Ərdoğan: Türkiyə “Patriot”ları ala bilər, amma S-400-ü də alacaq

Türkiyə ABŞ-ın S-400 zenit-raket komplekslərindən imtina etmək barədə tələbini suveren hüquqlarının pozulması hesab edir. SİA Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda amerikalı həmkarı Donald Tramp ilə görüşünün nəticələrini şərh edərkən bildirib.

“S-400 zenit-raket komplekslərindən tam imtina edərək ABŞ-ın “Patriot” sisteminə keçilməsi tələbini doğru saymırıq. Biz “Patriot” sistemini ala biləcəyimizi və onları alarkən S-400 komplekslərindən imtina etməyəcəyimizi demişik. Bu, bizim suveren hüququmuzdur”, - Türkiyə Prezidenti Vaşinqtondan qayıdarkən təyyarədə jurnalistlərin bununla bağlı suallarını belə cavablandırıb.

Rəcəb Tayyib Ərdoğan ümumilikdə ABŞ-a səfərinin müsbət keçdiyini və mövcud fikir ayrılıqlarının yoluna qoyulması üçün dialoqun vacibliyini vurğulayıb.

“Biz F-35 qırıcı təyyarələrinin çatdırılması üzrə müsbət nəticəyə nail olmaq istəyirik. Lakin mən bu dəfə Donald Trampın bu mövzuya yanaşmasının daha müsbət və konstruktiv olduğunu gördüm”, - deyə Türkiyə lideri əlavə edib.

Türkiyə ən az 100 ədəd “F-35 Lightning II” təyyarəsi almaq niyyətindədir. Sövdələşmə ABŞ-ın himayəsi altında hazırlanan və Ankaranın 2002-ci ildə qoşulduğu proqram çərçivəsində həyata keçirilməli idi.

Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Bu saziş Ankara və Vaşinqton arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edib. Əks halda Vaşinqton F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını bildirib. Ankaranın güzəştə getməyəcəyi barədə bəyanatından sonra onun proqramdakı iştirakı dayandırılıb.

Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemi olan S-400 zenit-raket kompleksləri Türkiyəyə çatdırılmasına iyul ayının ortalarından başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...