Azərbaycan və Gürcüstan KİV-ləri arasında əməkdaşlıq genişlənir

Azərbaycan və Gürcüstan KİV-ləri arasında əməkdaşlığın genişləndirilməsi iki qardaş xalqın münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək. SİA xəbər verir ki, bu fikir AZƏRTAC-ın idarə heyətinin sədri Aslan Aslanovun Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze ilə görüşündə ifadə edilib.

AZƏRTAC-ın idarə heyətinin sədri qonağa rəhbərlik etdiyi agentliyin yaradılması tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib, Ümummilli lider Heydər Əliyevin Dövlət İnformasiya Agentliyinin maddi-texniki bazasının möhkləmlənməsində və kadr potensialının yüksəkdilməsində rolunu qeyd edib. Hazırda AZƏRTAC-ın xəbərləri 8 dildə yayılır, 21 ölkədə agentliyin müxbir məntəqələri fəaliyyət göstərir.

AZƏRTAC-ın beynəlxalq əlaqələrinə toxunan Aslan Aslanov vurğulayıb ki, agentlik dünyanın 150 informasiya agentliyi ilə uğurlu əməkdaşlıq edir, EANA, OANA və digər dünya informasiya alyanslarının üzvüdür. AZƏRTAC 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresində və OANA-da sədrlik edir.

Azərbaycan və Gürcüstan KİV-ləri arasında əməkdaşlığın zəruriliyindən danışan AZƏRTAC-ın idarə heyətinin sədri qeyd edib ki, bu, qədim tarixi köklərə söykənən dostluğa malik olan iki qardaş xalq arasında münasibətlərin möhkəmlənməsinə töhfə verəcək.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Zurab Pataradze deyib ki, Azərbaycan KİV-ləri ilə tanışlığa ölkənin ən yüksək reytinqli agentliyi – AZƏRTAC-dan başlamaq qərarına gəlib. O, həmçinin, iki ölkənin jurnalistləri arasında əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

Diplomat vurğulayıb ki, ölkələrimiz arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Buna misal olaraq, Gürcüstan səfiri ildən-ilə artan əmtəə dövriyyəsini, iyunun 14-də açılacaq və şübhəsiz ki, daha çox turist axınına səbəb olacaq Bakı-Batumi marşrutu üzrə müntəzəm reysləri göstərib. Batumiyə reysin açılışı günü Azərbaycan Mədəniyyəti günləri də bağlı tədbir də keçiriləcək.

Z.Pataradze, həmçinin Acariyadan olan uşaqların Azərbaycanın tanınmış kurortu – Naxçıvandakı “Duzdağ”da müalicəsinin təşkili üçün təşəkkürünü bildirib. Səfir məlumat verib ki, azərbaycanlı məktəblilərin Gürcüstanın görməli yerlərinə səyahəti də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə