Şahmat üzrə dünya kubokunun final mərhələsinin oyunları olacaq

Sentyabrın 14-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin otuzikidəbir final mərhələsində ikinci turun partiyaları oynanılacaq. SİA-nın məlumatına görə, ikinci turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov özbəkistanlı Rüstəm Qasımcanov, Teymur Rəcəbov rusiyalı Sənan Syugirov, Nicat Abbasov isə ABŞ təmsilçisi Leyner Dominquez Perez, Eltac Səfərli isə hindistanlı Sarin Nihal ilə qarşılaşacaqlar.

Otuzikidəbir final mərhələsinin ilk oyunlarında şahmatçılarımızdan Ş.Məmmədyarov qələbə qazanıb, T.Rəcəbov və N.Abbasov heç-heçə edib, E.Səfərli isə məğlub olub.

Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə məğlub olaraq mübarizəni dayandırıb.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.

Dünya kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.

Bütün xəbərlər Facebook səhifəmizdə