Tramp “Con Makkeyn Qanunu”nu imzalayacaq

AВŞ Prezidenti Donald Tramp Nyu-York ştatındakı Fort Dramda 2019-cu maliyyə ili üçün milli müdafiə büdcəsinə dair qanunu imzalayacaq. SİA xəbər verir ki, ABŞ Senatında təsdiq edilmiş qanun layihəsi Arizona ştatından respublikaçıları təmsil edən, Vyetnam müharibəsinin keçmiş hərbi əsiri, hazırda Senatın silahlı qüvvələr komitəsinin sədri və beyin xərçəngindən müalicə olunan senator Con Makkeynin adını daşıyır.

Məlum olduğu kimi, hələ seçkiqabağı kampaniyası dövründə D.Tramp C.Makkeyni tənqid edirdi. İyun ayında C.Makkeynin adını daşıyan daha bir qanun layihəsinin – “Veteranların işi üzrə nazirliyin 2018-ci ildə missiyası haqqında Qanun”un imzalanma mərasimində ABŞ Prezidenti senatorun adını çəkməmişdi. Bunun əvəzinə o, Ağ Evdə olan bir neçə konqresmeni tərifləmişdi.

2019-cu maliyyə ili üçün “ABŞ-ın müdafiə qabiliyyətinin gücləndirilməsi haqqında Con Makkeyn Qanunu” müdafiə büdcəsinin 717 milyard dollara qədər artırılmasını nəzərdə tutur. Büdcə layihəsində ABŞ-ın NATO-nun “açıq qapı” siyasətinə sadiq olduğu və ölkənin bu hərbi bloka üzvlüyünün davam edəcəyi göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə