ki, Bakıdakı insanlar teatrdan tərbiyə alıb, tamaşalara gedirlər. İstəyirəm ki, teatr ən keyfiyyətli tamaşalar göstərsin, ən azından mən bunun üçün əlimdən gələni etməyə hazıram", - deyə müğənni vurğulayır.

Olqa hesab edir ki, onun Bakıdakı həyatının ilk ili uğurla keçib: "Mən Bakıya yola düşəndə, hər şeyin necə baş verəcəyini bilmirdim, lakin ümidimi itirmirdim. Bir il əvvəl hər şey formalaşmağa başlayanda düşündüm ki, yəqin, bu yerdə ilahi qüvvələr məni daha yaxşı eşidir".

Sənətçinin fikrincə, onun uğur formulu ona uyğun insanları axtarmaq və tapmaqdan ibarətdir: "Bakıya gələndən bir həftə sonra aspiranturada təhsil almaq imkanını araşdırmaq üçün Konservatoriyaya getdim. Məni çox gözəl insanlar qarşıladılar, mənə hər şeyi izah etdilər, hər şeyi göstərdilər. Nəticədə həmin gün Xuraman Qasımova (opera müğənnisi, Azərbaycanın Xalq artisti – müəllif) məni dinlədi. Onun sayəsində ertəsi gün Musiqili Teatrda dinləmələrdə iştirak etdim. Direktor Əliqismət Lalayev məni işə götürdü. Məni dəstəklədiklərinə görə Xuraman xanıma və Əliqismət müəllimə çox minnətdaram”.

Aysedora Dunkan ilə bənzərliyini görüb-görmədiyi barədə suala Olqa bir müddət düşünür, sonra isə cavab verir: "Yəqin ki, o, cəsarətdədir. Bir ölkədən başqa bir ölkəyə köçmək, köklərini qırmaq və yeni toxum əkmək. Aysedora bundan qorxmurdu və yaratmaq üçün çağırıldığı yerə gedirdi. O istədiyi kimi yaşayırdı. Mən də həmçinin. Mən etmək istədiyimi edirəm - həqiqətən, səmimi şəkildə deyirəm: mənə xoş olan insanlarla və mənə xoş olan yerdəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə