Həkimlərdən yarıdıq, qaldı əczaçılar... KÖŞƏ

Avropaya inteqrasiya etməkdə birinci olduğumuzu nəzərə alsaq, bu günlər Böyük Britaniyada poliklinika və xəstəxanalarda növbələrin aradan qaldırılması üçün ölkədəki aptek əczaçılarına xəstəlikləri olan müştərilərə dərman preparatları yazmaq hüququnun veriləcəyi xəbərini eşidən kimi, dedim, bəxtəvər başımıza...

Nə üçün? Çünki dövlətimiz tərəfindən illərdir, səhiyyənin inkişafına xüsusi qayğı göstərilsə də, bu sahədə onlarla sənəd qəbul olunsa da, hələ də bu qayğıya cavab verəcək səhiyyə xidmətini görməməkdəyik. Belə isə apteklərə bu səlahiyyət verilərsə, onda bizim halımız necə olar?

Böyük Britaniya ilə ölkəmizin aptek əczaçılarını müqayisə etməyə dəyməz. Düşünürəm ki, onların əczaçıları bizim bəzi həkimlərimizdən irəlidə olarlar.

Bu arada qeyd edim ki, bəli, bəzi həkimlərdən söhbət gedir. Həqiqətən ölkəmizdə çox gözəl, sənətinin sahibi olan həkimlər var. Amma təəssüf ki, həkimlikdən bixəbər olanlar onlardan on qat artıqdır...

Keçək mətləbə. Məsələ belədir ki, Böyük Britaniyanın əczaçıları boğaz və qulaq ağrısı, sidik yollarının iltihabı və sair şikayətləri olan şəxslərə resept yaza biləcək. Bu sətirlər ötən il boğaz ağrısı üçün bir klinikada başıma gələn hadisələri xatırlatdı. Deməli, boğazım ağrıyır, getdim həkimə, yoxladı, USM-ə göndərdi, resept yazdı. Bir həftə dərmanları içdim, elə bir dəyişiklik olmadı. Sonra endokrinoloqa müayinə olunmağımı məsləhət bildilər. O da göndərdi kompüter tomoqrafiya müayinəsinə. Həkim diaqnoz yazdı, lakin qarşısına sual işarəsi qoydu. Nə isə, bunu götürüb getdim endokrinoloq həkimə. Həkim xeyli danışdı, nəyi isə izah etməyə çalışırdı. Necə ki, aşığın sözü qurtaranda “neynim, neynim” deyər, eynilə həkim də o vəziyyətdə idi. Təbii ki, heç nə anlamadım. Heç bir dərman da yazmadı. O da məsləhət gördü ki, başqa bir həkimə də müraciət edəm. Özümü ağlamaq qarışıq gülməkdən ancaq saxlamışdım. Daha sonra mənə telefon nömrəsi verib nə desə yaxşıdır: boğazına nə etsən, yaxşılaşsan, nəticəni mənə də deyərsən. Mən də yaxşı dedim, ancaq qapıdan çıxan kimi telefon nömrəsini cırıb həkimin qapısının ağzındakı zibil qutusuna atdım.

Eşidəndə ki, Böyük Britaniyada digər bir neçə xəstəliklə yanaşı, boğaz ağrısı üçün də insanlar aptek əczaçılarına müraciət edəcəklər, bir anlığa ötənilki xatirələr fonunda “bizdə də belə olarsa, halımız necə olar”,- deyə düşündüm. Çünki bizim ən məşhur klinikada həkim dərdimə dava ola bilmədi. Aptekdəki əczaçılar nə çarə qıla bilər insanlara? Axı onların əksəriyyəti 4-cü ixtisas qrupu üzrə arzuladıqları ixtisaslara lazımi balı toplaya bilməyib, sonda “əşi əczaçılıq olsun, nə etməli” deyənlərdir.

Sözsüz ki, bizdə də sənətinin sahibi əczaçılar var. Lakin yaxşı həkimlərimiz kimi, onlar da barmaqla sayacaq qədərdir. Bəli, əczaçılarımız var ki, gedirsən aptekə dərman almağa, sənə elə gözəl məsləhətlər verirlər ki... Əczaçılarımız da var ki, istədiyin dərmanın yerini bilmir, xeyli axtarışdan sonra onu tapıb ortaya çıxarırlar. Belə isə inşallah ki, Böyük Britaniya təcrübəsi bizdə hələlik tətbiq olunmaz. Olunarsa, halımız necə olacaq, indidən bu barədə düşünməyə dəyər...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə