Avropa Azərbaycanı əsas qaz ixracatçısı rolunda görür - TƏHLİL

Məlum olduğu kimi, yaxın 10-20 il ərzində təbii qaz dünyada enerji istehlakı sahəsində strateji yanacaq olacaq. Hazırda Avropa bazarında isə qaza olan tələbat ilbəil artır, istehsal isə getdikcə azalır. Nəticədə, Rusiyadan Avropaya ixrac olunan mavi yanacağın həcmi artır. Avropanın qaz yataqları, Polşa və Ruminiya kimi ölkələrdə şist qaz yataqları olsa da, onların işlənməsinə və oradan qazın hasilatı üçün ən azı 20 il vaxt tələb olunur. Ona görə də, Avropa bazarı 2015-ci ildən sonra qaz təchizatı sahəsində kəsirlərlə üzləşə bilər. Bu baxımdan da, Avropa Azərbaycanı əsas qaz ixracatçısı rolunda görür.

Bakıda keçirilən Xəzər dənizi regionunun qaz infrastrukturuna həsr olunmuş "Gas Infrastructure World Caspian-2010" adlı beynəlxalq konfransda mavi yanacağın əhəmiyyətindən danışan "Gas de France Suez" şirkətinin vitse-prezidenti Filip Oşar (Phillipe Hochart) bildirib ki, qlobal maliyə böhranı zamanı qaz bazarı zərərlə üzləşib. Belə ki, böhran bu bazarı inkişaf baxımından 5 il geri salıb: "Bu dövr ərzində qazın qiymətləri də aşağı düşüb ki, şirkətlər bundan bir qədər zərər çəkib. Lakin buna baxmayaraq, şirkətlərin ümumi fəaliyyəti müsbət olub".
"
Müəyyən proqnozlara əsasən, 2015-ci ildən sonra Avropa bazarı mavi yanacaqla təchizat baxımından problemlərlə üzləşəcək, təchizatda kəsirlər olacaq. Lakin buna baxmayaraq, yeni ehtiyatlar sayəsində Avropanın qaza olan tələbatının ödəniləcəyi gözlənilir", - deyə F.Oşar bildirib.

Hazırda Avropanın qaz təchizatı sahəsində bir neçə layihənin hazırlandığını bildirən "GDF Suez" şirkətinin rəsmisi onu da qeyd edib ki, bu gün Rusiya Avropanın qaz bazarında payını artırmaq niyyətindədir, Xəzər regionu isə alternativ marşrutlar yaradır ki, bu da diversifikasiyanı təmin edəcək.
"Nabucco", Trans Adriatik Qaz Kəməri (TAP), "Bəyaz axın" və Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri (ITGI) layihələrindən danışan F.Oşar yaxın gələcəkdə layihələr arasında deyil, bazarlar arasında rəqabətin aparılacağını vurğulayıb.

Əlbəttə ki, karbohidrogen ehtiyatların istehsalı və istehlakı məsələləri aktuallaşdığı bir vaxtda Azərbaycan Avropa dövlətlərinin diqqət mərkəzinə gəlib. Çünki, respublikamız bölgədə strateji neft və qaz resurslarının nəqlini nəzərdə tutan marşrutların müəllifinə çevrilib.

Ümumiyyətlə, Azərbaycanın yerləşdiyi Xəzər regionu dünyanın enerji təchizatında mühüm yer tutur. Xüsusilə də, mövcud nəqliyyat-kommunikasiya və enerji marşrutları infrastrukturuna görə fərqlənən respublikamız dünya dövlətlərinin karbohidrogen resursları ilə təmin edilməsində enerji mənbəyi kimi diqqəti cəlb edir. Avropa İttifaqının yanacaq-enerji konsepsiyasında Azərbaycan Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına nəqlində əsas tədarükçü ölkə kimi qeyd olunur. Eyni zamanda, respublikamız bölgədə ədalətli enerji tərəfdaşlığının və təhlükəsizliyin təminatçısı kimi dəyərləndirilməkdədir. Son illərdə dünya bazarına yanacaq ixracını genişləndirən Azərbaycanın nüfuzu və mövqeyi daha da möhkəmlənib.
Azərbaycanın Xəzər regionunda həm enerji resurslarının tədarükçüsü, həm də strateji dəhlizlərin kəsişdiyi mərkəz olması respublikamızla tərəfdaşlıq etmək istəyən dövlətlərin sayının hər il artmasına səbəb olub. Bu gün Avropa dövlətlərinin yanacaq təminatını həll edəcək layihələrin mərkəzi nöqtəsi Azərbaycandır. Respublikamızın enerji resurslarının dünya bazarlarına çatdırılmasında 3 neft, 4 qaz kəməri mövcud olsa da, ölkəmizin zəngin neft və qaz ehtiyatlarının həcminin artması yeni ixrac marşrutlarının yaradılmasını da zəruri edir. Azərbaycan hazırda çoxşaxəli enerji siyasəti yürütməklə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurumla yanaşı, Avropanın siyasi və iqtisadi təhlükəsizliyinin təminatçısı ola biləcək kəmərlərin - Odessa-Brodı-Qdansk-Plotı, Bakı-Şirvanovka-Qazıməmməd-Mozdok və digər marşrutların gerçəkləşməsində qətiyyəti ilə diqqəti cəlb edir.

Azərbaycan enerji siyasətini həyata keçirərkən neft və qaz amilindən heç vaxt siyasi məqsədləri üçün istifadə etməyib və tərəfdaşları ilə qarşılıqlı səmimiyyət prinsiplərinə söykənib. Bunu daha açıq şəkildə ölkəmizin neft və qaz ixrac etdiyi dövlətlərə olan münasibətlərinin fonunda müşahidə etmək olar. Azərbaycan enerji siyasətini həyata keçirərkən və bütün tərəfdaşları ilə sıx əməkdaşlıq qurarkən milli maraqların qorunmasını ali məqsədlərdən biri hesab edir. Respublikamızın enerji diplomatiyası dostluğa və əməkdaşlığa xidmət edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji siyasəti millətləri bir-birindən ayırmalı deyil, onları birləşdirməlidir.

Respublikamızın neft və qaz siyasətinin başlıca istiqamətlərindən bəhs edən Prezident İlham Əliyev bəyan edib ki, respublikamızla əməkdaşlıq etmək istəyənlərin sayı artır. Avropa dövlətlərinin ölkəmizdən neft və qaz almaq üçün müraciətləri artır. "Azərbaycan bu gün hazırdır ki, Avropa İttifaqı bazarına öz qazını ixrac etsin. Bunu etmək üçün bizim resurslarımız və infrastrukturumuz vardır. Avropa ölkələri isə, öz növbəsində, bizim qazımızı gözləyir. Mən şəxsən və bizim nümayəndələrimiz, sənaye və energetika naziri, Dövlət Neft Şirkətinin rəhbərləri dəfələrlə Avropa rəsmiləri ilə bu barədə söhbətlər aparmışıq. Bizim potensial tərəfdaşlarımız arasında Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan, Avstriya, Almaniya, İsveçrə kimi ölkələr vardır. Bəzi ölkələr bizim sərhədlərimizə daha yaxın yerləşir, bəzi ölkələr daha uzaq. Ancaq bu ölkələr Azərbaycan qazını dünya qiymətinə almaq istəyirlər. Biz də bunu dünya qiymətinə satmaq istəyirik".

Dövlət başçısının qeyd etdiyi kimi, bir neçə ildən sonra ənənəvi qaz mənbələri tükəndikcə Azərbaycan qazına tələbat daha da artacaq. Proqnozlara görə, 2012-ci ildə Azərbaycan "Şahdəniz" yatağından 18 milyard kubmetr qaz çıxaracaq. Sonrakı 5 il ərzində bu rəqəm 22 milyard kubmetrə çatacaq. Proqnozlara görə, 2015-2020-ci illərdə respublikamızın ixrac gücü ildə ən azı 20 milyard kubmetr təşkil edəcək. Digər yataqlardakı, məsələn, "Bahar", "İnam", "Alov", "Ümid" kimi perspektiv yataqlardakı qaz ehtiyatlarını da nəzərə alsaq ölkəmizin davamlı şəkildə uzun müddət qaz bazarında ən potensial ixracatçı olacağı şübhəsizdir. Buna görə də Azərbaycan yanacağın nəqli üçün yeni marşrutlar və bazarlar barədə düşünməyə başlayıb. Təbii ki, bütün qaz ixracatçıları kimi respublikamız da yanacağın nəqli ilə bağlı qərar qəbul edərkən ilk növbədə iqtisadi səmərəliliyi, qiymətlərin kommersiya cəhətdən, dünya bazar qiymətləri baxımından sərfəli olmasını da vacib amillərdən hesab edir...

Azərbaycan hər bir tərəfdaşı ilə sülh və sabitliyə, qarşılıqlı hörmətə, dərin əməkdaşlığa xidmət edən siyasətə sadiq qalaraq sıx münasibətlər qurmağa çalışır. Yəni, əməkdaşlıq zamanı hər iki tərəfin milli maraqları qorunmalıdır. Əks halda əməkdaşlığın perspektivləri şübhə altına düşmüş olur. Onu da qeyd etmək lazımdır ki, hazırda respublikamıza Şərqi və Qərbi Avropanın, demək olar ki, bütün ölkələrinin hökumət başçılarının ardıcıl səfərləri reallaşmaqdadır və bu səfərlər zamanı fikirlərin məzmunu eynidir: Azərbaycan regionda ən etibarlı tərəfdaşdır və rəsmi Bakı ilə enerji sahəsində möhkəm təməllərə söykənən əməkdaşlıq sazişlərinin imzalanması gələcək təhlükəsizliyə etibarlı təminat yaratmaq deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...