Lalə Mehralı

İnsan yaranışının hər dövründə ilahi inanca, ilahi ümidə, sığınmaya, inanmaya, işığa ehtiyac duyub. Dinlər və ruhi biliklər də, məhz bu ehtiyacdan yaranıb. Din ruhi bilik verməlidir və əgər bunu bacarmırsa məhvə məhkumdur. Din Tanrıdan, yaradılışdan, ruhdan bəhs etməlidir, insanlara bu haqda bütün suallarını cavablaya biləcək dərinlikdə olmalıdır. Din Tanrı qatından danışmalıdır, Tanrını təsvir etməlidir, onun dərgahının özəlliklərindən bəhs etməlidir.

Din qorxu və xof aşılamamalıdır, din ibadət etməyəni qır qazanında, cəhənnəm odunda yanmaq ilə hədələməməlidir. Din ibadət edənə maddi həzlər vəd etməməlidir, mömin olana süd çayı kənarında qızıl taxt boyun olmamalıdır. Ömrünü ibadətə həsr edən həqiqi möminə 40 məlaikə verəcəyi barədə şirnikləndirməməlidir. Axı bütün bunlar maddi həzdir, əgər din öz mömin bəndəsinə bunları vəd edirsə bu o deməkdir ki, sən Tanrı qatına layiq deyilsən və növbəti doğuluşunda onun yanına yox, cənnət kimi yerə nisbətən daha yaxşı maddi planetlərə göndəriləcəksən.

Tanrının bütün kitablarının müqəddəsliyinə inanıram, “Quran”ı, “İncil”i, “Tövrat”ı, “Zəbur”u, “Bhaqavat-Qita”nı da müqəddəs hesab edirəm, onları yer üzündə gətirənləri də. İlahi kitabların hamısını oxumuşam, çünki insanlığın tolerant baxışlı olmasının tərəfdarıyam. Tolerantlığı yüksək bir mədəniyyət hesab edirəm. O mədəniyyətin də hər bir millətə, hər insana verilmədiyi qənaətindəyəm. Azərbaycan tarixən tolerant bir diyar olub, burada istənilən düşüncəli insan rahatlıqla yaşayır. Burada bir xristian məscidə girib ibadət edə bilər, ona məscidə girməyi heç kim qadağan etmir. Burada bir müsəlman Krişnanın murtisi qarşısında canamazını açıb namazını qıla bilər, burada bir krişnaçı kilsədə Tanrı Krişnaya dua edə bilir. Burada bütün müqəddəs evlər bütün insanların üzünə açıqdır – həqiqi Tanrı evi kimi.

Bir dəfə müxtəlif din xadimlərinin bir dəyirmi masasına şahid olmuşdum. Hər dinin bir nümayəndəsinin qatıldığı müzakirədə çox maraqlı söhbətlər oldu. Mənim diqqətimi çəkən isə onların bir-biri ilə dalaşa-savaşa mübahisə etməsi yox, əksinə, kifayət qədər normal müzakirə aparmaları oldu. Daha diqqətçəkən bir məqam isə mömin müsəlmanın krişnaçıya xeyir-duası oldu: “Allah saf ibadətinin qarşılığını cənnətlə versin”. Krişnaçının cavabı etirazla başlayırdı: “Nə danışırsınız? Mən onun dərgahına getmək istəyirəm, cənnətdə nə işim var?!”

Mən ölkəmizdə olan bütün dindarların o dəyirmi masada olan din xadimləri kimi bir-birinə hörmətlə yanaşmasını istəyirəm. Mən istəmirəm ki, hərə öz guşəsinə çəkilib öz ibadətinin daha doğru olduğunu düşünsün. İstəmirəm ki hərə öz ibadətinin daha doğru olduğunu iddia etsin. Ayrı dillərdə ibadət edə, ayrı-ayrı müqəddəs kitablara inana bilərik, amma ilham aldığımız nöqtə eynidir – Tanrı. Hər kitabın özülündə o var, hər kitabın sonunda da odur. Krişna da odur, Allah da, Tanrı da. Məqam da birdir, məram da birdir, məqsəd də. Əsas olan ibadət deyilmi? Yaradana hörmət və ehtiram göstərməyin çox yolu ola bilər, o hörməti məsciddə də, kilsədə də, məbəddə də göstərmək mümkündür. Allah üçün edilən hər dua, oxunan hər ilahi, söylənən hər şərqi ibadətdir. Oxuyanın, dilin, dinin, məkanın nə fərqi var ki?

“Uzaq Sahillərdə” filmində Veselinlə Mixaylonun qoca atanın yanına gəldikləri səhnəni xatırlayırsınızmı? Oğlunun həyatını qurtaran Mixayloya xeyir-dua verən qoca “İsa səni qorusun” deyir. Veselin isə “o xristian deyil ata” deyir. “Hə? Bəs hansı dinə inanır?” deyə qoca soruşur. Cavabı çox mükəmməl olur: “Qardaşlıq dininə!”

Bütün xəbərlər Facebook səhifəmizdə