Məndən soruşsalar ki, efir üçün ən çətin, ən məsuliyyətli və ən əziyyətli, həm də ən çox istedad tələb edən televiziya verilişi hansıdır, düşünmədən cavab verərdim ki, məzmunundan asılı olmayaraq ən çətin televeriliş efirə canlı verilən verilişlərdir. Çoxu deyəcək ki, yox, nə var canlı verilişə, adamlar gəlir, canlı-canlı danışır, operatorlar üzdən, yandan, lazım gələndə arxadan (?) onu efirdə canlandırırlar, vəssalam. Təkrar-təkrar çəkilişə ehtiyac olmur, rejissorun, redaktorun nəyisə kəsməsinə, doğramasına, montajçının saatlarla oturub gözlərinin nurunu tökə-tökə rejissorun və redaktorun verdiyi təlimata uyğun efirdə nümayiş etdirilməsi üçün montaj işini həyata keçirmir. Niyə çətin olsun ki? Və əslində, belə düşünənlər də haqlıdır. Amma gərək canlı veriliş elə ölçülüb-biçilsin, aparıcılar elə tələbkarlıqla və ustalıqla idarə edə bilsinlər ki, kimin ağzına nə gəlirsə cəmiyyətə ötürə bilməsin. Yəni aparıcı da, dəvət olunan qonaqlar da, ekspertlər də başa düşsünlər ki, onların efirdə dedikləri hər kəlmə birbaşa milyonların evində səslənir, evlərdə isə ata qızı, ana oğlu, qardaş bacısı və sair ilə birlikdə izləyir bu canlı “veriliş”i. Müqayisə üçün xatırlayaq. Xoşqədəm Hidayətqızınin müəllifi olduğu “Səni axtarıram” proqramı Azərbaycan teleməkanında bir inqilab kimi araya-ərsəyə gəldi və ölkənin uzun illər bir nömrəli verilişi kimi sevilə-sevilə baxılırdı. O vaxta qədər ki, “ Səni axtarıram” gündəlik canlı, həm də saatlarla efirdə nümayiş etdirilməyə başladı. İndi adamlar anlaya bilmir ki, bu veriliş axtarış verilişidir, istintaq verilişidir, evləndirmə-boşandırma verilişidi, xeyriyyə verilişidi, yoxsa sağlamlıq, müalicə, həkimləri reklam verilişidi! Bütün bu mövzuları bir yerə yığan və hərəsindən bir yarpaqla “həftəbecər” proqram yaradan Xoşqədəm xanım, həmin verilişə təkcə şou-proqram əlamətlərini soxuşdura bilməyəndə, şənbə-bazar bir veriliş də açıb, iki gün də orada tamaşaçıları “feyziyab” etməyə başladı. Bütün verilişlərdə də ailə üzvlərindən sitatlara xüsusi yer verir, sanki Hidayət kişi Aristoteldən çox bilirmiş və o böyük alimdənsə elə ondan sitatlar gətirməyə üstünlük verir. Efirə canlı gedən bu “veriliş”in və onun kserosurəti olan “Bizimləsən”, “Təsir dairəsi”, “Elgizlə izlə”, “Dərdini bizə danış” verilişlərinin Azərbaycan cəmiyyətində mənəviyyatın aşılanmasında rolundan isə palaz-palaz yazılar yazsaq, yenə azdır. Adlarını çəkdiyimiz bu verilişlərin mənəvi aşınmaya xidməti bir yana, ekspert kimi əyləşib xorla danışmaları, bəzən bir-birlərini aşağılamaları cəmiyyətə nəyi təlqin edir görəsən? Hələ onu demirik ki, biri özünü dramaturq, o biri Azərbaycanın ən qabaqcıl saytının rəhbəri, bir başqası ölkənin bir nömrəli psixoloqu və sair kimi təqdim edir. Bir ölkənin dramuturq xanımı bu səviyyədədirsə, yaxud kişi ekspert uzun burunla efirdə aylarla görükəndən sonra burun əməliyyatı etdirib efirə xırda burunla davam edirsə, cəmiyyət o canlı “veriliş”dən nə götürə bilər? Həmin verilişlərin reklam vaxtı isə “verilişlər”in özündən uzun çəkir və müvafiq qurumlar da bu qanun pozuntusunu can-başla seyr edirlər. Reklamdan danışmışkən, bəzən televiziya əməkdaşları xalqa təmənnasız xidmətdən ağızdolusu danışırlar. Unudurlar ki, televiziya verilişləri tamaşaçılara dolayısı ilə satılır və tamaşaçı da onu bəyənib-bəyənməməsindən asılı olmayaraq almaq məcburiyyətindədir. Yəni televiziyaların əsas “çörək ağacı” hesab olunan reklamları verən firmalar, şirkətlər, müəssisələr, ticarət, iaşə obyektləri, lap elə müğənnilər, həkimlər reklama ödədikləri məbləği, qanuni olaraq, istehsal etdikləri, satdıqları məhsulların, göstərdikləri xidmətlərin maya dəyərinin üzərinə əlavə edirlər və xalqdan bu yolla həmin reklamların pullarını almış olurlar. Yəni birbaşa olmasa da, dolayısı ilə həmin verilişlərin hazırlanması və efirə getməsi üçün lazım olan vəsaiti vətəndaşlar ödəmiş olurlar. O zaman vətəndaşın istehlakçı olaraq daha kefiyyətli məhsul (oxu: veriliş-T,N,) tələb etməsi tamamilə təbiidir. Ancaq nədənsə vətəndaşlar, xüsusilə ziyalı kəsim susur, bizlər susduqca mətanətlər, toliklər, rövşanələr, “həmin” zaurlar efirlərdə at oynadır, “burda mənəm, Bağddadda kor xəlifə” deyib gerçək yaradıcıların efirlərə yaxın düşmələrinə imkan vermirlər və verməyəcəklər də. Beləcə efirdə Tolikin “evlənməkdənsə, gedib Almaniyada süni mayalanma ilə uşaq əldə etmək” məsləhətinə, “həmin” Zaurun qadınların hamiləliyini atalara, analara, ərlərə efirdən xəbər verməsi və bu kimi ikrah doğuran aparıcıların tükürpədən kəlamlarına qulaq asmağa məcbur olacağıq. Onu demirik ki, həkimlərin teleməsləhətləri çoxaldıqca xəstəliklərin və xəstələrin sayı artır, yeməklərdən danışdıqca yeməklərin dadı qaçır. Vay ö günə ki, mollaların reklamı başlasın, o zaman ölümlərin də sayının birə on artacağı şəksizdir.
Yazmağına yazdım, ürəyimi boşaltdım. Bilmirəm, faydası olacaq, ya yox! Amma onu bilirəm ki, çoxları hələ məni qınayacaq, deyəcəklər ki, nə dərdinə qalıb, qoy camaat çörəyini qazansın. Amma bu yaxınlarda millət vəkilləri Sabir Rüstəmxanlının və Səyavuş Novruzovun Milli Məclisdə televiziya verilişləri haqqında danışarkən dedikləri kimi, axı “beş manatı da halal qazanmaq gərəkir”, əziz televiziya “qəhraman”ları!.. Lənət şeytana, “qəhrəman” dedim, yenə Xoşqədəm xanımın səfilləri, alkaşları, narkomanları “qəhrəmanlarım” deyib efirdən təqdim etməsi yadıma düşdü!..

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə