Müasir Azərbaycan milləti anlayışı necə yarandı? - KÖŞƏ YAZISI

Millət sözü hələ orta əsrlərdə ərəbcədən yaranmış, əhali, xalq, təriqət, məzhəb, dini icma və yaxud cəmiyyət anlamına gəlirdi. Çar Rusiyası dönəmində isə millət anlayışı tamamilə dini səciyyə daşıyırdı. Belə ki, bu dövrdə əcdadlarımızdan millətini soruşduqda “Biz müsəlmanıq” deyərdilər. Bunu tam dəqiqliyi ilə “Əkinçi” qəzetində də görmək mümkündür. Daha sonralar türkçülük, millətçilik, müasirlik və qərbyönümlü siyasi cərəyanların yaranması ilə millət sözü də öz mənasını dəyişir.

XX əsrdə isə “etnos”, “milliyyət”, “millət”, “xalq” anlayışları ilə bağlı Azərbaycan türk ideoloqu Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, “Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasilərdə əsl bunun üçündür ki, təmsil (assimilyasiyon) əməliyyatı icra edərkən ən birinci fikirlərini dilə verər və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edərlər”. Ona görə, milliyyəti və milləti yalnız dil deyil, soykök, mədəniyyət, adət və əxlaq, tarixi ənənələr də ifadə edir. Sonralar Rəsulzadə Qərb alimləri Madzi və Durkheymin fikirlərini təhlil edərək millət və milliyyət anlayışlarını bir qədər də dəqiqləşdirir: “Millət anlamını ifadə üçün dilimizdə “Milliyyət” və “Millət” sözləri vardır. Bunlar, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edir. Beləliklə dəyişməkdə olan millət analıyışını dəqiqləşdirən Məhəmməd Əmin Rəsulzadə həm də onun təşkilindəki dil amilinin önəmini qabardır.

Sonraki dövrlərdə də Məhəmməd Əmin Rəsulzadənin diqqət çəkdiyi məsələ özünü doğruldur. SSRİ öz tərkibində olan Azərbaycanı unutdurmaq üçün onun dilinə, milli-etnik dəyərlərinə hücum edir. Azərbaycan öz fədakar ziyalılarının hesabına bu keçməkeşli dönəmdən də çıxmağı bacarır. Hüseyn Cavid, Mikayıl Müşviq, Əhməd Cavad kimi ədəbiyyat xadimləri öz həyatları bahasına doğma Azərbaycanımızın milli- etnik dəyərlərini, ideyalogiyasını yazılı ədəbiyyata qızıl hərflərlə həkk edir. Bunun nəticəsidir ki, millətimiz Sovet avtoritar rejimi ilə sona qədər mübarizə aparıb onu qıra bilir. Daha sonralar öz müstəqilliyini təmin edən dövlətimiz, öz milli- etnik dəyərlərinə qarşı təhdidlərdən birdəfəlik xilas olur. Bunu Ulu Öndər Heydər Əliyevin siyasətinə də borcluyuq. Onun Fərmanları və qayğısı nəticəsində rusdilli ədəbiyyat, tədris, media Azərbaycan dilinə uğurlu bir keçid edə bilir. Digər tərəfdən Ulu Öndərin yeritdiyi siyasət nəticəsində millət anlayışı daha da genişlənərək bütün azərbaycanlıları əhatə edir. Beləliklə Azərbaycanda yaşayan digər etnik azlıqlar da özünü yad hiss etmədi. Bu cür uzaqgörən yürüdülmüş siyasət, elə həmin illərdə də aktual olan seperatçı cərəyanları mənasızlaşdırır.

Günümüzdə isə hər bir Azərbaycanlı Ulu Öndərimizin bizə tapşırdığı kimi türkçü və multikultural olmalıdır. Çünki multikulturalizm türkçülüyün birbaşa tərkib hissəsidir. Bu qədim ənənəni indiyədək var olan bütün türk dövlətlərində görə bilərik. Bu cür uğurlu və düşünülmüş ideoloji yol ilə biz həm bir konservativ kimi öz milli-etnik dəyərlərimizi qoruyaraq qlobalizasiya dəryasından yan keçə bilərik, həm də multikultural olaraq liberal dəyərlərimizi saxlayarıq.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə