Göygöl rayonunda top mərmisi tapılıb

Oktyabrın 22-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Xasabağı kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub. SİA ANAMA-ya istinadən bildirir ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 76 millimetrlik top mərmisi (OF-343) aşkar olunub. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Top mərmisinin ətrafında 200 kvadratmetr əraziyə yerüstü, 100 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...