Qala qəsəbəsində “Xəzər - yaşıllıqlar məkanı” adlı ağacəkmə aksiyası keçirilib
Dekabrın 17-də Bakının Xəzər rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə “Xəzər - yaşıllıqlar məkanı” adlı ağacəkmə aksiyası keçirilib. Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Türkiyə İş Adamları Birliyinin birgə təşkilatçılığı (ATİB), Xəzər Rayon Gənclər və İdman İdarəsi və “ASAN Könüllülərin” təşkilati dəstəyi ilə rayonun Qala qəsəbəsində keçirilən ağacəkmə aksiyasında Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, Azərbaycan Türkiyə İş Adamları Birliyinin idarə heyətinin sədri Cemal Yangın, ATİB-in İdarə heyətinin üzvləri, Xəzər RİH başçısı aparatının kollektivi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, “ASAN Könüllüləri” və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya zamanı 1000 ədəd “Şam” ağacı əkilib.
Xəzər Rayon İcra Hakimiyyətindən SİA-ya bildirilib ki, ağacəkmə aksiyasında, həmçinin Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib.
Xəzər rayonunda ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə rayonun bütün ərazisi boyu mütəmadi olaraq genişmiqyaslı abadlıq, yaşıllaşdırma işləri həyata keçirilir.
Rayonda ətraf mühitin mühafizəsinə və yaşıllıqların artırılmasına töhfə verən bu cür ağacəkmə aksiyalarının davamlı olaraq keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə