Dünya ictimaiyyəti 44 gün döyüşlər gedən Dağlıq Qarabağı və ətraf rayonlarımızı Azərbaycanın ayrılmaz hissəsi kimi tanısa da, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində erməni silahlı qüvvələrinin həmin ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması vurğulansa da, Ermənistan işğalçı əməllərindən əl çəkmirdi. Düşmən olkənin silahlı qüvvələri sentyabrın 2020-ci ilin sentyabrın 27-də Azərbaycana qarşı təxribat törədərək, hərbi obyektləri və mülki əhalini hədəfə alandan sonra ordumuz beynəlxalq hüquqa əsaslanaraq, ərazi bütövlüyümüz uğrunda əks-hücuma keçməklə tarixi torpaqlarımızı düşməndən xilas etməyə başladı.

Beləliklə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun sentyabrın 27-də Qarabağda Ermənistan silahlı qüvvələrinə qarşı başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək düşmən həm canlı qüvvə, həm də texnika baxımından böyük itkilər verdi, 5 şəhər, 4 qəsəbə və 286 kənd düşməndən təmizləndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz zirvələri, habelə daha 5 adsız yüksəklik azad olundu.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalandı. Bəyanata əsasən, dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verildi. Bununla da ermənilərin “Böyük Ermənistan” və “Dağlıq Qarabağ respublikası” xülyalarına birdəfəlik son qoyuldu.

Bundan əvvəl, sentyabrın 27-də Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa müraciətində deyirdi ki, biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.

Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Bununla da Ali Baş Komandanın qətiyyətli siyasəti Ermənistanı və onun ədalətsiz havadarlarını məyus etdi. Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman ordumuza inamı bu tarixi qələbəni reallaşdırdı, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha dünyaya mesaj etdi. Şübhəsiz ki, Azərbaycan Ordusunun döyüş qabiliyyəti və əzmi, möhkəm maddi-texniki bazası, ordu-xalq-Prezident birliyi qısa müddətdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində möhtəşəm uğurları şərtləndirdi. Ermənistan torpaqlarımızın 20 faizini uzun illər işğal altında saxladı. Təəssüf ki, sözügedən problemin həllinin uzanmasında dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən məsələyə ikili standartlarla yanaşılması, münaqişənin ədalətli həllinə ciddi maraq göstərilməməsi də az rol oynamadı. Ən əsası isə münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu öz vəzifəsinin öhdəsindən tamamilə gələ bilmədi. 12 dekabr 2020-ci il tarixdə Bakıda, cənab İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən açıq şəkildə qeyd etdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir. Bəli, Vətən müharibəsi Azərbaycanın haqq savaşı idi.

Amma, bəzi həmsədrlərin ermənilərin tərəfini saxlamaları, işğal faktına göz yummaları açıq-aydın nəzərə çarpırdı. Bununla da işğalçının cəzasız qalması bölgənin təhlükəsizliyinə böyük təhlükə yaradırdı. Nəticəsiz danışıqlar, vasitəçilərin əhəmiyyətsiz, əksər hallarda isə ikili standartlara söykənən bəyanatları prosesi, necə deyərlər, ölü nöqtədən tərpətməyə imkan vermirdi. Yaranmış vəziyyət isə həm vasitəçiləri, həm də işğalçını qane edirdi. Təbii ki, Azərbaycan da öz milli məsələsi olan Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin sona qədər bu cür davam etməsi ilə razılaşmırdı.

Ermənistan torpaqlarımızı işğal altında saxlamaqla bərabər, təxribatçı fəaliyyətindən də əl çəkmirdi.

İstər Paşinyan hakimiyyətinin, istərsə də ondan əvvəlki rejimin avantürist siyasəti beynəlxalq birlik tərəfindən daim susqunluqla qarşılanlb. Ermənistanın işğalçılığına laqeyd, biganə münasibət bəslənilib. Yoxsa, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi illər uzunu kağız üzərində qalmazdı, əməli addımlar atmaq, işğalçıya yerini göstərmək əvəzinə, işğalçı ilə bərabər Azərbaycana da ünvanlanan neytral xarakterli, sülhə çağıran və iki tərəf arasında tarazlığı saxlamağa yönələn şablon bəyanatlar səsləndirilməzdi.

44 gün ərzində xalqımızın əzmi, birliyi, ordumuzun gücü, igidlərimizin qanı, can bahasına əldə edilən Qələbə tariximizdə müstəsna əhəmiyyətə malik idi. Məhz bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə dövlət başçısının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il noyabrın 8-i Azərbaycanda Zəfər günü kimi təntənəli şəkildə qeyd edilməsi nəzərdə tutulmuşdur.

Hazırda azad olunmuş ərazilərdə böyük quruculuq, bərpa işləri aparılır. Qisa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanının təntənəli açılışı və həmin açılışda qardaş Türkiyənin Prezdentinin iştirakı böyük əhəmiyyət daşıyır.

Düşmən üzərində qazandığımız Qələbə münasibətilə, Zəfər bayramı münasibətilə ədliyyə işçiləri adından bütün xalqımızı təbrik edirəm.

İlqar MƏHƏRRƏMOV,

Masallı rayon Qeydiyyat idarəsinin rəisi.

Bütün xəbərlər Facebook səhifəmizdə