Səudiyyə Ərəbistanı ABŞ-ı Qüds barədə qərarına yenidən baxmağa çağırıb

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr ABŞ-ı Qüdsün İsrailin paytaxtı kimi tanınması və Amerika səfirliyinin bu şəhərinə köçürülməsi barədə qərarına yenidən baxmağa çağırıb. SİA-nın xəbərinə görə, nazir bunu Ərəb Dövlətləri Liqası XİN başçılarının Qahirədə keçirilən iclasında bəyan edib. O deyib ki, bütün dünya ictimaiyyəti Fələstin probleminin həlli istiqamətində səyləri fəallaşdırmalıdır. Xatırladaq ki, Səudiyyə Ərəbistanı Yaxın Şərqdə ABŞ-ın ən yaxın iqtisadi, hərbi və siyasi tərəfdarlarından biridir. ABŞ Prezidenti Donald Tramp ötən çərşənbə günü Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. Ağ evin başçısı, həmçinin Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verib. Regionda vəziyyəti gərginləşdirən bu addım bir çox dövlət başçıları, dini liderlər və beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə