“Dom Feyzulla bomba rabatay” - KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Beynəlxalq təşkilatların və ekspertlərin qənaətinə görə, Ermənistanda yerləşən Atom Elektrik Stansiyası bütün bölgəni fəlakətə sürükləyə biləcək böyük təhlükə mənbəyidir. “Metsamor” AES-də köhnə texnologiyadan istifadə edilməsi, modernləşdirilməməsi, yüksək seysmik zonada yerləşməsi hər an qəza təhlükəsi gözlənildiyini deməyə əsas verir.

1977-ci ildə tikilən bu stansiya dünyada ən köhnə texnologiyada olan yeganə AES-dir. Dünyada 4-cü nəsil atom elektrik stansiyaları inşa olunduğu bir vaxtda “Metsamor” tipli AES-lər çoxdan fəaliyyətini dayandırıb.

Bu stansiyada indiyədək 150-dən çox qəza baş verib. 1988-ci ildə Spitakda baş verən zəlzələ nəticəsində “Metsamor” da yararsız vəziyyətə düşmüşdü. Möcüzə sayəsində Qafqazda “2-ci Çernobıl” baş vermədi.

BMT-nin müvafiq konvensiyasına görə, zərərli və partlayış təhlükəsi olan texnologiyaların qurulması qonşu ölkələrdə qiymətləndirilməli, ətraf mühitə təsiri və bunun törədəcəyi hər hansı fəsadlar haqqında qonşu dövlətlərlə razılıq protokolu olmalıdır.

“Metsamor” AES-də il ərzində dəfələrlə yoxlamalar aparılsa da, həmin yoxlamaların nəticələri barədə hesabatlar Azərbaycana təqdim olunmur. Hesabatlar təqdim olunmadığından orada AES-in fəaliyyəti ilə bağlı nələrin yazıldığı Azərbaycana bəlli deyil.

Avropa İttifaqı 2001-ci ildə Ermənistanın Avropa Şurasına üzv olması zamanı AES-in birdəfəlik bağlanmasını tələb edib. Aİ bunun müqabilində Ermənistana 100 milyon avro ayırmaq fikrindəydi, amma Yerevan 1 milyard avro tələb etdi. Buna görə də, bağlanma prosesi baş tutmadı.

2002-ci ildə MAQATE o vaxtkı baş katibi Məhəmməd əl-Baradeyi Azərbaycana səfər edərkən prezident Heydər Əliyev ondan xahiş etmişdi ki, “Metsamor”un köhnə reaktorlarının fəaliyyətinin dayandırılması məsələsinə baxılsın.

Lakin, Ermənistan rəhbərliyi ölkənin ağır iqtisadi-sosial durumda olduğunu, ölkənin alternativ enerji resursunun olmadığını bəhanə edir. Yerevanda anlamırlar ki, qəza baş versə ilk növbədə Ermənistan əhalisi məhv olacaq.

Ümumiyyətlə, AES qəzasının çox böyük bir regionda fəciələrə səbəb olduğu faktdır. Çernobılda və Fukusimada qəza olanda çox böyük bir ərazidə dəhşətli təsirləri oldu. Bu qəzalar nəticəsində minlərlə insan həlak oldu, hələ də şüalanmadan əzab çəkən milyonlarla insanlar var. Ona görə də, bu məsələ heç bir dövlətin daxili iş ola bilməz, çünki qəza baş verərsə, faciənin miqyası bir neçə ölkəni əhatə edəcək.

Azərbaycan beynəlxalq aləmdə həyəcan təbili şalmaqda davam edir ki, “Metsamor” AES bütün bölgəni fəlakətə sürükləyə biləcək böyük təhlükə mənbəyidir. Əslində, “Metsamor”un ən böyük zərəri Azərbaycana dəyir. Onun radioaktiv tulantıları xüsusi kanalla Araza axıdılır. Yadımdadır, bir neçə il qabaq professor Məmməd Salmanov bildirmişdi ki, hələ Sovet dövründə Ermənistan SSR-in rəhbərliyi Moskvaya müraciət edərək, “Metsamor” AES-in və bir neçə filizsaflaşdırma fabrikinin çirkab sularını toplayıb təmizləmək üçün süni bir su anbarının tikilməsi üçün vəsait istəyib. SSRİ hökuməti bu məqsədlə Ermənistana 1 milyon rubl maliyyə ayırıb.

Maliyyəni alan ermənilər su anbarı və onun üzərində sutəmizləyici qurğu tikmək əvəzinə, Ermənistan boyunca- düz Sədərəklə sərhəddədək böyük diametrli asbest borularla yeraltı bir kanalizasiya хətti çəkiblər. Neçə illərdir ki, Ermənistan ərazisinin böyük bir hissəsinin bütün məişət və sənaye çirkab suları həmin yeraltı kanalizasiya хəttilə Araz çayına aхıdılır!

Bu stansiyanın fəaliyyəti ilə təkcə Azərbaycan deyil, Türkiyə, İran, Gürcüstan, eləcə də Ermənistanın özü də təhlükə altındadır. Qəza baş versə 5 ölkəyə dəhşətli zərər vuracaq. Ona görə də beynəlxalq təşkilatlar ikili standartlarla yanaşmadan əl çəkib bu AES-in bağlanması üçün Ermənistana təzyiq göstərməlidirlər. Hələlik isə, Qafqazın ortasında bir kabus dolaşmaqdadır- 3-cü atom faciəsi.

Bütün xəbərlər Facebook səhifəmizdə