Akif Əlizadəyə ADNSU-nun fəxri professoru adı verilib

Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə universitetin fəxri professoru diplomunun təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun, AMEA-nın həqiqi və müxbir üzvlərinin, ADNSU-nun professor-müəllim heyətinin iştirak etdiyi görüşdə universitetin rektoru, professor Mustafa Babanlı giriş nitqi ilə çıxış edib. SİA-nın xəbərinə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadəni Azərbaycanın görkəmli elm xadimi, ölkəmizdə elmi-texniki tərəqqinin və təhsilin hərtərəfli inkişafında əvəzsiz xidmətləri olan təşkilatçı, ensiklopedik təfəkkürə malik olan şəxsiyyət kimi səciyyələndirən rektor M.Babanlı akademikin ADNSU-nun məzunu olmasından bütün ali məktəbin hər bir müəllimi və əməkdaşı ilə yanaşı tələbələrinin də böyük fərəh hissi keçirdiklərini qeyd edib.

Akademik Akif Əlizadənin onun üçün doğma olan tədris ocağı ilə sıx əlaqələr saxladığını qeyd edən rektor M.Babanlı ADNSU-da çalışan əməkdaşların, xüsusilə neftçi və geoloqların, eləcə də elmdə ilk addımlarını atan gənc alimlərin Akif Əlizadənin qayğı və dəstəyini daim hiss etdiklərini bildirib.

Sonra çıxış edən təhsil naziri Ceyhun Bayramov AMEA-nın prezidenti, akademik Akif Əlizadənin Azərbaycanda elmin, o cümlədən geologiya və geofizika elminin inkişafında, həmçinin gənc kadrların formalaşmasında və alim kimi yetişməsində mühüm rol oynadığını qeyd edib. Akademik Akif Əlizadənin respublikanın sabit inkişafını təmin edən neft və qaz, polimetal və filiz, qeyri-metal faydalı qazıntı yataqlarının kəşf olunmasında böyük xidmətləri olduğu söyləyən Ceyhun Bayramov onun keçdiyi şərəfli həyat yolunun hər bir tələbə və gənc alim üçün örnək olduğunu bildirib.

ADNSU-nun professoru, akademik Pərviz Məmmədov, ADNSU-nun nəzdindəki Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun direktoru, professor Elmira Ramazanova çıxış edərək akademik Akif Əlizadənin Azərbaycan elminə verdiyi töhfədən danışıb, onun rəhbərliyi ilə onlarla alimin yetişdiyini qeyd ediblər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə ADNSU-da təhsil aldığı illəri xatırlayaraq bu ali təhsil ocağında müəllimlərin onun üzərində böyük əməyi olduğunu deyib. Akademik haqqında səslənən xoş sözlərə görə təşəkkürünü bildirib. Hazırda Azərbaycanda elm və təhsilin öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu söyləyən AMEA prezidenti müasir dövrdə yüksək intellektli gəncliyin formalaşmasını qarşıda duran vəzifələrdən biri kimi səciyyələndirib. Bu işdə ali məktəblərin üzərinə böyük məsuliyyətin düşdüyünü deyən akademik Akif Əlizadə ADNSU-da təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işləri məmnuniyyət hissi ilə müşahidə etdiyini vurğulayaraq vaxtilə təhsil aldığı ali məktəbin uğurlarına sevindiyini bildirib.

Sonra rektor, professor Mustafa Babanlı AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə ADNSU-nun fəxri professor diplomunu təqdim edib. Həmçinin rektor tələbələrə akademik Akif Əlizadə adına təqaüdün veriləcəyinin də nəzərdə tutulduğunu bildirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə