Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyəti arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib. Agentlikdən SİA-ya verilən xəbərə görə, memorandumda dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması və ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, bu məqsədlə qida zəncirinin bütün mərhələlərində dövlət müəssisə və təşkilatlarının zəruri qida ehtiyaclarının təmin olunması istiqamətində xidmətlərin təşkili, göstərilən xidmətlər haqqında tərəflərin qarşılıqlı əməkdaşlığının həyata keçirilməsi əksini tapıb.

Memorandumu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sədr müavini Balarəhim Quliyev və “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin Sədr müavini Elşən Əsədov imzalayıblar.

İmzalanma mərasimində çıxış edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sədr müavini Balarəhim Quliyev bildirib ki, son illər Azərbaycanda həyata keçirilə sosial-iqtisadi islahatlar kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Bu baxımdan əhalinin təhlükəsiz qida ilə təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Memorandum tərəflərin qarşılıqlı əlaqələrinin gücləndirilməsində, bununla da əhalinin, o cümlədən dövlət müəssisə və təşkilatlarının təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsində əhəmiyyətli rol oynayacaq.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin Sədr müavini Elşən Əsədov qeyd edib ki, aqrar sektorda tədarük zəncirinin formalaşdırılması, fermerlərin istehsal etdikləri məhsulların tədarük olunması istehsalçıları daha da stimullaşdırır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyəti arasında imzalanan anlaşma memoradumu qida zəncirinin bütün mərhələlərində xidmətlərin keyfiyyətinin artırılmasını təmin edəcək.

Qeyd edək ki, memorandumunda birgə əməkdaşlığın istiqamətləri, tərəflərin öhdəlikləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitariya qanunvericiliyinin tələblərinə əməl edilməsi üçün onların maarifləndirilməsi, iqtisadi və hüquqi informasiya ilə təmin edilməsi üçün birgə tədbirlər görülməsi, habelə Cəmiyyət tərəfindən tədarük və təchiz olunan qida məhsulları istehsalçıları və satıcılarının qida təhlükəsizliyi qeydiyyatına cəlb olunması, onlara Agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu vasitəsilə konsaltinq və təlim xidmətlərinin göstərilməsi, zəruri hallarda Agentlik tərəfindən Cəmiyyətin tədarük və təchizat anbarlarında olan qida məhsullarından nümunələrin götürülməsi və qida təhlükəsizliyi tələblərinə uyğunluğunun qiymətləndirilməsi, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan qida məhsulları barədə məlumatların Cəmiyyətlə Agentlik arasında qarşılıqlı ötürülməsi, beynəlxalq proqramlarda birgə iştirak edilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi üçün tədbirlərin görülməsi, əhalinin həssas qruplarının sağlam qida ilə təmin edilməsi istiqamətində pilot layihələrin həyata keçirilməsi üçün birgə tədbirlər həyata keçiriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə