Qusarın Köhnə Xudat-Həzrə avtomobil yolu yenidən qurulur

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunda bir-neçə yol layihəsi uğurla icra olunur. Bura 1 respublika və 2 yerli əhəmiyyətli (kəndlərarası) avtomobil yolu daxildir. Sadalanan bu yolların uzunluqları 78 km təşkil edir və 100 mindən artıq əhalinin yaşadığı 45 yaşayış məntəqəsini əhatə edir.

Agentlikdən SİA-ya verilən məlumata görə, bu layihələrdən biri 21.5 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini əhatə edən Köhnə Xudat-Həzrə avtomobil yoludur. Yolun uzunluğu 21 km təşkil edir.

Uzun müddətli istismar nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəlib. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yol boyu kənd təsərrüfatının və turizmin inkişafına da mənfi təsir göstərirdi. Təmir-tikinti işlərindən sonra vətəndaşlar tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edə biləcəklər.

Hazırda tikinti işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 3100 kub.m həcmdə qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunur, yolun çiyin hissələri 42 min kv.m sahədə genişləndirilərək optimal qarışıqlı çınqılla bərkidilir, küvet hissələr açılır.

Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təmin edilməsini nəzərə alaraq 3 km uzunluğunda yeni piyada səkiləri inşa olunur, kənarlarına isə yeni səki daşları düzülür.

Tikinti norma və qaydalarına uyğun olaraq, daha sonra yolun 170 min kv.m sahəsində optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının alt və üst layının inşası işləri görüləcək. Yol əsası hazır olan yerlərə isə növbəti mərhələ çərçivəsində asfalt-beton örtk döşənəcək. Ümumilikdə, yolun 120 min kv.m-dən çox hissəsinə xırda və iri dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtük döşənəcək.

Bundan başqa, yol boyu zəruri olan yerlərdə yolun altından suların ötürülməsi üçün 60 paqon-metr uzunluğunda suötürücü dəmir-beton boruların tikintisi, mövcudların isə təmir olunaraq bərpa edilməsi nəzərdə tutulub.

Layihəyə uyğun olaraq zəruri olan yerlərdə hərəkətin normal təşkili üçün 76 ədəd yol nişanları və məlumatverici lövhələr, 21 ədəd km göstəricisi və 680 ədəd siqnal dirəyi quraşdırılacaq, 63 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yol boyu yaşayan vətəndaşların rayon mərkəzinə gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq. Bununla da sözügedən ərazidə insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının və turizmin inkişafı baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə