Azərbaycan Slavyan Gənclərinin Birinci Forumu keçirlir

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Slavyan Gənclərinin Birinci Forumu öz işinə başlayıb. BSU-dan SİA-ya verilən məlumata görə, forum Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının (ASGA) birgə təşkilatçılığı ilə keçirilir.

Forumda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, BSU-nun “Arzu” rəqs ansamblı “Yallı” rəqsini təqdim edib. Sonra Bakının tarixi yerlərinin, milli mədəniyyət nümunələrimizin görüntülərindən ibarət videoçarx mümayiş olunub.

Tədbirdə ASGA-nın sədri Səbuhi Abbasov rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Qeyd edilib ki, ASGA 2006-cı ildə qeydiyyatdan keçib və bu günə qədər 200-ə yaxın layihə reallaşdırıb. Hazırda ASGA-nın Rusiya, Ukrayna və Polşada nümayəndəliklərinin fəaliyyət göstərdiyini deyən sədr bildirib ki, təşkilatın əsas məqsədi respublikamızı slavyan ölkələrində təbliğ etmək, gənclərarası innovativ informasiyanı təmin etməkdir. S.Abbasov ASGA-nın bir sıra rəsmi dövlət qurumları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıraraq bu qurumların sırasında BSU-nun xüsusi rolu olduğunu vurğulayıb. O qeyd edib ki, İCMAL.az Analitik Təhlil Mərkəzinin texniki dəstəyi ilə 2018-ci ildə ASGA tərəfindən keçirilən rəy sorğusuna əsasən, BSU-nun rektoru, professor Nurlana Əliyeva “İlin rektoru”, BSU isə “İlin ali məktəbi” seçilib. ASGA-nın ilk forumunun BSU-da keçirilməsinin təsadüfi olmadığını deyən Səbuhi Abbasov BSU ilə ASGA-nın fəaliyyət istiqamətlərində üst-üstə düşən məqamlardan, bu universitetin slavyan ölkələri ilə sıx əlaqələrindən söz açıb.

Tədbirdə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva ASGA-nın qısa müddət ərzində böyük uğurlara imza atdığını, Azərbaycan və slavyan ölkələrinin çoxsaylı gənclərini ətrafına toplaya bildiyini qeyd edib. Rektor cəmiyyətimizdə gənclərin rolunun artdığını, həyatın müxtəlif sahələrində gənclərə daha çox meydan verildiyini bildirib. O, Azərbaycan Respublikası Prezidentinin gənclərə qayğısından danışaraq tələbə gənclərin təqaüdlərinin artırılması, onların işlə təmin edilməsi istiqamətində son zamanlar görülən işlər barədə müfəssəl məlumat verib. N.Əliyeva gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin, onların mənəvi-əxlaqi keyfiyyətlərinin yüksəldilməsinin günün vacib məsələlərindən olduğunu diqqətə çatdırıb. Azərbaycanın dövlət siyasətinin beynəlxalq arenada daim dəstəkləndiyini deyən rektor ASGA tərəfindən keçirilən forumu dövlətimizin gənclər siyasətinin göstəricisi kimi qiymətləndirib. O bildirib ki, Azərbaycan Slavyan Gənclərinin Birinci Forumunun təməlində ümimmilli lider Heydər Əliyevin siyasi ruhu dayanır.

Azərbaycan Respublikasının Gənclər Fondunun sədri Fərid Cəfərov Azərbaycanın tarixi abidələrinin, milli mətbəxin xarici qonaqlara təqdim edilməsində forumun xüsusi rol oyanayacağını deyib, bu forumun növbəti illərdə də keçirilməsi təklifini irəli sürüb. O, BSU-nun xarici ölkələrlə körpü rolu oynadığını deyərək bu universiteti bitirən məzunların hazırda Azərbaycanın müxtəlif rəsmi qurumlarında yüksək vəzifə sahibi olduqlarını vurğulayıb.

Milli Məclisin deputatı Sahib Alıyev multikulturalizmin Azərbaycanda təkcə dövlət siyasəti deyil, həyat tərzi olmasından, mədəniyyətlərarası münasibtələrin inkişafında xalqlar dostluğunun vacibliyindən söz açıb. Azərbaycan multikulturalizminin xarici ölkə vətəndaşlarına şatdırılmasında forumun əhəmiyyətli olacağını deyib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev isə BSU-nun Azərbaycan xarici siyasətinin xüsusi siması olduğunu vurğulayaraq ASGA və BSU-nun birgə fəaliyyətini yüksək dəyərləndirib, forumun işinə uğurlar arzulayıb. Milli Məclisin deputatı Elşən Musayev forumun təşkilatçılarına minnətdarlığını bildirib, Azərbaycan parlamentinin fəaliyyətindən, onun ölkə gənclərinin inkişafındakı rolundan söz açıb.

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Gənclər Parlamentinin sədri, Rusiya vətəndaşı Mariya Voropayeva ASGA-nın həyata keçirdiyi yeni layihənin Azərbaycan və Rusiya gənclərinin əlaqələrinin inkişafına, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsinə, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyətə töhfə verəcəyini deyib. M.Voropayeva Rusiya Gənclər Parlamentinin fəaliyyətinə dair slaydı iştirakçılara təqdim edib.

Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının Azərbaycan İcması Evinin damı altında birləşməsinin böyük əhəmiyyət kəsb etdiyini, bunun diasporun yüksək səviyyədə inkişafı üçün uğurlu addım olduğunu qeyd edib. Forumun Azərbaycan və slavyan ölkələrinin gəncləri arasında münasibətlərin yüksək səviyyədə inkişafında körpü rolunu oynayacağını deyən Ş.Tağıyev bu layihənin işinə Moskva Azərbaycanlıları İcması tərəfindən hər zaman dəstək verməyə hazır olduqlarını dilə gətirib.

Qeyd edək ki, fevralın 24-dək davam edəcək forumun qrafikində Heydər Əliyev Mərkəzinə və Milli Azərbaycan Tarixi Muzeyinə səyahət, həmçinin “Qlobal dünyada dini dəyərlərin qorunması”, “Multikultralizm Azərbaycan modeli: Gənclərin gözü ilə” mövzusunda müzakirələr nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə